Azərbaycanlı vəkil Moskva Duması üzvlüyünə namizəddir – “Geniş düşünməliyik”
Elman Paşayev: “İstəyirik ki, Moskvanın idarəçiliyində şəffaflıq olsun, vəsaitlərin xərclənməsində səmərəlilik önə keçsin”
Rusiyada yaşayan azərbaycanlılar arasında müxtəlif peşələrin sahibləri var: həkimlər, müəllimlər, vəkillər və sair. Onlardan bir çoxu öz sahəsində böyük nüfuz qazanmağa nail olub. Belə soydaşlarımızdan biri də tanınmış vəkil, “Çestno” partiyasının sədr müavini Elman Paşayevdir.
E.Paşayev ötən il məşhur tarixçi, erməni yalanlarını ifşa edən Oleq Kuznetsova qarşı ermənilər tərəfindən qaldırılmış məhkəmə işində tarixçi alimin müdafiəçisi kimi iştirak edib. Onun peşəkarlığı sayəsində ermənilər istəklərinə nail ola bilməyiblər.
Bu günlərdə Azərbaycanda olan E.Pasayev “Yeni Müsavat” media qrupunun ofisində olub. Fürsətdən istifadə edərək, Moskva Şəhər Dumasına seçkilərə qatılan E.Paşayevlə həmsöhbət olduq.
-Elman bəy, Oleq Kuznetsovun müdafiəsinə qoşulmağınız necə oldu: təşəbbüs kimdən gəldi?
– Məndən onu müdafiə etməyimi Azərbaycandakı dostum, vəkil Muxtar Mustafayev və Azərbaycanın Özbəkistandakı səfiri Rza müəllim xahiş etdilər. Mən də onların xahişinə əsasən prosesə qoşuldum.
– Bəzi mənbələr sizin bu prosesə görə həbs olunduğunuzu və Rusiya Vəkillər Kollegiyasının üzvlüyündən çıxarıldığınızı deyirdilər. Yeri gəlmişkən, Kollegiya üzvlüyünə bərpa olunmusunuzmu?
– Xeyr, deməzdim ki, O.Kuznetsov işinə görə həbs olunmuşam. Bu, mənim vəkil kimi fəaliyyətimlə bağlı olan iş idi. Məni təhrik etdilər, millətimlə bağlı təhqirlər səsləndirdilər. Mən də fiziki güc tətbiq etdim və nəticədə 2 aylıq həbs cəzası aldım. Göründüyü kimi, azadlıqdayam, onlar növbəti dəfə uduzdular. Apellyasiya prosesinin sonunu gözləyirəm, Kollegiya üzvlüyü üçün yenidən imtahan verəcəm. Hazırda isə Moskva Şəhər Dumasına namizədliyim verilib, onunla məşğulam. Başım seçkiqabağı hazırlıq işlərinə qarışıb.
– Sizi daha çox qalmaqallı işlərlə gündəmə gələn vəkil kimi tanıyırlar. Bu, nədən irəli gəlir?
– Bilirsiniz, çox təəssüf ki, heç də hamı uduzmağı sakitliklə qarşılamağı bacarmır. Bu, bəlkə sovet təfəkküründən irəli gəlir: kimin çoxlu və vəzifəli qohumları, özünün var-dövləti varsa, elə hesab edir ki, hər şey onun istədiyi kimi olacaq. Buna görə də proseslər onların istədiyi kimi getməyəndə, tutaqki, məhkəmə onların xeyrinə olmayan qərar çıxaranda öz ağrı-acılarını mətbuat vasitəsilə hamıya çatdırmağa başlayırlar. Amma bu, mənim işimdir. Bizim – yəni vəkillərin işi həkimlərin işinə bənzəyir daha çox: müalicədə effektiv nəticə almaq üçün lazımdırsa, yaralı yer amputasiya olunmalıdır. Əks halda, müdafiəsini üzərinə götürdüyün şəxsə qarşı haqsız qərar çıxarıla bilər, peşəkar kimi cəmiyyətdə sənə olan inamı itirərsən. Düşünürəm ki, insanlarda olan bu psixologiyanın dəyişməsi üçün bir neçə onillik müddət keçməlidir. Bu gün yetişməkdə olan gənc nəsil şükürlər olsun ki, tamam fərqli psixologiyadadır.
– Necə oldu ki, Moskva Dumasına namizədliyinizi verdiniz? Bu qərara gəlməyinizə nə səbəb oldu?
– Sağ olsun etibarlı dostlar. Onların məsləhəti və dəstəyi ilə bu addımı atıram. İnşallah ki, uğur qazanarıq.
– Moskvanın idarəçiliyində şəhər Dumasının rolu nə qədərdir? Dumaya üzv olmaqla nələr etmək niyyətindəsiniz?
– Biz istəyirik ki, Moskvanın idarəçiliyində şəffaflıq olsun, vəsaitlərin xərclənməsində səmərəlilik önə keçsin. Moskva şəhərinin büdcəsi 3 trilyon rubldan yuxarıdır. Bu vəsaitlərin necə qeyri-şəffaf xərcləndiyini, hansı yollarla mənimsənildiyini, layihələrin dəyərinin necə şişirdildiyini, nəticədə göstərilən xidmətlərin keyfiyyətinin nə qədər aşağı olduğunu biz yaxşı bilirik. Moskva sakinləri indikindən qat-qat yüksək həyat şəraitinə layiqdilər. Buna görə də biz Duma vasitəsilə şəhər büdcəsinin səmərəli xərclənməsinə, vətəndaşların sosial müdafiəsinin güclənməsinə sərf olunmasına nail olmaq istəyirik.
– Deyirsiniz ki, Rusiya Federasiyasının işlək qanunvericiliyi var. Orada yaşayan ermənilər isə bildirirlər ki, millətlərarası münasibətləri gərginləşdirən fikirlər səsləndirmək Rusiya qanunları ilə qadağan olunub. Siz buna necə baxırsınız?
– Bilirsiniz, kimisə tənqid etmək olar, amma təhqirə heç bir halda yol verilməməlidir. Rusiya demokratik bir ölkədir, tənqidə hansısa məhdudiyyət qoyulmur. Amma təhqirə görə Rusiya qanunvericiliyində məsuliyyət nəzərdə tutulur. Rusiya çoxmillətli ölkədir – 75 millətin nümayəndəsi yaşayır. Onların arasında azərbaycanlılar da var, ermənilər də. Rusiya qanunvericiliyi öz vətəndaşlarının milli mənsubiyyətə görə bölünməsini qadağan edir. Mən deyərdim ki, bizim ən böyük problemimiz düşmənlə ünsiyyətə girə bilməməyimizdir. Biz özümüzə baryer yaratmışıq, ətrafımıza hasar çəkib onun arxasından danışırıq. Bununla nəyə nail olmaq mümkündür? Ünsiyyətdə olmaq, danışmağı bacarmaq lazımdır. Şükür ki, bugünkü gənclik tamam fərqli düşüncədə böyüyür. Xoşumuza gəlsə də, gəlməsə də, biz ermənilərlə qonşuyuq. Bütün qonşularla danışmağı, ünsiyyət qurmağı bacarmalıyıq. Vaxtilə bunu etmədiyimiz üçün bütün bu bəlalar başımıza gəldi. Biz vaxtında danışıb öz haqqımızı dilə gətirməyi, müdafiə etməyi bacarsaydıq, indi bu vəziyyətdə olmazdıq.
– Müştəriləriniz arasında ermənilər də varmı? Müraciət edən ermənilərin də hüquqlarını müdafiə edirsinizmi?
– Əlbəttə, var, olub. Əslən Bakıdan olan erməni general vardı, Azərbaycanı ürəkdən sevirdi. Bakıda böyüyən erməniləri dəfələrlə müdafiə etmişəm. Hətta erməni generalla bağlı prosesdə hakim dedi ki, “bunu da gördük, iki erməni dalaşır, mübahisəni azərbaycanlı həll edir”. Erməni həkimlər var ki, azərbaycanlıları müalicə edirlər. Onlar baxmırlar ki, qarşısındakı hansı millətdəndir – baxırlar ki, müalicəyə ehtiyacı olan xəstədir. Bu, peşə fəaliyyətindən irəli gələn haldır. Nə mənim, nə həkimin haqqı yoxdur ki, müraciət edənlərə milli mənsubiyyətinə görə fərq qoysun.
– Azərbaycana tez-tez gəlirsiniz?
– Əlbəttə, Azərbaycanı çox sevirəm. Bəlkə də burada yaşadığınız üçün sizlər Azərbaycanın nə qədər gözəl, əsl cənnət olduğunu hiss edə bilmirsiniz. Amma mən bura hər gəldiyimdə bunu daha yaxşı hiss edirəm. Çox sevirəm buranı.
– Rusiyada yüz minlərlə azərbaycanlı yaşayır, onların arasında imkanlılar az deyil. Amma nədənsə onların birgə fəaiyyətinə rast gələ bilmirik. Sizcə, niyə azərbaycanlılar Rusiyada birləşə, ümumu məqsədlər üçün birgə fəaliyyət göstərə bilmirlər?
– Qeyd edim ki, ən təşkilatlanmış lobbisi olan ermənilərin də, yəhudilərin də öz aralarında mübahisələri, fikir ayrılıqları olur. Amma milli və dövlət maraqlarına bağlı məsələlərdə dərhal bütün düşmənçilikləri kənara qoyub birləşməyi bacarırlar. Çox təəssüf ki, biz azərbaycanlılarda bu, yoxdur. Bizimkilərin hər biri istəyir ki, rəhbər o olsun. Hamı özünü başçı kimi görür. Heç kimin ağlına gəlmir ki, öz imkanları çərçivəsində birgə fəaliyyətə dəstək versin. Bir təşkilat, birlik yaradılırsa, hamının rəis olması mümkün deyil. Rəhbər postu bir dənədir, ora isə hamının hörmət etdiyi və rəhbərliyi bacarmaq imkanı olan şəxs seçilməlidir. Kimsə varlıdırsa, buyursun, maliyyə dəstəyi versin. “Varlıyamsa, rəhbər mən olmalıyam” prinsipi ilə irəliyə getmək mümkün deyil.
Şükürlər olsun ki, son vaxtlar Rusiyadakı azərbaycanlılar arasında bir canlanma hiss olunur. Bu canlanmada dəyərli insan olan Fuad Abbasovun böyük rolu var.
-Bu günlərdə Moskvada Rusiya Azərbaycanlılarının 1-ci Forumu keçirildi. Sizcə, bu Forumun Rusiyadakı soydaşlarımızın birgə fəaliyyətinin təşkilində hansı rolu olacaq?
– Mən onlara da demişəm ki, fəaliyyəti əvvəlki qaydalar əsasında qursalar, heç bir uğur əldə edə bilməyəcəklər. Yəni rəhbərliyə seçkilər qohumbazlıq, klan prinsipləri əsasında keçiriləcəksə, təşkilat daxilində vəzifə bölgüsü dost-tanış prinsipi üzrə olacaqsa, uğur qazanmaq çox çətin olacaq. Hər kəs öz fəaliyyət imkanlarına uyğun olaraq birgə işə töhfə verməlidir. Ümid edirəm ki, Füzuli (iş adamı Füzuli Məmmədov –red.) yaxşı işləyəcək və nailiyyət əldə edəcək. Mənim məsləhətimə, xidmətimə nə zaman ehtiyac olsa yardım etməyə hazıram.
– Rusiyadakı azərbaycanlılar ilk növbədə hansı məsələlərin həllinə diqqət yetirməlidirlər? Birgə fəaliyyət deyildikdə, adətən erməni lobbisinə qarşı fəaliyyət nəzərdə tutulur…
– Bilirsiniz, yalnız bu məsələni seçərək birləşmək yanlışdır. Məhdud çərçivədə düşünmək zərərlidir. Geniş düşünməli və bütün istiqamətlərdə birgə fəaliyyət göstərməliyik.
– Rusiyada yaşayan varlı azərbaycanlıların problemləri bu və ya başqa şəkildə hamıya məlumdur. Bəs sıravi soydaşlarımızın əsas problemləri hansılardır?
– Sözün həqiqi mənasında, savadsızlıq. İnsanlar ən adi hüquqlarını, Rusiya qanunlarını bilmirlər. Bildikləri yalnız hansısa dost-tanışın köməyi ilə problemini həll etməkdir. Halbuki Rusiya qanunları əsasında öz problemlərini daha rahat və daha az xərclə həll edə bilərlər. Buna görə də Rusiyadakı azərbaycanlıların əsas problemi savadsızlıqdır. Düşünürəm ki, ilk növbədə soydaşlarımız savadlarını artırmağa, yaşadıqları ölkənin qanunlarını öyrənməyə və onlara əməl etməyə çalışmalıdılar.


