Azərbaycanın ilk komiksinin müəllifi: “Kütləni belə adamlar formalaşdırır” – FOTOLAR

Bir əsrə yaxın tarixi olan “comics”  sənəti hər hansı hekayənin şəkillər vasitəsilə təsviridir. Gənclər arasında çox sevilən “Yarasa Adam”, “Supermen” kimi filmlər əslində komikslər əsasında çəkilib.

Azərbaycanda bu sahə çox inkişaf etməsə də, bugünkü müsahibimiz Fuad İsayev ilk milli super qəhrəman komiksi olan “Ləkə”ni  yaratmağa nail olub.

Fuadın 18 yaşı var. BDU-nun beynəlxalq münasibətlər fakültəsinin 1-ci kurs tələbəsidir.  Uşaqlıqdan rəsmə olan marağı sonradan onu komiks yazmağa meyilləndirib.  Hazırda Fuad İsayev Azərbaycanda ilk komiks yazarlarından biri hesab olunur.

Minval.info Fuad İsayevlə müsahibəni təqdim edir:

   Komiks yazmaq ideyası necə ağlınıza gəldi?

– Mən komiks yazarlığından öncə, uşaqlığımdan bəri yaxşı bir komiks oxucusuyam. Əslində, incəsənətə rəssamlıqla başlamışam, artıq 12 ildir ki, rəssamlıqla məşğulam. Komiks yazarlığına isə son illərdir, başlamışam, marağım olan bir sahədir və düşündüm ki, niyə də bizdə olmasın.

  Bəs rəssamlıq təhsiliniz var?

– Xeyr, ixtisasım fərqlidir. Mən BDU-nun  beynəlxalq münasibətlər fakültəsinin birinci kursunda oxuyuram. Açıq danışım, bizdə incəsənətin bir çox sahəsi kifayət qədər yaxşı tədris edilmir. Azərbaycan Rəssamlıq Akademiyasında, ya da kurslarında komiks rəssamlığı, ümumiyyətlə, öyrədilmir. Komiksin bir əsrlik tarixi var, dünyanın  incəsənət akademiyalarında bu sahə üzrə təhsil  verilir, amma bizdə bu haqda heç düşünən də yoxdur. Ona görə də marağım olan digər bir sahəni – beynəlxalq münasibətləri oxumağa qərar verdim.

  Hansı komiks yazarlardan təsirlənmisiniz?

– Təsirləndim, deməzdim, amma bəyəndiklərim var, təbii ki. Mənim üçün bir nömrə “Vendetta”nın yazarı Alan Murdur.  Çox dahi yazardır, həqiqətən də… Daha sonra Frank Milleri çox bəyənirəm. “Batmen”in ən yaxşı yazarlarından biridir. Həmçinin DC komiksin yazarlarından biri Qrant Morrisonu çox bəyənirəm.  “Kingsman”nin yazarı Mark Miller də bəyəndiklərimin arasında yer alır.

 “Ləkə” komiksi 3 il ərzində ərsəyə gəlib. Burada şəkillərin çəkilməsi, hekayənin yazılması uzun çəkdi, ya başqa problemlər vardı?

– 3 il ərzində təkcə “Ləkə”nin indi yayımlanmış ilk hissəsi yox, digər 2 hissəni də yazdım, bütünlükdə isə “Ləkə” komiks kainatındakı digər personajların yaradılması da 3 il ərzində tamamlandı.

 “Ləkə”nin davamı – 2 və 3-cü hissələrin nəşri nə zaman üçün nəzərdə tutulub?

– Heç olmasa yarısı satıldıqdan sonra büdcəni bərpa edib, yəqin ki, digər hissələri də satışa çıxararıq.

  Uğursuzluqla nəticələnən “Külək adam” komiksinin yaradıcıları, “gəlir olmadı, tam tərsi ziyana işlədik” kimi bir ifadə səsləndiriblər.  Bəs “Ləkə” necə, ziyana işləmir ki?

– Elə məndə də təxminən vəziyyət belədir.  Hələ ki satışlar heç xərci ödəməyib. Amma onsuz da, gəlir gözləmək absurd olardı. Hər sahədə belədir, nəyinsə təməlini qoyanlar ondan gəlir gözləmirlər.  Mən də həmçinin  ölkəmizdə belə az tanınan  bir sahədə iş görüb, gəlir götürməyi düşünmürdüm.

 Azərbaycanda  çoxu “Yarasa Adama”a , “Spidermen”ə baxır, ancaq bu filmlərin komikslər əsasında çəkildiyindən xəbərləri yoxdur.  Necə düşünürsünüz,  Azərbaycan tamaşaçısını bütün bunlardan xəbərdar etmək üçün hansı addımlar atmaq lazımdır?

– Əlbəttə ki, təbliğat lazımdır. Hələlik bununla bağlı  komiks.az  adlı  “facebook” səhifəsi yaratmışam, amma gələcəkdə saytı  da olacaq. Çalışıram ki, komiksin nə olduğunu, necə yarandığını, komiks dünyasında son yenilikləri istifadəçilərlə bölüşüm. 2-3 əvvəl 1000 nəfər komiks sevən var idisə, indi 6000 insan səhifəni  izləyir. Bizim ölkədə əhalinin sayı az olduğu üçün süzgəcdən keçib gələn komiks pərəstişkarları da azdır.

 Belə bir fikir var ki, komikslər uşaq üçündür. Bu haqda nə düşünürüsünüz? Niyə belə bir düşüncə var?

– Bəli, belə bir düşüncə var. Amma əslində elə deyil.  Və təəssüf ki, komikslərin uşaq üçün olmağı düşüncəsi ancaq bizim ölkəyə xasdır. Təbii ki, uşaq üçün yazılan komikslər də var. Amma bütün komikslər  uşaqlar üçündür demək düzgün deyil. Elə komikslər var ki, içərisində şiddət var, uşaq üçündür demək nə dərəcədə düzdür?  Yaxud Vendetta  uşaq üçündür demək doğrudur sizcə? Orada o qədər ağır, fəlsəfi  fikirlər var. Uşaq beyni bunları qəbul edə bilər sizcə?  Hətta 18+ komikslər də var. Məsələn, mən öz  3-cü komiksimdə 18+ səhnələrə yer verəcəyəm. Düşünürəm ki, bütün bu düşüncələr hamısı bilgisizlikdən yaranır.

  Səhifənizi 6000 insan izləyir, bəs onun neçə faizi ”Ləkə”ni aldı?

– Təəssüf ki, alıcı çox az oldu. Bu da bizim insanlarımızın kitaba olan maraqsızlığından irəli gəlir. Onlar düşünürlər ki, kitaba pul verməyə dəyməz. Kitab almağa pulum yoxdur deyənlərə baxırsan ki, gündəlik o qədər lazımsız şeylərə pul xərcləyirlər ki…

 Siz dediyiniz nümunəni film sahəsinə də şamil etmək olar. İnsanlarımız yeni bir film  çıxarkən gözləyirlər ki,  “Youtube”da  yerləşdirilsin, sonra baxsınlar. Həmçinin kitaba pul verib almaqdansa, pdf oxumağı daha üstün tuturlar. Bəs sizin komiksin elektron forması nəzərdə tutulubmu?

– Əslində elektron versiyası var, amma hələ ki yaymaq fikrim yoxdur. Ola bilsin, rus və ya ingilis dilinə tərcümə edib, xarici saytlarda da yerləşdirdik.

 Ümumiyyətlə, günümüzdə hansı yazıçıları oxuyursunuz?

– Müasir Azərbaycan ədəbiyyatından heç kimi oxumuram, düzü. Düşünmürəm ki, keyfiyyətli nəsə yazırlar. Amma klassiklərdən Mirzə Cəlilin demək olar ki, bütün əsərlərini ,  “Molla Nəsrəddin”  jurnalının bütün  nəşrlərini oxumuşam.

 Gündəmlə aranız necədir? Tez-tez izləyirsiniz gündəmdə olan hadisələri?

– Mən hesab edirəm ki, gündəmlə hamı maraqlanmalıdır. Xüsusi ilə də komiks yazarı daha çox maraqlanmalıdır. Bəzən olur ki, gündəmdəki hər hansısa xırda bir hadisədən də təsirlənib böyük bir əsər ortaya çıxarmaq mümkün olur.

 “Ləkə”nin şəkilləri ağ-qara  üslubda çəkilib  və Ləkə personajının xarakterində də həyatdan bezginlik hiss edilir. Bunlar arasında bir bağlılıq varmı?

– Yox, Ləkənin təbiəti ilə üslubun əlaqəsi yoxdur, mən özüm ağ-qara tərzdə çəkməyi də, belə komikslər oxumağı da sevirəm. Alınsa, 2-ci və 3-cü hissə rəngli çıxacaq, ya da üslubu qorumaq üçün ağ-qara davam edəcəyəm, hələ qərar verə bilməmişəm.

 Ümumiyyətlə, Ləkənin  pessimizmi, həyata biganəliyi haradan qaynaqlanır?

– Əslində deməzdim ki, pessimistdir, daha çox realistdir, elə özüm kimi. Təəssüf ki, cəmiyyətdə pis insanların sayı yaxşılardan daha çoxdur. Yaxşılar da çox vaxt aciz kimi qiymətləndirilir. Pislər isə öz qəddarlıqlarından qidalanırlar. Ləkə də bu cür insanlara qarşı tam barışmaz mövqedədir.

 Ləkə ilə oxşar başqa hansı xüsusiyyətləriniz var?

– Çox oxşarlıqlarımız var, elə üz quruluşumuz da eynidir. (Red-gülür). Son illərdə hər xırda şeydə yazıçıların işinə plagiat damğası vurulur. Bir az da belə bir tənqidlə qarşılaşmamaq üçün  personajı da maksimum özümə bənzətdim. Məni şəxsən tanıyan insanlar da  oxuduqca Ləkədə məni görəcəklər.

 Dəqiq desək, xasiyyətinizdəki hansı oxşarlıqladan danışırsınız?

– Mən də pisliyin davam etməsi ilə razılaşmıram. Məsələn, Yarasa Adamın filmlərində görürük ki, bir manyak və ya qatili tutur, döyür, amma sonra xəstəxanaya aparır, ya da həbsxanaya qoyur. Həmin qatil də xəstəxanadan qaçır,  daha 20 nəfəri öldürür. Mən və mənim qəhrəmanım isə pisləri heç bir halda bağışlamır.

  Viktor Hüqo əsərlərində göstərir ki, pis insanlara qarşı pislik onları daha da qıcıqlandırır, amma ona qarşı nəzakətli olmaq qatilin islahına gətirib çıxarır.

– Mən belə düşünmürəm. Daxildən gələn o kin, pislik etmək arzusu heç vaxt bitmir. Pisliklərlə dolu heç kim öz səhvlərindən nəticə çıxara bilməz. Mənim düşüncəmə görə, daxilən çirkin insanlar əgər pislik etmirsə, səbəbi odur ki, şəraitləri yoxdur. Amma  şərait olan kimi ilk fürsətdə  mahiyyətlərini büruzə verirlər.

 Yazar kimi özünüzü komiksdən başqa daha hansı  sahələrdə sınamağı düşünürsünüz?

– Əslində qısa və tammetrajlı filmlər üçün ssenari də yazıram. Çox istəyərdim ki, “Ləkə”nin də filmi çəkilsin. Amma buna komiksin 3-cü hissəsi  çıxdıqdan sonra satışlarına baxıb qərar verəcəyəm.

Gəlin, etiraf edək ki,  son dövrlər  film sənayemizdə müəyyən irəliləyişlər nəzərə çarpır. Yeni nümayiş olunan filmlərimizdən hansını bəyənirsiniz?

– Açığı, film sektorumuzun hazırkı durumu keçmiş dövrlə müqayisədə çox aşağıdır. Son illərdə komediya filmləri çox çəkilir, bir ifadə də istifadə edirlər ki, kütlə bunu tələb edir. Əslində kütlənin zövqünü də belə adamlar formalaşdırır. Bir müddət komediya filmlərinə fasilə verilsə, dram filmləri istehsal edilsə,  insanlar buna da maraq göstərər. Bu, sadəcə rejissorların və studiyaların asana qaçmağının nəticəsidir. Komediya filmlərini kənara qoysaq, “Pərdə” filmi dünya səviyyəli filmdir. Amma mən kinoteatrda ona baxanda zal bomboş idi, hamı gözləyir ki, “Youtube”-dan baxsın.

  Azərbaycanda da super qəhrəman filmlərinə maraq göstərənlər  az deyil. Necə fikirləşirsiniz, bu istiqamətdə film istehsalı uğurlu  alına bilərmi?

– Hollivud da birdən-birə yaranmayıb. “Ulduz müharibələri” filminin ilk seriyasının 1977-ci ildəki çəkilişində studiya  rejissora etiraz edib bildirirdi ki, Amerikada heç kim fantastika janrını sevmir. Ancaq “Ulduz müharibələri”  770 milyon gəlir gətirdi, hələ də yeni seriyalar çəkilir. Beləliklə, fantastika janrının əsası qoyuldu, biz də ilk addımı atsaq, bəlkə də, bir inqilab ola bilər.

  Son olaraq, komiks oxucularına , komikslə  yenicə tanış olanlara  nə demək istəyərdiniz?

– Oxuculara demək istəyirəm ki, hər zaman yeniliklərə açıq olsunlar. İstər film, istər kitab, istərsə də incəsənətin digər sahələrinə qarşı birmənalı yanaşmasınlar. Yeniliyə heç vaxt sərhəd qoymasınlar, qərəzli yanaşmasınlar. Komikslə maraqlanarkən  əvvəlcə bir açıb baxsınlar, içi ilə tanış olsunlar. Sonra əgər maraq dairələrində deyilsə, oxumasalar da olar.  Amma ən əsas odur ki, “bunu almaq mənasızdır” deyib qərəzli  yanaşmada olmasınlar.

Dəniz Kərimzadə

Leyla Əfqan

Foto: Fərid Özay

Müsahibə

Nəşr edilib: 2018/02/01 13:34

Baxış: 1252


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06