Azərbaycan kimi isti ölkələrdə elektrik problemi yaşanırmı?
Bir neçə gündür ölkədə baş verən elektrik kəsintiləri Azərbaycanda ciddi təlatümə səbəb olub.
Kəsintilər nəticəsində əhaliyə həm maddi, həm də mənəvi ziyan vurulub. İnsanların metroda qalması ilə bir çox vətəndaşın halı pisləşdi. Bəzi xəstəxanalarda elektrikin kəsilməsi ilə bu sahədə xidmət də dayandı.
Ölkə başçısı bu problemi aradan qaldırmaq üçün təcili Dövlət Komissiyası yaratdı və hazırda vəziyyətin nəzarət altına alındığı ictimaiyyətə çatdırıldı.
Bir neçə gün öncə isə prezident müşavirə çağırdı və öz iradlarını məmurlara bildirdi: “Bəziləri bunu isti havalarla əlaqələndirir, bizdən isti ölkələr var və belə hadisələr olmur”
Minval.İnfo bu arqumenti əsas götürərək, isti ölkələrdə belə hadisələrin olub-olmaması haqda kiçik bir araşdırma etdi. Həmin araşdırmanı sizlərə təqdim edirik.
“Mərkəzi Asiya ölkələri bizdən daha hazırlıqlıdır”
Bizimlə oxşar keçmişə malik Qazaxıstana nəzər yetirək. Bu ölkədə quru çöl iqlimi hakimdir. İlin soyuq aylarında temperatur mənfi temperaturlara, isti dövründə isə müsbət 30 və 40 dərəcələrə çatır. Ölkə əhalisinin sayı 18 milyona, yəni təqribi bizim iki qatımıza yaxındır. Ancaq burada enerji istehsalına baxsaq Azərbaycanın istehsal etdiyi elektrik enerjisindən 5 dəfəyə yaxın çox istehsal olunduğunu görərik.
Belə ki, Azərbaycanda enerji istehsalına baxsaq (ABŞ Enerji İnformasiya Agentliyi 2015-ci il məlumatlarına əsasən) bütün mənbələrdən enerji istehsalının 23.300 Giqavat/saat olduğu halda Qazaxıstanda bu rəqəmin 100.557 Giqavat/saat olduğunu görərik.
Yəni burdan belə nəticəyə ələ bilərik ki, ölkəmizdə elektrik enerjisi istehsalı düşündüyümüz qədər kifayət deyil.
Başqa bir misal, Mərkəzi Asiya ölkəsi Türkmənistana baxaq. 5.6 milyon əhalisi olan ölkədə elektrik enerjisi istehsalı 21.185 Giqavat/saat təşkil edir. Baxmayaraq ki, məskunlaşma səviyyəsi Azərbaycanın yarısını təşkil edir, enerjisi istehsalı ölkəmizdəki enerji istehsalına yaxındır.
“Kəsintiyə nələr səbəb ola bilər”
İlk olaraq bura texniki nasazıqları aid edə bilərik. Bu texniki nasazılqların yaranmasının əsas səbəblərindən biri də bu sahədə yol verilmiş səhlənkarlıqlar, cihazlarda lazımi qulluqların aparılmamasıdır.
Bundan əlavə ölkənin müxtəlif yerlərində qurulmuş günəş panellərindən gələn enerji həddindən artıq azdır. Elə bu hadisələrdən öncə mediada Qaradağdakı günəş panellərinə dair yayılmış videodan başa düşmək olur ki bu sahədə ciddi səhlənkarlıqlara yol verilir.
Tamerlan

