11 il əvvəlin avantürası – İran girov götürdüyü şairləri casuslarla dəyişmək istəyirdi

Adamı gətirib divara söykəyirlər. Üzbəüzündə 7-8 “Kalaşnikov”lu cəllad durub. Edam ritualına rəhbərlik edəcək Ramiz adlı “Hizbullah”çı bir qədər əvvəl ölümə məhkum edilmiş amerikalı jurnalist-bloqqer Daq Roulensə deyir: “Mən sənin üçün başqa nə edə bilərəm?” Ölümünü gözə alan Daq qara yumor qrafasına xitab edir: “Bilmirəm. Bəlkə gülləkeçirməz jilet təşkil edəsən”…

Sonra güllələr lüləyə yeridilir, silah atəşə hazır vəziyyətə gətirilir, Roulens gözünü yumur, çaxmaq çəkilir, amma atəş açılmır. Məlum olur ki, İran dövləti bu edam səhnəsi ilə amerikalı jurnalisti qorxudaraq, onun MKİ casusu olması barədə etiraf almaq, sonra etiraf videosunu beynəlxalq mediada tirajlamaq istəyir.

Bu, bir adı “Kafir” (“İnfidel”), o biri adı “Qaçırılmış” olan Amerika filminin bir hissəsinin qısa məzmunudur. Filmi əslən iranlı olan Sirus Növrəstə real hadisələrə əsasən çəkib və İranda həbs həyatı yaşayan amerikalılara həsr edib.

“Kafir” filminin qəhrəmanı xaçpərəst mömin olan və bu mövzuda bloq yazan Daq Misir televiziyasında çıxış etdikdən az sonra oteldən oğurlanır, Livana gətirilir, işgəncəyə məruz qoyulur. Orada yeri bəlli olduğundan İrana keçirilir və işgəncə davam edir.

888.JPG (38 KB)

ABŞ dövləti öz vətəndaşını xilas etməyə tələsmir. Ancaq Daqın arvadı ərini xilas etmək üçün İrana gəlir, o da qaçırılma, qarət təhlükəsi qarşısında qalır. Uzun sözün kəsəsi, Daq Roulensin macərası xoş sonluqla bitir, o həbsxanadan və İrandan qaça bilir.

Ancaq hamıya aydındır ki, İranın dövlət və rejim keşikçilərinin əlinə düşən əcnəbilər oradan nəinki asanlıqla, heç çətinliklə də qurtula bilmirlər. Bu üzdən İran zindanlarında N qədər əcnəbi dustaq var və onların tam əksəriyyətini “casusluq” üstə tutublar.

999.JPG (35 KB)

Vaxtilə (1979-80-ci illərdə) amerikalı diplomatları 444 gün girovluqda saxlayan və öz məqsədinə çatana qədər onları azad etməyən dövlət sonralar da girinə keçən əcnəbiləri nə xoşluqla, nə də hansısa təzyiq qarşısında azad etməyib. Etsə də, belə hadisələr çox nadir olub.

Özü də İranda qaydadır: həbs etdikləri əcnəbinin günahının nə olmasından asılı olmayaraq, onları edam cəzası ilə hədələyirlər, mütləq beynəlxalq mediaya belə xəbərlər ötürürlər. Həmin dustaqların mənsub olduqları dövlət bu şantajın qarşısında həyəcanlanaraq, öz vətəndaşlarını xilas etmək üçün əl-ayağa düşür, ya iranlı məmurların ağır şərtlərini qəbul edərək güzəştə gedirlər, ya da ona məhəl qoymur, şantaja boyun əymir və öz vətəndaşlarını İran zindanlarında yiyəsiz buraxırlar.

102722.jpg (36 KB)

Bizim belə gerçəkləri filmlərdə görməyimizə, romanlarda oxumağımıza ehtiyac yoxdur. 2012-ci ilin may ayında biz İrana gedən və orada həbs olunan iki gənc şairimizin – Şəhriyar del Geraninin və Fərid Hüseynin timsalında Daq Roulens hadisəsini bütün dramatik tərəfləri ilə yaşamışıq. Bir ara şairlərin edam ediləcəyi barədə də İrandan xəbərlər gəldi.

O zaman bu şairləri İrana o ölkənin ədəbiyyat xadimləri özləri dəvət etmişdi. Şairlər də dəvəti qəbul edib, şeir oxumağa getmişdilər. Ancaq İrana çatdıqdan bir az sonra onların üstünə “casus” damğası qoyub tutmuşdular. Özlərinin dəvət etdikləri gəncləri. Həyasızlıq və şərləmə açıq-aşkar idi. Ölkədə hər kəsə bəlliydi ki, şairlərin günahı yoxdur. Amma İran əks-kəşfiyyatı torba tikməklə, yalançı sübutlar toplamaqla məşğul olurdu. Onlardan başqa, Xalidə Xalid ad-soyadlı bir araşdırmaçı yazar da İranda eyni motivlərlə həbs olunmuşdu.

00099.jpg (92 KB)

İranın məqsədi “hicab məhbusları” adlanan, bir müddət öncə hansısa məktəbdə bir şagird qızın başından hicabının açılmasını bəhanə edərək ölkəni qarışdırmaq istəyən ekstremistlərin, eləcə də adları mediada “qonşu dövlətlərdən birinə casusluq edən” dindarlar kimi gedən məhbusların azadlığına nail olmaq idi. Mollakratiya rejimi girov götürdüyü şairlərin vasitəsi ilə Azərbaycan dövlətinə təzyiq göstərmək, yazarlarıi həmin şəxslərlə dəyişmək idi.

Bildiyiniz kimi, beynəlxalq praktikada “casus mübadiləsi” deyilən bir şey var. Vaxtilə ABŞ və SSRİ belə əməliyyatlar keçirib, öz ifşa olunmuş casuslarını bir-birilə mübadilə ediblər. İran tərəfi də məhz günahsız şairləri İranın sifarişi ilə iğtişaş törətmək istəyən ekstremistlərlə, ifşa olunmuş casuslarla mübadilə edəcəyini düşünürdü.

Bir də həmin vaxt Bakıda “Eurovision-2012” musiqi yarışması keçirilməliydi və nəyə görəsə İran bu musiqi festivalına, avropalıların Bakıya axışmasına görə çox narahat idi. İrandakı məscidlərdə axundlar moizəyə məhz “Eurovision”u lənətləməklə başlayır, cinsi azlıqların Bakıda parad keçirəcəklərinə dair haray-həşir salırdılar. Norveçdən gələn iranlı jurnalist  Bijən Samamш isə hətta Bakıda bayrağımıza təpik ataraq patriotluq etmək istəmişdi. (O bijəngənin cavabı ölkədən gedərkən aeroportda layiqincə verildi).

49297.jpg (17 KB)

Nəhayət, 3 aydan sonra qızışmış etirazlar soyudu. İran dövlətinin başbilənləri gənc şairlərin həbsinin gərəksiz avantüra olduğunu anladılar və sentyabrın 4-də onları azad etdilər.

Yəni “Kafir” filmini uydurma-filan deyil. Hələ bu film İrandakı rejimin mahiyyətini tam açmayıb. Əsl gerçəyi o ölkənin zindanlarından keçənlər danışa bilər.

Filmdə Roulensi edamla qorxudaraq boynuna casusluq ittihamını qoya bilmirlər, adam sakit şəkildə deyir: “Mən ölümdən qorxmuram”.

Bax, İran rejiminin mahiyyəti budur: o, təkcə region ölkələrini yox, bütün dünyanı qorxudaraq özüylə hesablaşmağa vadar etmək istəyir.

Musavat.com

Gündəm, Vacib

Nəşr edilib: 2023/02/03 12:00

Baxış:52


XƏBƏR LENTİ

2024/06/10 17:59

2024/06/10 17:56

2024/06/06 12:38

2023/02/03 12:00

2024/06/06 12:22

2024/06/06 12:19

2024/06/06 12:15

2024/06/06 11:59

2024/06/06 11:54

2024/06/06 11:44

2024/06/06 11:40

2024/06/04 14:05

2024/06/04 13:58

2024/06/04 13:38

2024/06/04 13:16

2024/06/04 13:05

2024/06/04 12:55

2024/06/04 12:44

2024/06/04 12:33

2024/06/04 12:22

2024/06/04 12:21

2024/06/04 12:12

2024/06/04 12:10

2024/06/04 12:03

2024/06/04 12:02

2024/06/04 11:56

2024/06/04 11:52

2024/06/01 15:14

2024/05/31 16:50

2024/05/31 16:43

2024/05/31 16:35

2024/05/31 16:25

2024/05/31 16:17

2024/05/31 15:41

2024/05/31 15:22

2024/05/31 15:17

2024/05/31 14:56

2024/05/31 14:23

2024/05/31 14:22

2024/05/31 14:20

2024/05/31 14:20

2024/05/31 14:19

2024/05/31 14:18

2024/05/31 14:03

2024/05/31 14:01

2024/05/31 14:00

2024/05/31 13:52

2024/05/31 13:51

2024/05/31 13:50

2024/05/31 13:47