Anasını təhqir edən polis işdən çıxarıldı – VİDEO
Ötən gün sosial şəbəkələrdə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi əməkdaşı olduğu iddia olunan şəxsin bir qadını təhqir etməsinin kadrları yayılıb.
Minval.info xəbər verir ki, kadrlarda sözügedən şəxs Abbasov Kamran Nadir oğlunun anası olduğu iddia edilən şəxsi təhqir etdiyi evdəki digər şəxslərin isə onlara müdaxilə etdiyi görünür.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, sözügedən polis əməkdaşı işdən çıxarılıb: “Bakı şəhər BPİ-nin Dövlət Yol Polisi İdarəsinin operatoru Kamran Abbasov ailə münaqişəsi zəminində valideynlərinə qarşı yol verdiyi kobud davranışa, işlətdiyi nalayiq ifadələrə, bununla da “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi” ilə müəyyən olunmuş qaydaların tələblərini pozduğuna görə daxili işlər orqanlarında xidmətdən xaric edilib”.

