Ağ Evin Türkiyə siyasətində ikitirəlik – Pompeo nə demək istəyib?
Tofiq Zülfüqarov: “Bu, ABŞ-ın daxili siyasi vəziyyətindən irəli gələn məsələdir”
Amerikanın Türkiyə ilə münasibətləri yenə soyuqlaşıb. Qardaş ölkənin təhlükəsizliyini qorumaq üçün Suriyada hərbi əməliyyatlara start verməsindən sonra Ağ Evin rəsmi Ankaraya qarşı mövqeyi sərtləşib. Bunu ünvanlanan mesajlarda açıq şəkildə görmək mümkündür.
Hətta iş o yerə çatıb ki, bəlkə də ilk dəfə olaraq, ABŞ tərəfdən NATO-dakı müttəfiqi Türkiyəyə qarşı hərbi əməliyyatlara başlanıla biləcəyi barədə fikirlər səslənməyə başlayıb. Özü də bu açıqlamaları ilk dəfə olaraq dövlət katibi Maykl Pompeo dilə gətirib. O bildirib ki, Tramp ehtiyac olduğu halda Türkiyəyə qarşı hərbi hərəkətlərə hazırdır, amma Vaşinqton “dünyada sülh”ə üstünlük verir.
Türkiyənin Özbəkistandakı səfiri Məhmət Sürəyya Ər Pompeonun bu açıqlamasına münasibət bildirərkən yüksək səviyyəli məmurun belə məsuliyyətsiz bir bəyanat verməsinə inanmaq istəmir. O əlavə edib ki, inanmaq üçün Türkiyəyə bu bəyanatın yazılı şəkildə təsdiqi lazımdır.
Səfir deyib: “Düşünürəm ki, burada adi bir insan amili var. Adi tərcümə səhvidir”. Pentaqon rəhbəri Mark Esper isə Türkiyə ilə hərbi münaqişəni istisna edib. Bu barədə “Report” CNN-ə istinadən xəbər verir. “Türkiyə NATO üzrə uzunmüddətli partnyordur. Biz Türkiyə ilə döyüşə hazırlaşmırıq”, – deyə o, CNN telekanalına müsahibəsində bildirib.
Qeyd edək ki, bundan əvvəl də ABŞ-ın müdafiə naziri bildirib ki, NATO Yaxın Şərqdəki müttəfiqi Türkiyəyə qarşı müharibəyə başlamaq niyyətində deyil. “Yaxın Şərqdə NATO üzrə çoxdankı müttəfiqimizə – bizimlə birlikdə Koreyadan Əfqanıstana qədər vuruşmuş Türkiyəyə qarşı müharibəyə başlaya bilmərik. Bizim üçün bu məsələ gündəlikdə deyil”, – Pentaqon başçısı deyib.
Göründüyü kimi, ABŞ-da Türkiyə ilə bağlı münasibətdə ikitirəlik yaranıb. Sanki bir tərəf əməliyyatları istəyir, digər tərəf ya bunu istəmir, ya da riskli hesab edir. Ekspertlər müəmmalı durumu daha çox prezident Donald Trampın idarəçiliyi ilə əlaqələndirirlər.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov məsələni “Yeni Müsavat”a bu cür şərh etdi: “ABŞ-da idarəetmə üslubunda təbii ki, yeniliklər var. Tramp administrasiyasının yenilikləri çoxdur. Belə açıqlamalar da daha çox bu səbəbdən doğur. Bir məsələni qeyd edim ki, ümumi xətti götürsək görürük ki, Amerika Suriyadan qoşunlarını geri çəkmək niyyətində idi. O yerlərdəki ki, ABŞ qoşunları var idi, onlar öz mövqelərini dəyişib, İraqa keçiblər. Bu çoxdan bəyan edilmiş taktiki addım idi. Sadəcə, bu addımı ictimaiyyətə çatdırmaq mənə elə gəlir ki, çətin olub, həm Amerika daxilinə, həm də beynəlxalq aləmə. Bunun arxasında nələrin dayandığını çatdırmaq da olmayıb.
Məhz bu səbəbdən bir-birinə zidd olan bəyanatlar, şərhlər verilir. Yerdə olan vəziyyətə baxanda görürük ki, hamısı, yəni Türkiyə, Rusiya və Rusiya tərəfdən Bəşər Əsəd rejimi sanki eyni rəy əsasında hansısa addımlar atırlar. Hər halda, məndə belə bir təəssürat yaranıb. Sonuncu Soçi danışıqları gətirib ora çıxarıb ki, Rusiya-Türkiyə razılaşmasının nəticəsində hər kəsi qane edən mənzərə yaranıb. Bu mənzərənin nəticəsi ondan ibarətdir ki, İraqda olduğu kimi, Suriyada da kürdlərə öz dövlətlərini yaratmaq imkanı verilmir. Görünən odur ki, bu siyasət nəticəsində belə bir vəziyyət yaranıb. Bəlli olub ki, Türkiyə təhlükəsizlik məsələsini təmin edəcək. Bu addımları həm Rusiya, həm də Əsəd rejimi qəbul edir”.
Sabiq nazir hesab edir ki, Pompeonun dediklərinə cavabı nə Türkiyədə, nə də Suriyada axtarmaq düzgün deyil: “Bunlar daxili siyasətdə yaranan vəziyyətlə bağlı verilən bəyanatlar və ya açıqlamalardır. Diqqət etsəniz, Konqresdə nələrin baş verdiyini görərsiniz. Trampın əleyhinə çıxan qüvvələr Türkiyənin Suriyadakı addımlarını önə çəkərək, Trampa qarşı tənqidi fikirlər səsləndirir, hətta müxtəlif addımlar atmaq istəyirlər. Yəni bu Amerikanın daxili siyasi vəziyyətindən irəli gələn bir məsələdir. Hamı bilir ki, bir ildən sonra prezident seçkiləri olacaq. İndidən proseslərə start verilib. Bizim üçün əsas olan odur ki, Türkiyə bu addımı atarkən regionda daha nüfuzlu, qüdrətli, iradəli bir oyunçuya çevrilib. Bu bizim üçün çox vacib olan məsələdir. Gec-tez yeni mövqe ona imkan verəcək ki, bu və ya digər şəkildə Azərbaycanda olan problemlərə də köməklik göstərilsin. Nədənsə məndə belə bir təəssürat formalaşıb”.

