Avropadakı kimi ölkəmizdə də velosipedlə işə gedib-gələn olacaqmı?
Ərşad Hüseynov: “Velosipedin real nəqliyyat, yerdəyişmə vasitəsi kimi qəbul edilməsi üçün təbliğat işləri görülməlidir”
Artıq ölkəmizdə də yollarda velosiped zolaqları və duracaqları yaradılacaq. Belə ki, prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda bildirilir ki, 2019-2023-cü illərdə avtomobil yollarında və küçə-yol şəbəkəsində velosiped zolaqlarının və duracaqlarının yaradıla biləcəyi ərazilər müəyyən ediləcək, bununla bağlı müvafiq təkliflər hazırlanacaq və tədbirlər görüləcək.
Bundan başqa, kənd təsərrüfatı və texnoloji təyinatlı nəqliyyat vasitələri üçün onların hərəkətinə icazə verilməyən avtomobil yollarında mümkün olan yerlərdə paralel yollar (hərəkət zolaqları) yaradılacaq və ya digər müvafiq tədbirlər görüləcək, eyni istiqamətdə bir hərəkət zolağı olan yolların müvafiq sahələrində astagedən nəqliyyat vasitələrini ötüb keçmək üçün qısa məsafəli əlavə hərəkət zolaqları təşkil olunacaq.
Həmçinin monitorinqlər aparmaqla respublika əhəmiyyətli avtomobil yollarında və avtomagistrallarda avtomobil yollarının örüş-otlaq sahələrindən və heyvandarlıq təsərrüfatlarının geniş yayıldığı ərazilərdən keçən hissələrində təhlükəsizlik qaydalarına uyğun mal-qara keçidlərinin sayının optimallaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, paytaxt Bakıda velosiped zolaqları və duracaqları yaradılması çoxdan gözlənilən və arzuediləndir. Məlum olduğu kimi, əgər bir şəhərdə velosiped yolları yaradılıbsa, deməli, orada tıxac problemi qismən də olsa həllini tapıb, sakinləri daha rahat hərəkət edir, daha çox təmiz hava qəbul edir. Araşdırmalara görə, dünyada istehlak edilən enerjinin və kükürd qazı tullantısının təxminən 25 faizi nəqliyyat sektorunun payına düşür.
Hazırda Avropanın bir çox ölkələrində velosipeddən geniş istifadə olunmaqdadır və nəqliyyatın bu növünə kifayət qədər maraq var. Hətta tez-tez avropalı millət vəkilləri, nazir, nazir müavinlərinin işə velosipedlə gedib-gəlməsi haqda məlumatlara rast gəlirik.
Məlum olur ki, dünyada ən çox niderlandlılar velosipeddən istifadə edir. Belə ki, Niderlandda əhalinin 99,1 faizi velosiped sürür. Danimarkada əhalinin 80,1 faizi, Almaniyada isə 75,8 faizi velosipeddən istifadə edir. Həmçinin bu cür ölkələrdə hər 100-200 metrdən bir velosipedin təkərinə hava vurmaq üçün yerlər var. Həmçinin velosipedlərin ehtiyat hissələrinin, təmirinin geniş təşkili həyata keçirilir.
Azərbaycana gəldikdə isə bu bir faktdır ki, ölkəmizdə hələ də çox az sayda insan velosipedə nəqliyyat vasitəsi kimi yanaşır. Əksəriyyət ondan yalnız idman aləti kimi istifadə edir. Hələ ki, bu günə qədər hansısa vəzifəli şəxsin velosipedlə işə gedib-gəlməsi ilə rastlaşmamışıq.
Bəs, görəsən yaxın gələcəkdə avtomobil yollarında və küçə-yol şəbəkəsində velosiped zolaqlarının və duracaqlarının yaradılması bu vəziyyəti dəyişə biləcəkmi?

Mövzu ilə bağlı ekspert Ərşad Hüseynov “Yeni Müsavat”a danışıb: “Bu məsələ ilə bağlı ciddi işlər görülməlidir. Qeyd etdiyiniz kimi, hazırda ölkəmizdə velosipeddən ya idman aləti, ya da uşaq oyuncağı kimi istifadə edilir. Burada görüləcək işlərdən biri cəmiyyətdə bu düşüncənin dəyişdirilməsi, velosipedin real nəqliyyat, yerdəyişmə vasitəsi kimi qəbul edilməsinə nail olmaqdır. Bunun üçün də təbliğat, təşviqat işləri görülməlidir. Təbliğ olunmalıdır ki, velosipedlə də tam təhlükəsiz olaraq, rahat şəkildə evdən işə və yaxud, işdən evə getmək olar.
Ümumiyyətlə, velosipeddən istifadənin müxtəlif faydaları var. Ən əsası bunu həm ondan istifadə edən şəxs, həm də cəmiyyət üçün faydası var. Belə ki, avtomobillərlə müqayisədə velosiped çox ucuzdur, istismar xərcləri də çox cüzidir, təmir məsələləri də çox asan başa gəlir. Məsələn, çox az hallarda təkərinin təmirinə ehtiyac olur və sairə…
Digər tərəfdən, velosiped sağlamlığa da faydalıdır. Məsələn, velosiped sürərkən xeyli fiziki hərəkət etmiş oluruq. Müasir dövrümüzdə daha çox oturaq həyat tərzi keçirdiyimiz bir vaxtda sağlamlığımızın, fiziki durumumuzun yaxşı inkişaf etməsi üçün çox gözəl bir vasitədir. Yəni evdən-işə və yaxud əksinə hərəkət edərkən, həm də idman etmiş olarıq. Beləliklə, velosiped fizioloji hərəkət ehtiyacını velosiped ödəyə bilir.
Cəmiyyət üçün faydası ondan ibarətdir ki, velosipedin xüsusi gediş yollarına, duracaqlarına ehtiyac yoxdur. Həmçinin ekoloji baxımdan velosiped heç bir şəkildə atmosferi çirkləndirmir, səs salmır. Velosipeddən istifadə edərkən lazım olan məkan, avtomobillər üçün lazım olan məkandan təxminən 7-8, hətta 10 dəfə kiçik olur. Məsələn, bir avtomobilin yer tutduğu məkandan 5-6 velosipedçi eyni zamanda rahat şəkildə istifadə edə bilər.
Yəni velosiped üçün yolların genişlənməsinə, bunun üçün külli-miqdarda vəsaitin xərclənməsinə ehtiyac qalmır. Həmçinin nəqliyyatda velosipeddən istifadə edilərsə, tıxac probleminə də son qoyular.
Bildiyiniz kimi, son illərdə inkişaf etmiş ölkələrdə avtomobilləşmə zirvəyə doğru gedirdi. Buna görə də tədricən avtomobilsiz nəqliyyata keçmək qərarına gəlib, velosiped infrastrukturu yaratdılar. Beləliklə, həmin ölkələrdə kütləvi şəkildə velosipeddən istifadə etməyə başladılar.
Doğrudur, bugünkü dövrdə Bakıda və ölkənin digər regionlarında velosiped üçün infrastruktur, yol yoxdur. Bunun üçün də şəbəkələşmiş velosiped zolaqları yaratmaq lazımdır. Həmçinin yol hərəkəti qaydalarında dəyişikliklər edilməlidir. Velosipedçi ilə avtomobil sürənin və yaxud velosipedçi ilə piyadanın yanaşı hərəkətinin incəlikləri cəmiyyətə çatdırılmalıdır”.


