Azərbaycan yığması ilk qələbəsini qazanıb
Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib.
APA-nın məlumatına görə, milli komanda AVRO-2021-in seçmə mərhələsində ilk ev matçına çıxıb.
Yığma “Dalğa Arena”da Slovakiyanı qəbul edib. Tsiklə Lixtenşteyndəki 0:1 hesablı məğlubiyyətlə başlayan komandamız ilk qələbəsini doğma azarkeşləri önündə qazanıb.
Milan Obradoviçin yetirmələri Barış Ekincierin dublu sayəsində üç xal əldə edib. Milliləşən legioner öncə 7-ci dəqiqədə slovakiyalıları məyus edib. Final fitinə 8 dəqiqə qalmış bərabərlik qolunu buraxan futbolçularımız uzatma dəqiqələrində azarkeşlərini sevindiriblər. Bu dəfə də B.Ekincier fərqlənib – 2:1. Beləliklə, yığma tsikldə ilk qələbəsini əldə edib. Bu, həm də M.Obradoviçin millimizdə ilk rəsmi qələbəsi olub.
Qeyd edək ki, yığmamız sentyabrın 10-da Gürcüstanla görüşəcək. Oyun “Dalğa Arena”da baş tutacaq.
AVRO-2021-in seçmə mərhələsi
2-ci qrup
6 sentyabr
20:30. Azərbaycan – Slovakiya – 2:1
Qollar: Barış Ekincier, 7, 90+3 – Lübomir Tupta, 82
Baş hakim: Deyan Yakimovski (Şimali Makedoniya)
Bakı. “Dalğa Arena” stadionu
| 1 | Gürcüstan | 1 | 1 | 0 | 0 | 4-0 | 3 |
| 2 | Lixtenşteyn | 2 | 1 | 0 | 1 | 1-4 | 3 |
| 3 | Azərbaycan | 2 | 1 | 0 | 1 | 2-2 | 3 |
| 4 | Fransa | 0 | 0 | 0 | 0 | 0-0 | 0 |
| 5 | İsveçrə | 0 | 0 | 0 | 0 | 0-0 | 0 |
| 6 | Slovakiya | 1 | 0 | 0 | 1 | 1-2 | 0 |

