“Ailəsi dedi ki, nə edibsə, yaxşı edib”- Bakıda arvadını boğub öldürən şəxs
Avadını qisqanclıq zəminində öldürməkdə təqsirləndirilən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb.
Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə qətl törətməkdə təqsirləndirilən Elvin Qəhrəmanlının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən E.Qəhrəmanlı 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
E.Qəhrəmanlı deyib ki, arvadına heç bir xəsarət yetirməyib, eləcə boğub.
“Qarşı tərəf mənimlə əvvəlcə barışıq əldə eləmişdi. Gəlib dedilər ki, nə edibsə, yaxşı edib. Sonra meyiti yumağa aparanda görüblər ki, bədəni kəsilib. Həmin kəsik də ekspertizada olub. Onlar da deyib bəlkə mən eləmişəm. Sonra dedilər ki, qızımızı xüsusi amansızlıqla öldürmüsən. Mənimlə düşmən olduqlarını dedilər. Mən istəyirdim ki, ekspert gəlib burda ifadə versin”- deyə Qəhrəmanlı qeyd edib.
1993-cü il təvəllüdlü Elvin Qəhrəmanlının qətlə yetirdiyi arvadından iki övladı var. Uşaqların birinin 7, digərinin isə 5 yaşı var.
Hadisə bu il yanvarın 22-də Bakının Qaradağ rayonunda baş verib. Rayonun Lökbatan qəsəbəsində Cəlilabad rayon sakini E.Qəhrəmanlı həyat yoldaşı Günel Qəhrəmanlını boğaraq öldürüb.
Qətlin qisqanclıq zəminində törədildiyi bildirilir. Məlumata görə E.Qəhrəmanlı xanımının başqa şəxslə telefonla danışdığını görüb. Daha sonra o, onların arasındakı mesajları oxuyub. Bundan sonra arvadını boğaraq qətlə yetirib.
10-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən E.Qəhrəmanlı həbs edilib. E.Qəhrəmanlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

