2020-nin səs-küylü boşanmaları və subaylığın daşını atan məşhurları – Fotolar
2020-ci ilin bitməsinə sayılı günlər qalıb. Bu il də şou-biznes nümayəndələri şəxsi həyatları ilə diqqət çəkməyi bacarıblar. Pandemiya səbəbindən mart ayından toyların, el şənliklərinin keçirilməsi qadağan edilsə də, məşhurlar arasında ailə quranlar da oldu, ayrılıb tək qalanlar da…
Musavat.com 2020-ci ildə ailə quran və boşanan məşhurların siyahısını hazırlayıb:
Əməkdar artist Aybəniz Haşımovanın bloqqer qızı Aynişan Quliyeva şəxsi həyatı ilə il boyu gündəmi zəbt edib. O, fevral ayında dəbdəbəli toy ilə fitnes məşqçisi Kənanla ailə qurub. Lakin onların ailə həyatı qısa çəkib.
Tez-tez ayrılıq xəbəri ilə gündəmə gələn cütlük dekabr ayında rəsmi ayrılmaq üçün məhkəməyə müraciət edib.
Toylara qoyulan qadağalardan öncə özünə təmtəraqlı toy edənlərdən biri də bloqqer Mənsur Şərif olub. O, mart ayında nikah masasına oturub.
Müğənni Sevda Yahyayeva da bu il ailə quranlar sırasındadır. Toylara qoyulan qadağa onun həkim Zakir Bayramovla evlənməsinə mane ola bilməyib. Müğənni verilişlərin birində toysuz, rəsmi nikahla ərə getdiyini açıqlayıb.
ATV-nin aparıcısı Fərid Rəsul da toylara qoyulan qadağanın götürülməsini gözləməyən məşhurlardandır. O, sevdiyi xanımla rəsmi nikaha girdiyini sosial şəbəkədən elan edib.
Bu il həyat yoldaşından ayrılan məşhurlar da az deyil.
Müğənni Gülay Zeynallı idmançı həyat yoldaşı Kamil Zeynallı ilə boşanmasını ilk dəfə bu il etiraf edib.
Daha bir etiraf isə illərdir ki, Amerikada yaşayan müğənni İlhamə Qasımovadan gəlib. O, həyat yoldaşından ayrıldığını, hazırda həyatında heç kimin olmadığını açıqlayıb.
2020-ci ilin ən səs-küylü ayrılığı 400 minlik toy xəbərləri ilə gündəmə gələn tanınmış blogger Aysel Şükürova ilə ikinci həyat yoldaşı Oqtay Əhmədov arasında yaşanıb. Aysel Şükürova həyat yoldaşının ona xəyanət etdiyini iddia edərək məhkəməyə müraciət edib. 2017-ci ildə ailə quran Aysel və Oqtayın əkiz oğulları var. Ayselin ilk evliliyindən isə bir oğlan övladı var.
Boşanma xəbərləri ilə gündəmdən düşməyən müğənni Natavan Həbibi və reper Dado Əliyev bu il ayrılan məşhurlar sırasındadır. Dado sosial media hesabında Natavan ilə boşandıqlarını açıqlayıb. Üç il əvvəl ailə quran cütlüyün Zeyn adlı oğlu var.
Xalq artisti Emin Ağalarov bu ilin mayında qızı Afinanın anası Alyona Qavrilova boşanıb. O, ayrılıq xəbərini sosial şəbəkədən elan edib: “Təəssüf ki, hər şey planlaşdırdığımız kimi olmadı. Sənə birlikdə yaşadığımız hər gün üçün və bizim gözəl qızımız Afina üçün minnətdaram. Sən inanılmaz dərəcədə xeyirxah, xüsusi bir insansan. Biz birlikdə çox şey keçmişik və mən sənə böyük hörmət və minnətdarlıq hissi duyuram”.
Daha sonra müğənninin Moskvada Baş Qərargah rəisi Nəcməddin Sadıkovun qızı Fatimə ilə nişanlandığı barədə xəbərlər yayılıb.
Aktyor Cövdət Şükürov həyat yoldaşı Saradan ayrıldığını etiraf edib.

