Azərbaycanın yadda qalan trolları – Onlar kimlərdir? – FOTOLAR
Son zamanlar sosial şəbəkələrdə “filankəs hər kəsi trolladı”, “bu profil trolldur” kimi ifadələr işlədilir.
Araşdırmalar göstərib ki, şəbəkələrdə saysız-hesabsız qruplar insanları şəxsi fotoları, yaxınları, eləcə də, çalışdıqları iş yerləri üzərindən lağa qoyur və yaxud verdikləri dezinformasiya ilə cəmiyyətdə çaşqınlıq yaradırlar.
Minval.İnfo xəbər verir ki, trollamaq sosial şəbəkələrdə bir yanlış informasiya yayıb hər kəsi bu mövzu ətrafında toplamağa deyilir. Bəs, bu troll ifadəsi haradan yaranıb?
Trollar Skandinaviya folklorunda mağaralarda yaşayan div və ya cırtdan kimi təsvir edilən çirkin varlıqlardır. Eyni zamanda bir tor atmaqla balıq sürüsünü tutmaq üsulu da trol adlanır.
Beləliklə, deyə bilərik ki, sosial media trolları da monitor arxasında əyləşib ortaya atdığı bir mövzu ilə geniş kütlələri öz toruna salan qəribə insanlardır. Real dünyada insanların gözünün içinə baxaraq yalan danışmaq asan olmasa da, internet blog və ya forumlarında, sosial şəbəkələrdə bir məlumatı inandırıcı formada yazaraq tez bir zamanda yayılmasını təmin etmək mümkündür. Əksəriyyət oxuduğu məlumatın həqiqəti əks etdirib-etdirmədiyi araşdırmağı lazım bilmədiyi üçün səhv informasiyanın daha geniş auditoriyaya çatmasına təkan verir.
Medianı trollayanlar
Media da trolların toruna düşməkdən xilas ola bilmir. Sosial şəbəkələrdə yayılan informasiyaları xəbərə çevirmək ənənəsi xəbər portallarını gülünc vəziyyətə qoya bilir. 2015-ci ildə yumor məqsədli yazılar istehsal edən “Zaytung” adlı türk portalının ateist axund barədə yazdığı informasiyanı ciddi qəbul edərək yayımlayan Azərbaycan mediası gülüş hədəfinə çevrildi.
Azərbaycanlı sosial şəbəkə istifadəçilərini və medianı barmağına dolayan ən böyük troll isə, şübhəsiz, NASA-da təcrübə keçəcəyini elan edən Kənan Əhmədlidir. Hətta Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi bu gənci təbrik etmək məqsədilə “Facebook”da status yazmışdı. K. Əhmədlinin təhsil aldığı Azərbaycan Dillər Universitetində də bu “uğurla” bağlı elan dərc edilmişdi. Ancaq sonda ümumiyyətlə NASA-da azərbaycanlılar üçün təcrübə proqramı olmadığı məlum oldu.

Kənandan sonra isə cəmiyyəti NASA ilə bağlı trollayanlar ordusu yarandı. Aytək Məmmədli NASA-nın təşkil etdiyi beynəlxalq konfransda iştirak etdiyi haqqında sosial mediada paylaşım edib. Lakin konfransda iştirak edənlər arasında bu ada rast gəlinməməsi tezliklə onun yalanını üzə çıxardı. A.Məmmədli özünü haqlı çıxarmağa çalışsa da, sosial şəbəkə istifadəçiləri onun bütün yalanlarını ifşa ediblər.
Digər bir troll nümunəsi isə “Mındar dönər” səhifəsi oldu. Üfunət qoxulu corab aromalı dönər təklif etdiyini deyərək hər kəsi trollayan səhifə hətta “Xəzər xəbər”də də müzakirə edilməyə nail oldu.
Hökumətin trolları
Dövlətlər və siyasətçilər sosial medianın gücünü gec dərk etsələr də, effektiv istifadə edirlər. Hökumətlər də troll profillərdən istifadə edirlər. 100 dostlu bir şəxs bir siyasətçi və ya hökuməti tənqid edərsə, 100 troll rəy gəlir. Troll profillərin məqsədi 100 dostlu şəxsə “həqiqəti” göstərmək deyil – həmin diskussiyanı oxuyan potensial 100 dosta təsir etməkdir.
![]()
Trollar ABŞ və Rusiya başda olmaqla bir çox dövlət tərəfindən istifadə olunur. 2012-ci ildə “Anonymous” xaker qrupunun yaydığı məlumata görə Rusiya hökuməti trollara 600 min rubla qədər maaş verir. Con Snovdenin də ABŞ Milli Təhlükəsizlik Agentliyi haqqında yaydığı məxfi məlumatlarda oxşar tətbiqdən bəhs olunurdu.
Dəniz Kərimzadə
Minval.İnfo




