Aktyorla direktor arasındakı qalmaqalla bağlı yeni faktlar – Yalanlar, pedofil iddiaları… – VİDEO
Bir müddət öncə qalmaqallı şəkildə Bakı şəhəri, Nizami rayonunda yerləşən 220 nömrəli orta məktəbdən uzaqlaşdırılan müəllim Rövşən Əzizovla bağlı ilginc fakt açıqlanıb.
Minval.info xəbər verir ki, “Yeni Müsavat”ın canlı yayımında məktəbin direktoru Tural Mirzəliyev həmin məktəbdə müəllim işləyən Rövşən Əzizovun 9 yaşlı qıza aşiq olduğunu və onunla ailə qurduğunu deyib.
Direktor adıçəkilən müəllimin bir müddət öncə sosial şəbəkədə yazdığı statusu oxuyub:
“Rövşən Əzizovun yazdığı 1 statusu oxuyacam və özünüz hər şeyi anlayacaqsız. O yazır: “Ölüm barədə düşündüyüm anda o qarşıma çıxdı. O zaman mən yeni müəllim işləyirdm və onun 9 yaşı var idi. İlk gördüyüm gün həyatımda günəş doğdu. Müəllimin 9 yaşlı qıza qarşı vurulmasına hər kəs qarşı çıxdı. Ancaq biz bütün əngəlləri aşdıq və xoşbəxt olduq”.

Direktor daha sonra qeyd edib: “Mənə də maraqlıdır ki, nəyə görə belə hallar gizlədilib”.
Minval.info xəbər verir ki, direktorun iddia etdiyi məsələ bir müddət əvvəl də mətbuatın gündəmində idi. 9 yaşlı uşağa aşiq olması ilə bağlı yazdığı status geniş səs-küy yaratmışdı. Rövşən Əzizov Ermənistanla Azərbaycan arasında dostluq və sülhü təbliğ edən və dərs dediyi uşaqların da iştirak etdiyi video-roliklər hazırlayaraq sosial şəbəkələrdə paylaşması ilə də mətbuatın gündəminə gəlib. Daha sonra bir sıra QHT təmsilçiləri bu şəxsin məktəbdə müəllim işləməsinin yolverilməz olduğunu irəli sürüblər.

Bundan sonra məktəb rəhbərliyi tərəfindən ingilis dili müəllimi Rövşən Əzizovun fəaliyyəti ilə bağlı daxili araşdırma aparılıb. Məlum olub ki, Rövşən Əzizov özünə aid “Facebook” səhifəsində və “Youtube” video şəbəkəsində, özünün yaratdığı “İsrolk” kanalında 220 nömrəli məktəb-liseyin adından dəfələrlə istifadə edərək müxtəlif videolar və yazılar paylaşıb. Lakin həmin paylaşımlarda təhsilə, şagirdlərin mənəvi-psixoloji inkişafına uyğun olmayan fikirlər və səhnələrin yer aldığı müşahidə edilib. Araşdırmadan sonra Rövşən Əzizovun işdən azad olunması barədə əmr verilib.

Bu şəxsin yenidən gündəmə gəlmə səbəbi isə, Tural Mirzəliyevə ağır xəsarət yetirən aktyor Rza Rzayevin həmin şəxsi özü ilə media orqanlarına aparıb, orada qarşı tərəfin əleyhinə danışdırması olub.
Rövşən Əzizov azxəbər.com saytına direktorun iddiası ilə bağlı danışıb. O Tural Mirzəliyevin onun haqqında səsləndirdiyi “9 yaşlı qıza aşiq olub” iddiasına münasibət bildirib: “Bunlar hamısı şərdir, böhtandır. Belə şey olmayıb. Mən yenə də deyirəm ki, əgər belə şey varsa, sən niyə qızını o müəllimin yanına göndərirdin? Onun qızı mənim çəkdiyim videolarda var, “youtube”də də, saytlarda da bu haqda məlumat yayımlanıb. Hansı kişi 9 yaşlı qızını “pedofil” dediyi adamın yanına gətirər?”
Qeyd edək ki, Rövşən Əzizov deyilənləri yalanlasa da yazdığı statusu tapmaq elə də çətin olmadı. R.Əzizov 9 yaşından bəri sevdiyi Sevda Əzizova ilə hazırda evlidir. Onların Davud adlı bir oğulları var. Sevda Əzizova 1995-ci il təvəllüdlüdür.



