3 qiymət alan şagirdlərin məktəbdən çıxarılması iddiası ilə bağlı məktəbdən açıqlama
Xətai rayonu T. Bağırov adına 59 nömrəli tam orta məktəbin direktoru Kəmalə Şıxlinskaya 3 (kafi) qiymət alan şagirdləri məktəbdən uzaqlaşdırır.

Bu barədə Bizimyol.info-ya valideynlərdən biri məlumat verib.
Valideyn bildirib ki, direktor məktəbin müsbət imicinin formalaşması üçün bu addımı atıb: “Direktor məktəbin müsbət imicinin formalaşması üçün keyfiyyətli təhsil verməli və tədrisi yüksək səviyyədə təşkil etməlidir. Amma direktor repititoruluq fəaliyyəti ilə məşğul olan məktəbin müəllimlərinin hazırlaşdırmadığı və yüksək qiymət almayan şagirdləri məktəbdən uzaqlaşdırmağa cəhd edir”.
Məsələ ilə bağlı 59 nömrəli məktəbdən Bizimyol.info-ya bildirilib ki, “3” (kafi) qiymət almış şagirdlər məktəbdən uzaqlaşdırılmır, əksinə, tədris prosesində zəif nəticə göstərən şagirdlərin müvafiq fənlər üzrə biliklərinin inkişafı üçün əlavə şərait yaradılır: “Belə ki məktəbdə tədris ili ərzində təlim nəticələri zəif olan VII, VIII, IX sinif şagirdləri üçün müvafiq fənlər üzrə əlavə (ödənişsiz) məşğələlər təşkil edilib. Ödənişsiz məşğələlər təlim nəticələri zəif olan şagirdlərdə təlimə marağı artırmaq, onların bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə yaradılıb. Tədris ilinin əvvəlində VII, VIII, IX sinif şagirdlərinin valideynləri ilə görüş keçirilib və onlar əlavə (ödənişsiz) məşğələlər barədə məlumatlandırılıb.
Keyfiyyətli təhsil verilməsi istiqamətində məktəbdə aparılan işlərə baxmayaraq, tədris ilinin sonunda təəssüf ki, zəif nəticə göstərən şagirdlər də olub.
Yekun qiymətləndirmənin nəticəsində biliyi “2” (qeyri-kafi) qiymətləndirilən şagirdlərin valideynləri ilə məktəb rəhbərliyi görüş keçirmiş, yay tətili ərzində övladlarına verilmiş tapşırıqların yerinə yetirilməsinə ciddi nəzarət etməyi tövsiyə edib. Əks halda həmin şagirdlərin təkrar sinifdə qalmaq ehtimalı valideynlərin diqqətinə çatdırılıb.
“Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında Qaydalar”a əsasən, ümumi təhsil müəssisələrinin I-VIII və X (XI)* sinif şagirdləri təhsil aldıqları sinifdən yuxarı sinfə tədris olunan bütün fənlərdən illik qiymətləri müsbət (“kafi” və daha yüksək) olduğu halda keçirilir; Qaydalara əsasən, 1-3 fəndən “2” qiymət almış V-VIII və X (XI) sinif şagirdlərinə həmin fəndən yay-tədris tapşırığı verilir”.


