ABŞ və İsrail YUNESKO-dan ayrılıb
ABŞ və İsrail BMT-nin YUNESKO adı ilə tanınan təhsil, elm və mədəniyyət təşkilatından ayrıldığını bəyan edib.
Musavat.com-un xarici agentliklərə istinadən verdiyi məlumata görə hər iki dövlətin YUNESKO tərəfindən Fələstinin Əl-Xəlil şəhərindəki “Qədim şəhəri” dünyanın irsi obyektləri siyahısına daxil olunmasına etiraz edərək bu addımı atdığı bildirilir.
Qeyd olunur ki, İsrail bu qərarını hələ keçən il verdiyini açıqlayıb. YUNESKO baş direktoru Odri Azulay tərəfindən verilən açıqlamada təşkilatın hər zaman söz azadlığını müdafiə etdiyini və antisemitizm, habelə irqçilik əleyhinə olduğunu söyləyərək yəhudi dövlətinin bu qərarından təəssüf hissi keçirdiyini bildirib.
İsrailin qəzəbinə səbəb olan hadisə YUNESKO-nun “Əl-Xəlil” qərarını verməklə Fələstini ayrı bir dövlət olaraq göstərməsi olub. İsrailin fikrincə, Fələstin YUNESKO-da tam hüquqlu üzv olaraq yer ala bilməz.
Lakin buna ABŞ-ın da qatılması maraq doğurur. Tramp hökuməti bu il hətta YUNESKO-nun büdcəsinə ödədiyi 80 milyon dollarlıq yardımı da kəsib. Həmin məbləğ təşkilatın ümumi məsrəflərinin 22%-ni təşkil edirdi.
Buna görə də böyük iqtisadi böhranla üzləşən YUNESKO bir çox layihələrini təxirə salmağa məcbur qalıb.

