Arvadı qaçan Dubay şeyxinə daha böyük zərbə
Bu ayın sonundakı məhkəmədə ona bu suallar veriləcək
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) dövlət rəhbəri köməkçisi Şeyx Məhəmməd ibn Rəşid Əl Məktumun arvadı şahzadə Hayanın ərini atdığı və saxlandığı İngiltərənin paytaxtı Londonda qorxu içində yaşadığı iddia edilmişdi.
Musavat.com Türkiyə mediasına istinadən yazır ki, Dubayın milyoner rəhbəri Əl Məktumu heç də gözəl günlər gözləmir. Onun bir başqa arvadından olan 33 yaşındakı qızı Şahzadə Lətifə də keçən il ölkədən qaçmağa çalışarkən saxlanmışdı və bu fakt indi Dubay şeyxinin başını ağrıdacaq.
Amerikanın media qurumu CNN İnternational xəbər verib ki, Əl Məktum 15 illik arvadı Şahzadə Hayaya qarşı İngiltərədə məhkəmə şikayəti verib. İlk proses 22 mayda paytaxt Londonda Ali Məhkəmə Ailə Qurumunda keçirilib. Məhkəmənin növbəti iclaslarl isə 30 və 31 iyul tarixlərində keçiriləcək.
“The Guardian”da yer alan xəbərə görə, Əl Məktum keçən il qaçmağa çalışarkən yaxalanan qızı Şahzadə Lətifəyə qarşı necə davranması barədə istəməsə də, ifadə verəcək. Məhkəmə onu buna məcbur edəcək. “The Guardian”a mövzu barədə məlumat verən mənbələr qeyd ediblər ki, Əl Məktumun şahzadə Lətifəyə davranış forması və bunun faktlarla sübutu məhkəmənin ümumi gedişinə təsir göstərəcək.
Əl Məktumun eyni zamanda Şahzadə Hayadan olan 7 və 11 yaşındakı uşaqlarına münasibəti, onlarla ünsiyyəti də məhkəmənin gedişində araşdırma mövzusu olacaq.
Hayanın vəkili Deyvid Haigh bildirib ki, Lətifə ilə bağlı ifadələr, ümumi vəziyyət uşaqların yenidən BƏƏ-yə göndərilməsinin doğru olmaması barədə sübut kimi qeydə alınacaq. Yaşanan hadisənin eyni zamanda Lətifə üçün də ümidləri təkrarən artıracağı ehtimallar sırasındadır. Yəni, onun da ölkəni tərk etməsi arzusu reallaşa bilər.
Əl Məktumun London mərkəzli vəkillik bürosu Lady Helen Vard of Stevarts tərəfindən təmsil ediləcəyi də verilən xəbərlər sırasındadır. Xatırladaq ki, onun 33 yaşındakı qızı Şahzadə Lətifə 2018-ci ilin fevralında BƏƏ-dən qayıqla qaçmağa çalışmışdı.
Qaçmağa çalışan Lətifənin Hindistan tərəflərdə silahlı qüvvələr tərəfindən saxlandığı bildirilmiş və keçən dekabr ayında ailəsi ilə olduğunu göstərən bir video yayımlanmıışdı. Lətifə yayınladığı bir videoda sarayda həbs həyatı yaşadığını bildirmişdi.
Dünya miqyasında bir çox insan haqları müdafiəçisi Lətifənin öz iradəsinin əksinə olaraq ölkəyə aparıldığını və bunun da bir “qaçırılma” olduğunu iddia etmişdi.
Əl Məktumun arvadı Şahzadə Haya Dubay şeyxinin son illərdə ölkədən qaçma cəhdi edən üçüncü yaxın qohumudur.
Haya İngiltərənin Kensington Palace Gardens bölgəsində Əmirlik ailəsinə aid 85 milyon sterlinq dəyərindəki bir evdə qalır. Ailəyə yaxın qaynaqlar eyni zamanda iddia edir ki, İngiltərənin kral ailəsi ilə yaxın münasibətləri olan şahzadə Haya rəsmi İngiltərəyə sığınma tələbi ilə müraciət edəcək.
Ancaq hadisənin İngiltərə və BƏƏ arasında bir diplomatik problemə çevrilməsi ehtimalı qüvvədədir. Oksford Universiteti məzunu şahzadə Hayanın İngiltərədə qalmaq istəyəcəyi təxmin edilir. Nəzərə almaq lazımdır ki, əmir Məhəmməd ibn Rəşid Əl Məktum İngiltərədən Şahzadə Hayanı geri qaytarmasını istəsə, bu, BƏƏ ilə yaxın münasibətləri olan İngiltərə üçün bir problem yarada bilər. Amma bu ehtimala qarşılıq olaraq, Şahzadə Haya da İngiltərədə Ali Məhkəmə instansiyasına müraciət edəcək.
Bundan başqa, yarış atları və İngiltərədə bir yarış atı ferması da olan Şeyx Məhəmməd İngiltərədəki məşhur Ascot at yarışlarında tez-tez Kraliça 2. Yelizaveta ilə söhbət edərkən görüntülənirdi. Bu isə onların səmimi münasibətləri olmasından xəbər verir.
Hadisənin digər bir beynəlxalq tərəfi isə Ürdündür. Şahzadə Haya Ürdün Kralı Abdullahın ögey bacısıdır. Bundan başqa, BƏƏ-də təxminən 250 min ürdünlü işçi var. Bu işçilər BƏƏ-də qazandıqları pulları ölkələrinə geri göndərirlər.
Musavat.com xatırladır ki, Məktumun bir neçə gün bundan öncə İnstaqram hesabından, müəllifi olduğu bir şeiri paylaşması, həmin şeirdə bir qadının “xəyanətinə uğraması” mənasına gələn misraların yer alması da Hayanın qaçışına bir işarə kimi yozulur.

