Ayrılmaz müttəfiqlərin arasındakı çat

Müttəfiq ölkələr arasında münasibətlər hər zaman həssas xarakter daşıyır. Adi bir söz, sıradan bir açıqlama, bu və ya digər ölkədə baş verən və hər iki ölkəyə dəxli olan hadisə ikitərəfli münasibətləri gərginləşdirə bilər.
Hazırda elə bir hadisə Rusiya ilə Ermənistan arasında baş verib və münasibətlər xeyli gərginləşib.
Hər kəsə bəllidir ki, Rusiya ən azı 150 ildir ki, erməniləri Qafqaz bölgəsində himayə edir, onlara qədim Azərbaycan torpaqlarında (Göyçə, İrəvan, Zəngəzur, Vedi mahallarında) yoxdan bir dövlət qurub verib.
Bu kiçik və kasıb dövləti öz federal subyektlərindən biri kimi saxlayan Rusiyanın dövlət marağı bundan ibarətdir ki, Türkiyə və İranın bir addımlığında olsun, lazım olanda Ermənistandan forpost, masa kimi istifadə eləsin.
Ermənilər öz başlarının salamatlığı üçün bu roldan məmnundurlar, bilirlər ki, qarışıq bir coğrafiyada olduqlarından və qonşuları ilə zaman-zaman qatı düşmənçilik etdiklərindən xarici himayədar, qoruyucu ağa olmadan yaşaya bilməzlər.
Ancaq onlarda uzun əsrlərdir tərgidə bilmədikləri bir xasiyyət var – şələlərini bellərinə qaldırandan, özlərini güclü görəndən, başqa yerdə daha səxavətli hami tapandan sonra onlara kimlərin kömək etdiyini unudur, “köhnə dost”a arxa çevirir, xəyanət edirlər.
Tarixən belə olub. Ötən əsrin əvvəllərində ermənilər Fransaya və Rusiyaya güvənərək Türkiyəyə arxa çevirib, üstlərinə silah qaldıranda, Osmanlı sultanları tərəfindən onlara verilən bəlağətli “sadiqi-millət” ünvanını da itirdilər, onunla bərabər başqa itkiləri də oldu.
Bu gün ermənilər eyni hərəkəti Rusiyaya qarşı etmək istəyirlər. Artıq bunun əlamətləri var. Ermənistanın Avropa Birliyi ilə yaxınlaşması həmin yola meyllənməsinin göstəricisidir.
Bu da ona görə belədir ki, Ermənistanın ambisiyası böyükdür. Bu dövlət Rusiyanın əliylə Qarabağı Azərbaycandan de-fakto qoparıb, amma de-yure sənədləşdiriməsini, məsələnin birdəfəlik bitməsini istəyir. Rusiya isə bu istiqamətdə heç bir hərəkət etmir.
Ermənilər düşünürlər ki, Rusiya bunu ya qəsdən etmir, ya da gücü çatmır. Hər iki variant ermənilər üçün qeyri-məqbuldur. Ona görə də onlar Rusiya ilə birlikdə əldə etdikləri “nailiyyəti” qoruyub saxlamaq üçün yeni himayədarlara ehtiyac hiss edirlər. Ermənilərin Avropa sevdasının mayasında bu ehtiras durur.
Elə bir çox erməni deputatların Ermənistanın Avrasiya İttifaqından çıxması məsələsini ölkə parlamentinin gündəliyinə salmaq cəhdlərinin arxasında da bu ehtiras durur – Rusiyanı şantaj etmək, Avropanın ağuşuna atılmağa hazır olmaq mesajı vermək.
Rusiyalı politoloqun Ermənistanı əri ola-ola oynaş axtaran zinakar qadına bənzətməsi məhz bu səbəbdən oldu.
Öz millətinin, dövlətinin mənafeyini müttəfiqlərinin maraqlarından üstün tutan, neofaşist qafalı rus intellektləri ürəklərinin dərinliyindəkini dillərinə gətirməkdən çəkinmirlər. Onlar məhz belə düşünürlər, ermənilərin arzu və niyyətlərinin nə olduğunu anlayır və öz təpkilərini ortaya qoyurlar.
İndi bir çox ermənilər İrəvanda od püskürür, öz növbələrində rusları təhqir etmək, sözlə qisas almaq istəyirlər. Bununla belə, onlar fəqindədirlər ki, Rusiya günü bu gün əlini onların kürəyindən çəksə, halları fəna olar. Bunun dərdindən Ermənistan rəhbərliyi donquldana-donquldana məlum təhqiri həzm etmək yolunu tutublar.
Onlar Avropayla cilvələşmək hərəkətinin Rusiyanı əsəbiləşdirəcəyini bilirdilər, bu təhqiri də Kremlin xəbərdarlığı kimi qəbul edirlər. Çünki həmin təhqiri səsləndirən şəxsin bu və ya digər şəkildə Kremlin sözçüsü olduğuna inanırlar.
Hələ ortaya Jirinovski kimisinin birini çıxıb daha sərt şeylər də danışa bilər. Ona görə də ermənilər Rusiyada kükrəməkdə olan anti-Ermənistan kampaniyasını səngitməyə, durdurmağa çalışırlar.
Tarix baxımından bu, epizodik gərginlik ola bilər. Ancaq ermənilər meyllənmiş olduqları yola düzəlsələr, ABŞ-a sığınıb, Avropaya yaxınlaşsalar, onda Rusiyanın əsl sifətini, nə qədər ermənifil və ya ermənifob olduqlarını görəcəklər.
Elə çıxmasın ki, bizim ümidimiz regiondakı bu iki müttəfiq dövlətin bir-birindən ayrılmasınadır. Sadəcə, onu göz önündə tutaq ki, bu ayrılıq Qafqazda vəziyyəti əməlli-başlı dəyişərdi.
Xalid Kazımlı

