ABŞ-ın Türkiyə qarşısında iki ağır şərti
“Ankara onların heç birini yerinə yetirməyəcək, ancaq… tərəflər arasında “arxa qapı” diplomatiyası davam edir”
ABŞ administrasiyası Rusiyaya və İrana qarşı ciddi sanksiyalar tətbiq edir. Türkiyə isə NATO üzvü və ABŞ-ın Şərqdəki əsas müttəfiqlərindən biri olsa da, son illərdə bu ölkə ilə Vaşinqton arasında ciddi soyuqluq yaşanır. ABŞ-ın Rusiya və İranla münasibətləri gərginləşdikcə Türkiyə ilə də yeni-yeni problemləri yaranır. Vaşinqton İrandan neft alışına icazə verdiyi 8 ölkəyə qoyulan limiti mayın ikisindən etibarən ləğv edib. Həmin 8 ölkədən biri də Türkiyədir.
Beləliklə, ABŞ Türkiyə qarşısında iki tələb-şərt irəli sürüb. Bir tələbi ondan ibarətdir ki, Türkiyə Rusiyadan S-400 zenit raket komplekslərini almasın. İkinci tələb Türkiyənin İran neftini almaqdan imtinasıdır. Hər iki tələb və şərt Türkiyənin maraqları üçün çox ağır sayıla bilərmi? Türkiyənin bu tələblərə əməl edəcəyi mümkündürmü? Xüsusən İran neftindən imtina etməsi Türkiyə üçün mümkündürmü? ABŞ Türkiyəyə bunun qarşılığında hansısa alternativ təklif edir?
Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, Türkiyə və ABŞ arasında davam edən gərgin siyasi situasiya daha da mürəkkəb xarakter almaqdadır: “Amma iki ölkənin bu kimi çətin sınaqlardan qarşılıqlı anlaşma ilə çıxa biləcəkləri mümkündür. İki ölkə arasında FETÖ məsələsində fikir ayrılıqları və Vaşinqtonun Suriyada PKK-nın qolu olan YPG-yə lojistik və siyasi dəstək verməsi müttəfiqlər arasında uçurum yaradıb. Qeyd edim ki, iki tərəfli rəsmi görüşlərdə öz xətalarının olduğunu qeyd edirlər. Suriyada müharibə başlayanda Türkiyənin ABŞ-dan ”Petriot” zenit raket komplekslərini almaq istəməsi, Vaşinqtonun bu silahları müttəfiqinə verməməsi əlavə gərginliyə yol açaraq, Ankaranın digər alternativ varianta əl atmasına gətirdi. Bu səhvi ABŞ da anlayır. Türkiyənin “Petriot”ların əvəzinə Rusiya ilə S-400 zenit raket komplekslərinin alınması barədə müqavilə imzalaması, yeni ABŞ-Türkiyə gərginliyinə gətirdi. Vaşinqton bəyan edir ki, Türkiyə Rusiyadan həmin silahları alarsa, Türkiyə sanksiyalarla üzləşəcək və birgə proqramda olduqları F-35 yeni nəsil təyyarələri Türkiyəyə verilməyəcək. Artıq Türkiyə Rusiya ilə müqavilə imzalayıb və payızda S-400 Türkiyəyə çatdırılacaq. Əgər Türkiyə Rusiya ilə bu müqavilədən çıxarsa, Rusiya tərəfindən məhkəməyə veriləcək. Eyni zamanda iki ölkə arasında ciddi siyasi problemlərə yol açıla bilər. Ankara bunları bildiyi üçün Rusiya ilə münasibətləri korlamayacaq. Bu da o deməkdir ki, Türkiyə ABŞ-ın şərtini, tələbini yerinə yetirməyəcək”.
Politoloqun sözlərinə görə, ABŞ-ın Ankaraya iki şərt irəli sürməsi Türkiyənin iqtisadiyyatının hədəf alınması deməkdir: “İrandan neft alışına məhdudiyyətin tətbiq olunmasından sonra neft alışı davam edərsə, birbaşa Türkiyə şirkətlərinin də sanksiyalara məruz qalmasına gətirə bilər. Türkiyə İrandan neft almazsa, onun iqtisadiyyatında, sənayesində problemlər yaranacaq. Ona görə də, məncə, Vaşinqtonun bu tələbi də yerinə yetirilməyəcək”.
Bununla belə, həmsöhbətimiz dedi ki, hazırda Vaşinqtonla Ankara arasında “arxa qapı” diplomatiyası davam edir: “ABŞ-ın Suriya üzrə xüsusi elçisi Ceyms Cefri Ankarada oldu. İkitərəfli danışıqlar aparıldı. Trampla Ərdoğan arasında telefon danışığı baş tutdu. Trampın iyulda Türkiyəyə səfəri gözlənilir. Hesab edirəm ki, bu səfərə qədər Türkiyə ilə danışıqlar aparılacaq. Vaşinqton S-400 əvəzinə ”Petriot” sistemlərini verilməsini və İran nefti əvəzinə BƏƏ və Səudiyyə Ərəbistanından, həmçinin İraqdan neft alışını şərt kimi irəli sürüb. İrandan neft və qaz alışı isə Türkiyə üçün ucuz başa gəlir. Bundan əlavə, Türkiyənin neft emalı zavodları İran nefti üçün ixtisaslaşıb. Türkiyə çalışacaq ki, İrandan neft və qaz alışını azaltsın və İraqdan idxal etsin. Bu istiqamətdə Türkiyə və İraq arasında danışıqlar davam edir. ABŞ çalışır ki, Türkiyə kompromisə getsin. İki ölkənin kompromisə getməsi mütləq olacaq. Əgər iyul ayında bu, olmasa müttəfiqlik əlaqələrinə son verilə bilər”.
Politoloq Əhəd Məmmədli isə bildirdi ki, ABŞ-ın istək arzuları çox ola bilər, amma artıq Türkiyə o Türkiyə deyil hər bir istəyi qəbul etsin: “ABŞ Türkiyə ilə münasibətlərini o gərginlik səviyyəsinə gətirib çıxarıb ki, ən azı S-400-lərdən Ankara imtina edən deyil. Çünki burda artıq bir dövlət qürurundan söhbət gedir. ABŞ elə güzəştlər etməlidir ki, Türkiyə bu haqda fikirlərini dəyişsin. Artıq S-400 məsələsində ABŞ-ın Türkiyə ilə razılığa gəldiyi xəbərləri sezməyə başlayıb. Fikrimcə, ABŞ geri çəkiləcək və müxtəlif şərtlər irəli sürməklə Türkiyənin rus raket komplekslərini almasına göz yumacaq. F-35-lər üçün təhlükəsizlik vədini almaqla S-400-lərin Türkiyə tərəfindən Rusiyadan alınmasına ABŞ razılıq verəcək. İrandan neft alınmasına gəldikdə, ABŞ-ın bu tələbi də tamamilə qeyri-qanunidir. Bu məsələdə də Türkiyə geri çəkilmir. Türkiyə regionda İran və Rusiya ilə strateji əməkdaşlıq qurub və bundan imtina etmək fikrindən uzaqdır. Amerikanın istəklərinə görə Türkiyə öz maraqlarından imtina edən deyil. Lakin Amerika da Türkiyə üçün çox vacib tərəfdaşdır. Yaddan çıxartmayaq ki, NATO-da bu ölkələr müttəfiqdir. Düşünürəm ki, İran nefti mövzusunda da bir araya gəlib müzakirə edib razılaşmaq olar. Bu, ABŞ-ın Türkiyəyə nələr verə biləcəyindən asılıdır. Masada PKK-PYD-YPG məsələsi var. Düşünürəm ki, ticarət üçün bol məhsul var. Şimali Suriya, Şimali İraq, FETÖ, PKK, Türkiyəyə qarşı iqtisadi müharibənin dayandırılması və sair mövzularda anlaşıla bilərlər. Top Vaşinqtondadır, Ağ Evin bu topla necə davranmasından asılı olaraq Ankara da uyğun cavab verəcək”.

