Azərbaycanda postkarantin dövrü nə qədər çəkəcək – deputatdan açıqlama
Fəzail Ağamalı: “Ekspertlərin verdiyi rəyə görə bu proses dünyada 1 ilə qədər davam edə bilər…”
Azərbaycanda bu gün aradan qaldırılması planlaşdırılan xüsusi karantin rejimi, mövcud vəziyyətlə əlaqədar mayın 4-nə qədər uzadıldı. Lakin təkliflər irəli sürülür ki, mayın 4-dən sonra da karatin rejimi birdəfəlik ləğv edilməsin. Mütəxəssislər bildirirlər ki, bu, mərhələli şəkildə həyata keçirilməlidir. Bu barədə çıxışında prezident İlham Əliyev də karantin rejiminin uzadılmasını düzgün addım hesab edərək, aşağıdakıları söyləyib:
“Mən hesab edirəm ki, bu, düzgün addım olacaqdır. Çünki müsbət dinamika hələ ki, ilk təzahürlərini göstərməkdədir. Biz bu dinamikanı dayanıqlı etməliyik. Ona görə hesab edirəm ki, Operativ Qərargah yaxın vaxtlarda bu məsələ ilə bağlı məlumat verəcək. Hesab edirəm ki, karantin rejiminin uzadılması yeganə düzgün qərardır.
Əminəm ki, Azərbaycan xalqı karantinin uzadılmasını düzgün başa düşəcək. Bir daha demək istəyirəm ki, bu, hər birimiz üçün böyük çətinliklər törədir. Ancaq insanların sağlamlığı, həyatı hər şeydən üstündür. Nə qədər lazımdır, dözməliyik. Onu da bildirməliyəm ki, insanların vəziyyətini yaxşılaşdırmaq üçün çox böyük sosial və iqtisadi paket təqdim olunur. Əvvəlki dövrlərdə 1 milyard manat məbləğində dəyərləndirilirdi, ondan sonra 2,5 milyard manat həcmində dəyərləndirilirdi. İndi verdiyim tapşırıqlar nəticəsində bu iqtisadi paket 3 milyard manatı, bəlkə də 3,5 milyard manatı ötəcək. Nə qədər lazımdır, biz bunu edəcəyik. Azərbaycan bütün imkanları səfərbər edib ki, bu vəziyyətdən az itkilərlə çıxsın, insanların həyatını qorusun və postpandemiya dövrünə hazır olsun. Əminəm ki, biz bunu təmin edəcəyik”.
Bəs post-karantin dövrünə hökumət necə hazırlaşır?
Nazirlər Kabineti yanında Operativ Qərargahda verilən açıqlamalardan belə aydın olur ki, hökumət postkarantin dönəminə də ciddi şəkildə hazırlaşır. Mətbuat konfransında çıxışı zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, may ayında yükdaşımalar istisna olmaqla, uçuşların bərpası nəzərdə tutulmur. Eyni zamanda Hikmət Hacıyev də bildirdi ki, xüsusi karnatin rejimindən avtomatik şəkildə çıxmaq olmaz. Bu, mərhələli formada olmalıdır ki, bu barədə də müzakirələr aparılır, qərarlar veriləcək.
Postkarantin dövrünün nə qədər çəkəcəyi və bu proseslərdə hansı addımların atılmalı olduğu barədə Musavat.com-a danışan deputat Fəzail Ağamalı bildirib ki, virusa tutulanların sayı sıfıra ensə də, karnatin rejimini bütövlükdə ləğv etmək çətin olar:
“Çünki Ümümdünya Səhiyyə Təşkilatı da öz tövsiyələrində qeyd edir ki, ölkələrdə virusa yoluxama halları dayansa belə, dərhal karantin rejimini ləğv etmək məqsədəuyğun deyil. Azərbaycanda artıq virusa yoluxma azalan xəttə üzrə gedir. Bu, sıfıra ensə belə məncə, Azərbaycan da karantin rejimini birdən-birə ləğv etməli deyil. Prosesdən tədricən çıxmaq lazımdır. İstənilən halda, xüsusilə də epidemiya şəraitində mövcud vəziyyəti dəyişmək, ondan imtina etmək ciddi fəsadlar törədə bilər. Bu, həm psixoloji, həm də digər baxımdan təhlükəlidir. Ona görə də məhdudiyyətlərdən tədricən imtina etmək əsas şərtdir. Ekspertlərin verdiyi rəyə görə bu proses dünyada 1 ilə qədər çəkə bilər. Əlbəttə ki, bu arqumentlə razılaşıram. Çünki fərqli yanaşmalar və ölkələr var. Hər bir ölkə bu məsələyə Azərbaycan qədər yanaşmır. İndi biz doğrudan da Azərbaycan nümunəsini gördük, bunu ölkə prezidenti bütün dünyaya nümayiş etdirdi. Azərbaycan nümunəsindən bu və ya digər ölkələr istifadə etməkdədir. Dünən Ukraynanın xanım deputatının etirafını da televiziya vasitəsilə izlədim. O, Azərbaycanın təcrübəsindən istifadə etməyə məqsədəuyğun sayır. Həm də söylədi ki, bundan Ukraynada da istifadə edilir. Bəli, biz belə bir nümunəni ortaya qoyduq. Lakin bildiyimiz virusa yoluxma halları bütün dünyada baş verir və Azərbaycan da bu dünyanın bir parçasıdır. Digər tərəfdən virusa yoluxmalar üçün ölkəmiz münbit coğrafi məkandadır. Ona görə normal həyat şəraitinə qayıtmaqda çox ehtiyatlı olmalıyıq. Qonşuluğumuzda yoluxmanın durmadan artdığı İran var. Eyni zamanda yoluxmanın sayı azalmayan qardaş Türkiyə də var ki, bu ölkə ilə də sərhədik. Rusiyada da koronavirusun azalması tendensiyası görünmür”.
Deputat bildirib ki, qərarlar verilən zaman bütün bunlar nəzərə alınmalıdır:
“Digər tərəfdən də Azərbaycan bütün məhdudiyyətləri aradan qaldırarsa, o zaman ölkə əvvəlki həyat şəraitinə qayıdaraq, bura gələn və gedənlərə qadağanı götürməlidir. Bu isə çox təhlükəli ola bilər. Əlbəttə, düşünürəm ki, vaksin tapılana qədər bütün dünya, o cümlədən Azərbaycan müəyyən qadağaların içərisində yer almalıdır”.


