87 manata görə ömrünü məhv etdi – Bakıda
Taksi sürücüsünə qarşı quldurluq etməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.
Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq etməkdə təqsirləndirilən Ceyhun Muradovun məhkəməsi keçirilib.
Hakim Eldar Ismayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən C.Muradov 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Ceyhun Muradov 2018-ci il martın 11-də Abşeron rayonunda taksi sürücüsü Əlvan Kərimovu bıçaqla hədələyərək ondan 87 manat almaqda təqsirləndirilir.
Zərərçəkmiş Əlvan Kərimov deyib ki, gecə saatlarında Xırdalan dairəsində müştəri gözləyən zaman Ceyhun Muradov ona yaxınlaşıb. “20 Yanvar”a 5 manata getməyə razılaşıblar.
“Maşına oturdu və sonra yolda məni başqa yerə sürdürdü, həyət evləri olan bir yerə girdik. Maşını tupikə sürdürdü, qabağa yol yox idi, geriyə də dönüb sürmək olmurdu. Maşını bir evin qabağında saxlayıb düşdü, dedi 2 manat ver, evdəkilərə çörək pulu verib qayıdım, yolda pulu xırdalayıb sənə verərəm. Mən də verdim, getdi, gəlib yenə 5 manat istədi, onu da verdim. Üçüncü dəfə də gəlib 5 manat istəyəndə vermədim”- deyən zərərçəkmiş bıçaqla hədələndiyini də bildirib.
Zərərçəkmiş qeyd edib ki, Ceyhun köynəyinin altından bıçaq çıxarıb və “nətər yəni vermirsən?” deyərək onu hədələyib:
Amma Ceyhun bunlarla razılaşmır, deyir ki, taksi sürücüsündən cəmi 5 manat alıb: “Vallah, cəmi 5 manat almışam, bıçaq söhbəti də olmayıb. Mən kimisə “razboy” etmək istəsəm evimə aparardım? Aparıb birbaşa evimin yerini göstərərdim? Ya da ki, pulu alandan sonra çıxıb başqa yerə gedərdim də. Mən özüm ona evimi göstərib dedim, sabah gəl, sənə ikiqat hörmət edəcəm”.
Hadisə zamanı içkili olduğunu deyən Muradov dəymiş zərərin də ödədiyini deyib.

