Aydın Əhmədov: “Bütün dünya erməni vandalizmini görsün, eşitsin…”
Məlum olduğu kimi, martın 31-də Milli Məclisin deputatı Adil Əliyevin təşəbbüsü və Almaniyada fəaliyyət göstərən Azərbaycan Türk Kültür və Dayanışma Dərnəyinin dəstəyi ilə “Yaşasın Cumhuriyyətimiz, yaşasın Azərbaycan-Türkiyə ittifaqı, İlhamla irəli” şüarları altında Almaniyanın Köln şəhərində tədbir keçirilib.
Tədbirdə 31 mart soyqırım qurbanlarının əziz xatirəsi yad edilib,1918-ci ilin tarixi faktlarına bir daha nəzər yetirilib.
Giriş sözü ilə çıxış edən millət vəkili Adil Əliyev Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2018-ci ili Cümhuriyyət ili elan etdiyini diqqətə çatdıraraq Cümhuriyyət tarixindən bəhs edib.A.Əliyev sözügedən tarixin Azərbaycan xalqı üçün qürurverici tarix olduğunu vurğulayıb.
Daha sonra çıxış edən iş adamı Aydın Əhmədov qeyd edib ki, tarixdə çox döyüşlər, müharibələr olub və bu müharibələrin törədilməsinin başlıca səbəbləri əsasən hər hansı bir dövlətin başqa bir dövlətə torpaq iddiası, dünya ağalığı xülyası və sair olub: “Bu müharibələrdən ən dəhşətlisi isə hər hansı bir millətin, xalqın kökünü kəsmək, Yer üzündən silmək məqsədini güdən müharibələr, faciələrdir. 31 mart azərbaycanlıların soyqırımı da bu tarixi faciələrdəndir. Bu soyqırımı Azərbaycan xalqı və dövlətçilik tarixində baş vermiş ən faciəli hadisələrdəndir. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması 20-ci əsrin dəhşətli səhifələrindəndir.
“Böyük Ermənistan” yaratmaq istəyən ermənilər 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə qanlı aksiyalara başlamışdılar. Ermənilər ta Bakıdan başlayaraq öz vəhşiliklərini Azərbaycanın bir sıra kəndlərində də həyata keçiriblər. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib.
Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırıblar. Bu gün yüzilliyini dərin hüznlə qeyd etdiyimiz soyqırımın respublika səviyyəsində keçirilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Biz gənclər Ulu Öndərin siyasətinə sadiqlik nümayiş etdirməli, bu tarixi faciəni nəinki ölkə daxilində gənc nəslə çatdırmalı hətta ölkə hüdudlarından kənara da eşitdirməliyik. Qoy bütün dünya erməni vandalizmini görsün, eşitsin, duysun”.
Daha sonra tədbir çıxışlar ətrafında diskussiya ilə başa çatıb.





