ATƏT-in Seçki Müşahidə Missiyası Rauf Arifoğlu ilə görüşüb: namizəd şikayət edib – FOTO
ATƏT-in Azərbaycanda fəaliyyət göstərən Seçki Müşahidə Missiyası 35 saylı Xətai üçüncü seçki dairəsindən millət vəkilliyinə namizəd Rauf Arifoğlu ilə onun seçki qərargahında görüşüb.
R.Arifoğlu, ATƏT-in 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkiləri üzrə uzunmüddətli müşahidəçiləri Veronik Laser- Fİ və Andreas Şpayzari 35 saylı Xətai üçüncü seçki dairəsində baş verənlərlə bağlı məlumatlandırıb və rəqiblərindən biri tərəfindən ona qarşı aparılan təxribat oyunlarından, qara piardan bəhs edib: “Mən ATƏT-in nümayəndələri ilə görüşdüm, bu dairədə baş verən və məni hədəf götürən təxribatlardan danışdım. Bildirdim ki, rəqiblərimdən biri uzun müddətdir mənə qarşı mənəvi terror, təxribat və pozuculuq fəaliyyəti ilə məşğuldur”.
Namizəd həmçinin rəqibinin Qusar rayonundan onunla eyni ad və soyadı daşıyan bir “dublikat”in dairəyə namizəd kimi gətirilməsindən danışıb, qeyd edib ki, namizədlər siyahısındakı Abbasov soyadlı digər iki namizəd rəqibinin adamlarıdır: “ATƏT nümayəndələrinə izah etdim ki, Abbasovlardan biri mənim siyahıda birinci olmağımın qarşısını almaq üçün gətirilib, digər namizəd isə mənimlə eyni ad və soyadı daşıdığından seçicilərin çaşdırılması üçün məqsədli şəkildə irəli sürülüb. Mənzərəni bütünlüklə ATƏT müşahidəçilərinin diqqətinə çatdırdım. Qeyd etdim ki, dairəyə gəldiyim gündən rəqibimin təxribatçıları tərəfindən təqibə məruz qalıram. Onun rəhbərlik etdiyi partiyanın təmsilçiləri mənə qarşı təxribat həyata keçirirlər”.
R.Arifoğlu əlavə edib ki, artıq bu proseslərdən yorulub, dəfələrlə həm hüquq-mühafizə orqanlarına, həm Mərkəzi Seçki Komissiyasına, həm də Dairə Seçki Komissiyasına şikayət edib. Polisə, MSK-ya, DSK-ya edilən şikayətlərin video və foto görüntülərı ATƏT-in müşahidə missiyasına da təqdim olunub: “Videolarda da əks olunur ki, məlum partiyadan olan qadınlar hər görüşdə mənim seçki kampaniyamı pozmağa təşəbbüs göstərirlər. ATƏT nümayəndələrindən xahiş etdim ki, bununla bağlı qeydlər götürsünlər. Bildirdim ki, rəqibim bu dairədə seçkini pozmaq istəyir. Daha böyük təxribatlara əl ata bilər. Ona görə də, bu dairəni xüsusi nəzarətə götürmələrini israrla xahiş etdim”.
Nərgiz LİFTİYEVA
Foto: Məhəmməd TÜRKMƏN
Musavat.com
![]()


