AST Telmanın qardaşı nəvəsinin məhkəməsində Aslan İsmayılov da dindirildi
Azərbaycan əsilli yəhidi oliqarx Telman İsmayılovun qardaşı nəvəsi Bakıda həbs edilib. O, dələduzluqda və oğurluqda ittiham edilir.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1986-cı il təvəllüdlü Vüqar Babayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında şahid qismində Nigar Heybətova ifadə verib.
O, zərərçəkmiş Elmar Heybətovanın yoldaşıdır.
Şahid Nigar Heybətova söyləyib ki, həyat yoldaşı “Ferrari” markalı maşınını sataraq ev almaq istəyib. Bununla da Vüqarı tanıyıb:
“Biz “Ferrari”nin 230 min dollara satırdıq. Aşağıda olan mühafizəçi bunu bilirdi. Dedi ki, Vüqar kömək edə bilər. Biz də onu bina sakini kimi tanıyırdıq. Fikirləşdik ki, kənar adam deyil, etibar etmək olar. Biz ona qiyməti dedik.
Birinci dedi ki, bu qiymətə bahadır. Biz isə bundan aşağı qiymətə sata bilməyəcəyimizi dedik. Bir müddət keçəndən sonra özü bizə zəng elədi. Dedi ki, maşını 230 min dollara ala bilər. Mən ona baş etibarnamə verdim. Bizə dedi ki, maşını banka qoyub pul götürəcək. Bir neçə günə həll edəcəyini dedi. Mənə 5 min manat verdi. Maşını qarajdan ona mən verdim.
Amma dediyi kimi olmadı. Bir neçə gün keçsə də pulu vermədi. Sonra yoldaşım danışdı. Dəqiq nə qədər qaytardığını bilmirəm”.
Təqsirləndirilən Vüqar Babayev deyib ki, ümumilikdə zərərçəkmişə 40 min dollar ödəyib.
Suallara cavab verən Nigar Heybətova söyləyib ki, Vüqar onlarla eyni binada ailəsi ilə birlikdə yaşayıb: “Anası, yoldaşı da həmin evdə yaşayırdı. Biz onları hər gün 2-3 dəfə görürdük. Buna görə də etibar edirdik”.
Vüqar Babayev pulun 35 min dollarını zərərçəkmişlərin nümayəndəsi Aslan İsmayılova verdiyini deyib.
Prosesin davamında şahid qismində Aslan İsmayılov da ifadə verib. Deyib ki, zərərçəkmiş Elmar dostunun oğludur:
“Elmarın atası ilə dost olmuşam. Elmar da mənim oğlumla birlikdə oxuyub. Bu söhbəti mənə Elmar danışdı. Dedi ki, şikayət etmək istəyirəm. Mən də ona dedim ki, Vüqarı həbs eləsələr, pul qayıtmayacaq. Dedim ki, mən özüm danışım. Elmardan nömrəsini alıb zəng elədim. Dedim ki, səninlə danışan Aslan İsmayılovdur. Məni tanımadı. Dedim ki, yaxınlarından məni soruş. Sonra maraqlanıb məni yığdı. Dedi ki, görüşək. Anası ilə yanıma gəldi. Dedim ki, səndən şikayət olsa, tutacaqlar. Belə dələduz olmur. Qorxudan qantərə batdı. Yalvar-yaxar elədilər ki, qaytaracaqlar. Birinci 20 min dollar verdi. Sonra dedi ki, Portuqaliyadan pul gələcək. İkinci dəfə dedi ki, 50 min dollar verəcək. Amma 15 min dollar gətirdi. Mən də dedim ki, belə olmaz. Amma Elmarı da razı salırdım ki, şikayət eləməsin. Buna dedim ki, heç olmasa 150 min dolları gətir, mən Elmarı razı salım. Amma pulu ödəmədi. Elmar da dedi ki, şikayət edəcəm. Şikayətdən sonra Vüqarı tutdular”.
Aslan İsmayılov bildirib ki, Vüqardan iki dəfəyə aldığı 20 min dollar və 15 min dolları Nigar Heybətovaya verib.
Aslan İsmayılov barışıq şərtlərini də açıqlayıb. Deyib ki, əgər Vüqar pulun yarısını ödəsə, barışıq verə bilərlər: “Mən söz verirəm ki, Vüqar pulun yarısını ödəsə, qalanı üçün borc müqaviləsi bağlayacağıq. Elmar mənim oğlum kimidir. Bilirəm ki, sözümü yerə salan deyil. Onsuz da Vüqarın içəridə qalması heç nəyi dəyişməyəcək. Amma pulu ödəməməsə, 8-9 il içəridə yatacaq”.
İttihama görə, Vüqar Babayev külli miqdarda dələduzluq edib. O, tanışının 230 min dollarını ələ keçirib. Bundan başqa Vüqar Babayev kirayədə yaşadığı mənzilin əşyalarını oğurlamaqda da ittiham edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 177-ci (oğurluq) maddələri ilə ittiham irəli sürülüb.
Elan olunmuş ittihamla Vüqar Babayev özünü qismən təqsirli bilib.
Deyib ki, oğurluq ittihamı ilə qətiyyən razı deyil.
Vüqar Babayev deyib ki, eyni binada yaşadığı tanışı ondan “Ferrari” almasını xahiş edib. Buna görə də ona 230 min dollar verib. Babayev deyib ki, maşının sənədləşdirilməsində problem olub və bu iş alınmayıb.
Sərbəst ifadə verən Babayev deyib ki, lüks maşın həvəskarı olub. Onun dediyinə görə, ən bahalı maşınları almağa, sürməyə böyük həvəsi olub.
O, “Maseratti”, “Ferrari”, “Mercedes”, BMW və bir çox məşhur avtomobil firmalarının lüks modellərin sahib olduğunu deyib. Maşınların qiyməti isə 200-500 min dollar arasında dəyişib.
Hakim ondan bahalı maşınları necə əldə etməsini, gəlir mənbəyini soruşub.
Babayev heç bir yerdə işləmədiyini, babasının Telman İsmayılovun qardaşı Çingiz olduğunu deyib. Bildirib ki, anası Telman İsmayılovun qardaşı Çingizin qızıdır.
İzahatında Babayev deyib ki, istədiyi maşını alıb və bir neçə il sürüb. Yeni model çıxdıqda isə maşını sataraq yenisi ilə dəyişib. O, lüks avtomobillərini Bakıdakı avtomobil salonlarında satdığını deyib.
Məhkəmədə məlum olub ki, Babayev Bakıda yaşadıqları mənzili də satıb. Daha sonra isə kirayə mənzildə yaşayıb.
İttihamda göstərilir ki, Babayev kirayədə yaşadığı mənzildəki mikrodalğalı sobanı, qabyuyan maşını və televizoru da götürərək satıb.
Amma Babayev bununla razılaşmır. Deyir ki, həmin əşyalar xarab olduğu üçün atıb. Babayevin dedikləri məhkəməyə inandırıcı gəlməyib.
Hakim soruşub ki, xarab olan əşyaları niyə mənzilin yiyəsinə verməyib? Babayev deyib ki, bunu etmək ağlına gəlməyib və xarab olduğu üçün zibilxanaya atıb. O deyib ki, həmin əşyaların yerinə yenisini alacaqmış.
O da məlum olub ki, Babayevin xanımı istintaqda ifadə verən zaman deyib ki, evindən əşyalar aparılıb. Onun sözlərinə görə əşyaları Vüqar Babayev aparıb.
Vüqar Babayev bunu ilk dəfədir eşitdiyini deyib. Bildirib ki, həyat yoldaşının bu cür ifadə verməsindən xəbərsizdir.

