“Amerika cənnəti”nin lotereyası

Başqa ölkələrdə bu mövzu nə dərəcədə aktual və önəmlidir, bilmirəm, amma bizdə mühacirət məsələsi həssas mövzulardan biridir. Bu, əsasən ona görədir ki, ayağı yer tutan, pənah apara biləcəyi ünvanı olan, bəzən isə sadəcə cibində yolpulu və vətəndaşlıq pasportu daşıyan onminlərlə adam bu ölkədən qaçmaq istəyir.

Qaçmaq! Sözün əsl mənasında qaçmaq. Onların arasında 5-6 ildən sonra dönüb gəlmək şərti ilə getmək istəyənlər də var, biryolluq getmək, buralara bir daha dönməmək istəyənlər də.

Birincilər üzləşdiyi maddi-mənəvi, iqtisadi-siyasi sıxıntılardan bezar olanlardırsa, ikincilər artıq vətənlərində psixoloji travma almış, bu ölkədən də, onun vətəndaşlarından da bezgin olmuş adamlardır.

Budur, rəsmən yayılan informasiyada göstərilir ki, əcnəbilərə ABŞ-da yaşamaq və işləmək izni verən “Greencard” lotoreyasını almaq istəyənlər arasında Azərbaycan vətəndaşları da artıb.

Hazırda bu niyyətdə olan insanların sayı 80 min nəfər göstərilir.

Bu, hələ təkcə uzaq Amerikaya, okeanın o tayına getmək istəyənlərdir. Onlar təyyarə yolu ilə 12 saatlıq məsafədə yerləşən, əcnəbilərə sığınacağı limitlə, lotereya uduşuyla verən dövlətə pənah aparmaq fikrindədirlər.

Bir də var, avtobusla, qatarla 6-7 saatlıq, təyyarə ilə 2 saatlıq məsafədə olan qonşu dövlətlərə (Rusiya, Ukrayna, Türkiyə, Qazaxıstan) getmək istəyənlər.

Bunların sayı 80 mindən 10 dəfə, hətta 20-30 dəfə çox olar ki, az olmaz.

Hələ burası da var ki, ABŞ-da yaşamaq istəyən 80 min iddiaçının heç də hamısı bu imkanı qazana bilməyəcək, bəxt onlardan çox azının (500-nün) üzünə güləcək.

Ancaq qonşu ölkələrə, xüsusilə də Rusiyaya getmək, orada yaşamaq istəyənlərin çoxu öz niyyətlərində ciddidirlərsə, məqsədlərinə çatacaqlar. Rusiya yolunda maneə çox azdır. Yaşıl pasport, bir az pul, pənah yeri kifayətdir.

Əslində 500 nəfər potensial mühacir də az deyil. Onu da nəzərə alaq ki, bunların çoxu ali təhsilli, ingiliscə bilən, uzaq Amerikada başını saxlaya biləcəyinə inanan, ixtisaslı adamlardır.

Onlara vətənin itkisi kimi baxmaq daha düzgün olar.

Bəlkə də elə insanları mühacirət məsələsinə həssas yanaşdıran başlıca səbəb budur. Fəal, ziyalı, ixtisaslı kadrlar gedir, ölkənin intellektual potensialı, protest elektoratı zəifləyir.

Bir gün nəyə qarşısa etiraz bildirmək lazım olanda, siyasi müxaliflik ruhunu diri saxlamağa ehtiyac yarananda məlum olur ki, “qorxmaz inqilabçılar”ın bir çoxu aradan çıxıblar və yerləri boş qalıb.

Onlardan bəziləri getdikləri yerdə dəyişir, başları öz problemlərinin həllinə qarışır, vətən, ölkə dərd-səri çəkmirlər, bəziləri isə sosial şəbəkə vasitəsilə ölkədə qalanlara öyüd-nəsihət verməklə məşğul olurlar.

Bu isə pis görünür. Ölkədə qalan müxalif düşüncəli şəxslər “mühacir dissidentlər”in “ayağa qalxmaq, mübarizə aparmaq lazımdır” kimi öyüdlərini həzm edə bilmirlər.

Əslində başqa ölkələrdən də insanlar Avropaya, Amerikaya kütləvi şəkildə köç edir, yerləşirlər. Az qala Meksika əhalisinin yarısı öz şimal qonşusunda yaşamaq istəyir. Mərkəzi və Cənubi Amerikada da bu niyyətdə olan milyonlarla insan var.

Uzaq Asiyada, Afrikada, hətta Şərqi Avropada yaşayan yüz minlərlə insan da Qərbi Avropada (Fransa, Almaniya, Belçika, İsveçrə, İngiltərə, Norveç, İsveç, Hollandiya, Danimarka) yaşamaq istəyir.

Bu da ona görədir ki, bu ölkələrdə rifah səviyyəsi yüksəkdir. Həmin ölkələrin vətəndaşları on illərlə çalışıb-vuruşaraq, mübarizə apararaq, öz ölkələrində “cənnətməkan” təbiət və cəmiyyət inşa edib, hər cür hüquq əldə ediblər, indi də firavan yaşayırlar.

Başqa dövlətlərin, ən çox da kasıb, problemli, daxilində münaqişə olan, qonşularıyla müharibə şəraitində yaşayan dövlətlərin sakinləri isə bir addımla o “cənnət”ə daxil olmaq istəyirlər. Çünki hamının daha yaxşı, insan kimi yaşamaq kimi haqqı var.

Elə öz ölkəsinə bu və ya digər səbəbdən bağlı olan, mühacirət etmək imkanı olmayan adamlar da ona görə cırnayırlar ki, bu gedənlər kütləvi şəkildə getməsələr, bəlkə zamanla həmin “cənnət şəraiti”ni öz ölkəmizdə də bərqərar etmək olardı. İndi isə olmayacaq. Kim edəcək? Kim mübarizə aparacaq?

Bir şeyi də bilmək lazımdır ki, hələ “Greencard” qazanaraq, mühacirət etmək, avtomatik olaraq, “Amerika cənnəti”nə düşmək deyil. Orda da elə təxminən burdakı kimi, çalışmaq, işləmək, əziyyət çəkmək lazımdır. Sadəcə, orda quyudan çıxmağa çalışan adamın başından basmırlar, əlindən tuturlar.

Xalid Kazımlı

Xüsusi fikir

Nəşr edilib: 2017/11/28 10:41

Baxış: 355


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06