Azərbaycanda uşaqlara da kovid vaksini vurulacaqmı? – Həkimlərdən cavab
Son vaxtlar uşaqlar virusun yayılmasında əsas hərəkətverici qüvvəyə çevrilirlər. Pandemiya başlayandan bu günə kimi uşaqlar xəstəliyin xüsusi daşıyıcıları idi. Yəni onlar virusu yüngül keçirsələr də, xüsusi risk qrupuna daxil olan şəxslərə ötürərək, onların xəstəliyi ağır kemirməsinə hətta ölməsinə səbəb ola bilirlər. Bundan əlavə, mütəxəssislər bildirir ki, uşaqlarda piylənmə, anadangəlmə ürək qüsurları, xroniki ağciyər və böyrək xəstəlikləri koronavirus üçün risklidir. Ona görə də belə uşaqların peyvəndlənməsi tövsiyə olunur.
Bəs Omikronun sürətlənməsi ilə əlaqədar Azərbaycanda da aşağı yaş qruplarının peyvənd olunması gözlənilirmi?
Məsələ ilə bağlı Bakupost.az -a infeksionist Mərdan Əliyev bildirib ki, 12 yaşdan aşağı uşaqların peyvənd olunması üzərində iş gedir:
“Uşaqlar peyvənd olunmalıdır. Pandemiyanın sonuna yaxınlaşsaq da, o demək deyil ki, virus tamamilə bitəcək. Yəni, fərqli alovlanmalar qeydə alınacaq. Uşaqlar arasında hər dəfə payız-qış fəslində yenidən koronavirus yayılacaq. Ona görə də uşaqların peyvənd olunması yaxşı olar. Bir dəfə peyvənd olunmaqla onlarda immun sistemi formalaşacaq və xəstəliyə yoluxmayacaqlar. Yoluxsalar belə, bu kütləvi hal almayacaq və yüngül keçirəcəklər.
Uşaqlar xəstəliyi çox ağır keçirmirlər amma onların xəstələnməsinə, daha sonra valideynlərini yoluxdurmasına səbəb olacaq. Bu da məktəblərin, bağçaların bağlanmasına gətirib çıxara bilər. Vaksinasiya mərhələ-mərhələ həyata keçirilir. Yəni 12 yaşdan yuxarıların peyvənd olunmasına başlanıldı, indi isə 12 yaşdan aşağı uşaqlar üçün iş gedir.
Onların tam təhlükəsizliyi sübut olunandan sonra uşaqlara vurulur. Avropa ölkələrində, 12 yaşdan aşağı uşaqlara peyvənd vurulması artıq başlanılıb. Amma 3-5 yaşında olan bağça uşaqlarına vurulmur. Lakin yaxın zamanlarda planlaşdırılır ki, həmin uşaqlara da vurulsun. Hazırda uşaqlara vurulması üçün “Pfizer” peyvəndinin üzərində iş gedir. Hələki başqa peyvəndlərin çalışmaları aparılmayıb”.
Pediatr Aytən Ziyadova əlavə edib ki, uşaqların peyvənd olunması xəstəliyi daha yüngül keçirməsinə gətirib çıxarır:
“2020-ci ilin yanvar ayından etibarən epidemioloji məlumatlar göstərir ki, Kovid-19 infeksiyası böyüklərdə olduğu kimi, uşaqlarda da müşahidə edilir. Həmçinin bu, virus yüngül simptomatikdən, asimptomatik hala, hətta reanimasiya vəziyyətinə gətirə biləcək virus infeksiyasıdır. Kovid-19 xəstəlik şəkli uşaqlarda böyüklərə nisbətən daha azdır.
Həmçinin xəstəliyin tezliyi böyüklərə nisbətən uşaqlarda 10-20% təşkil edir. Asimptomatik dediyimiz xəstəliyin kliniki əlamətləri olmayan uşaqlarda xəstəliyin keçmə nisbəti təxminən 50-60% təşkil edir. Uşaqlarda klinik təzahürləri olan xəstəlik mənzərəsi əsas xroniki xəstəliyi olanlardır. Yəni, bir yaşa qədər olan körpələr, yeniyetmə yaş qrupu gənclərdə müşahidə olunur. Uşaq bağçalarında əksəriyyəti asimptomatik olsa da, bəzən, bu yaşda olan uşaqlarda daha ciddi xəstəlik keçirmə halları müşahidə edilir. Pandemiyanın ilk günündən bildirdik ki, uşaqlarda “Age 2” reseptorlarının az olması, immun sisteminin daha aktiv olması, onların mümkün müsbət təsirləri ilə izah edilə bilər”.
“Uşaqlarda tətbiq etdiyimiz digər peyvəndlər, onların xəstəliyi daha yüngül keçirməsinə şərait yaradır”, – deyən pediatr bildirib ki, bütün uşaqlar, bu qədər şanslı deyillər:
“Bəzilərində 0.52 % reanimasiyada xəstəlikdən yatış halları olub ki, onların 0.02%-ni isə ölüm təşkil edən hallar da baş verib. Ancaq bunlar nisbi rəqəmlərdir. Uşaqların qorunmasında təbii ki, peyvəndlərin edilməsini məsləhət bilirik. Çünki peyvənd olunmuş uşaqların bu xəstəliyi daha yüngül keçirməsinə gətirib çıxarır. Həmçinin müəyyən yaş qrupunda olan uşaqlar vardır ki, bu gün Azərbaycanda onlara peyvənd vurulmasına icazə verilir. ABŞ-dakı mənbələrə görə isə digər dövrlərə baxanda hazırda uşaqlarda, bu xəstəlik 10-12% artıb.
Xəstəxanaya yerləşdirmək nisbəti isə 4-5% səviyyəsindədir. Uşaqlarda Kovid-19 xəstəliyinin kliniki nəticələrinə baxsaq, görərik ki, virusa yoluxmuş uşaqların 50-60%-də asimptomatikdir. Heç bir kliniki nəticə göstərilmir. Bu, xüsusilə, uşaq bağçası və məktəb yaşlı uşaqlar üçün demək olar. Uşaqlarda Kovid-19-a yoluxmada qızdırma 58% rast gəlinən simptomdur. Xüsusilə 1 yaşa yaxın uşaqlarda özünü göstrərir. Bəzi kliniki əlamətlərdə valideynlər daha diqqətli olmalıdırlar. Bunlar, qabırğarası əzələlərinin dartılması, ağız ətrafında göyərmələrin olması kimi kliniki əlamətlər varsa daha diqqətli olunmalıdırlar”.
A. Ziyadova əlavə edib ki, uşaqlarda Kovid-19 infeksiyasında daha çox burun tıxanıqlığı, qızdırma, boğaz ağrısı, əzələ ağrısı, halsızlıq, udma çətinliyi, dəri səpkiləri, qidadan imtina etmə halları kimi əlamətlərlə özünü büruzə verir:
“Təbii ki, müəyyən xroniki xəstəlikləri olan uşaqlar vardır ki, bunlar risk qrupundadırlar. Ona görə də digər uşaqları qorumaq üçün qızdırmalı olan uşaqların ümumiyyətlə məktəb və bağça müəssisələrinə buraxılmamasını tövsiyə edirik. 3-5 gün kliniki əlamətlərin izlənməsi çox önəmlidir. Sürətli yoluxması ilə seçilən omikron ştammında ümumi izolyasiya müddəti 7 günə kimi azaldılmışdır. Bu, onunla əlaqədardır ki, virusun yoluxma müddəti ilkin 7 günə kimi nəzarətdə saxlanılması vacibdir. Həmçinin valideynlər uşaqların qidalanmasına, yuxu rejiminə, immun sisteminin quruluşuna diqqət etməlidirlər”.

