953 nəfərin panikaya düşərək öldüyü gün – Dəhşətli tarix…
Ağır faciədən 13 il keçir
31 avqust 2005-ci ildə İraqın paytaxtı Bağdadda yerləşən Dəclə çayındakı Al-Aimmah körpüsünün çökməsi nəticəsində 953 nəfərin ölümü ilə nəticələnən dəhşətli hadisə baş verib.
Həmin dövrdə təqribən bir milyon zəvvar toplanaraq, İmam Musa əl-Kazımın türbəsi olan Al-Kadhimiya məscidinə doğru yürüyüşə keçib. Kütlədə gərginlik yüksək səviyyədə idi.
Buna səbəb isə günün erkən saatlarında, Əl-Qaidə terror təşkilatının hücumu nəticəsində 7 nəfər həlak olması və bir o qədər insan ağır yaralanması idi. Məbədin ətrafında, kamikadzelərin olduğuna dair xəbər yayılanda, bir çox zəvvar panikaya qapılıb. Panikaya əsas səbəb isə bir nəfərin kamikadze olduğunu göstərən jest etməsi olub.
Minval.İnfo xəbər verir ki, həyəcanlı kütlə bağlı olan körpüyə axın edib. Qapılara zorla açan zəvvarlar körpüyə doğru irəliləyib. Ağırlığa dözməyən körpü 9 metr yüksəklikdən qırılaraq çaya düşüb. Kütlənin bir qismi beton zəminə düşərək yerindəcə həlak olub, bir qismi isə boğularaq can verib. Körpünün digər qapısından çıxmaq mümkün olmadığı üçün hadisədə həlak olanları çoxu yaşlı, qadın və azyaşlı uşaqlar olub.
Yerli Əhali körpünün hər iki ucunda boğulanları xilas etməyə cəhd göstəriblər. Sünni toplumlarda məscidlərdən yerli əhalini qəzadakı yaralılara kömək etməyə çağırıb. Sünni bir gənc Otman Əli Abdul-Hafez yaralıları xilas edən zaman boğularaq can verib. Hadisədən sonra İraq rəsmiləri onu “Şəhid” adlandırıblar.
İraqda baş nazir İbrahim əl-Cəfəri tərəfindən üç günlük yas elan edilib. İraq prezidenti Cəlal Talabani, bu fəlakətin “ruhlarımızda iz buraxacaq hadisə” olduğunu bildirib. Ölənlərin çoxu Şiə müqəddəs ərazisi Nəcəfdə basdırılıb.
Hadisələr siyasi arenada da öz əksini tapıb. Mütalib Məhəmməd Əli, Səhiyyə Nazirliyinin və Müdafiə Nazirliyinin bölgədə mühafizə güclərinin qənaətbəxş olmadığını bildirərək ittiham edib. Lakin baş nazir nazirliklərin istefa tələbini rədd edib.
Dəhşətli hadisədən sonra qərb mediası ölkənin vətəndaş müharibəsinə sürükləyə biləcəyini deyib. Bununla da ortada olan məzhəb ziddiyyətləri bir az da artıb. Daha sonrada dini məclislərə qatılımların artması bu gərginliyi bir qədər azaldıb.
Emil Nəcəfli
Minval.İnfo


