Azərbaycanla Ermənistan arasında Sülh Müqaviləsi Tiflisdə imzalanacaq?HAZIRLIQ GEDİR!
Azərbaycanla Ermənistan arasında Sülh Müqaviləsi Tiflisdə imzalana bilər.
Musavat.com xəbər verir ki, bu barədə Gürcüstan mediasında yazılar dərc olunur.
Gürcü mediasının iddialarına görə, Sülh Müqaviləsinin imzalanması üçün hazırlıqlara başlanıb.
Bu iddialara Azərbaycan qaynaqlarının da ciddi yanaşması müşahidə olunur. Belə ki, Strateji Tədqiqatlar Mərkəzinin (STM) sözçüsü Əziz Əlibəyli bu versiyanı mümkün sayır və onunla bağlı xüsusi paylaşım edib. Həmin paylaşımın məzmununa baxdıqda, məsələnin ciddiyyəti üzə çıxır.
Eyni zamanda bəlli olur ki, Gürcüstan mediasında gedən müvafiq iddialar Ermənistan informasiya məkanında da trend olmaqdadır.
“Əliyev və Paşinyan Gürcüstanda sülh müqaviləsi imzalayacaqlar, artıq Tiflisdə Azərbaycan və Ermənistan liderlərinin görüşünə və sülh erasının başlanğıcını göstərən sənədin imzalanmasına fəal hazırlıq gedir” – İrəvan mətbuatı məlumat yayıb.
Həmçinin bildirilir ki, bu sənədin imzalanması Ermənistanın Qarabağdan rəsmi və qəti şəkildə imtina etməsi demək olacaq: “İrəvan bu regionun işlərinə heç bir şəkildə qarışmamağı öhdəsinə götürür və yerli erməni əhalisi Ermənistan vətəndaşlığından və maliyyə vəsaitindən məhrum ediləcək”.
Ermənistan mənbələrinin yaydığı xəbərlərə, təbii ki, skeptik yanaşmalıyıq. Lakin həm də diqqətə almalıyıq.
Musavat.com

