“Azərlotereya”nın dəstəyi ilə şəhid övladları üçün “Əmanətə Sədaqət” yay düşərgəsi keçirilib
“Azərlotereya” ASC-nin dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və “Azərbaycan Hava Yolları”nın tərəfdaşlığı ilə tələbə şəhid övladları üçün Türkiyənin Qara dəniz bölgəsində “Əmanətə Sədaqət” yay düşərgəsi təşkil olunub. 12-16 avqustda baş tutmuş yay düşərgəsində yerli və xarici ali təhsil müəssisələrində təhsil alan 21 tələbə şəhid övladı iştirak edib. Onlar düşərgə müddətində karyera planlaması və şəxsi inkişaf, komanda işi və liderlik mövzuları üzrə təlimlərdə iştirak ediblər. Həmçinin Türkiyənin Trabzon, Rize və Artvin bölgələrində yerləşən tarixi və turistik bölgələri ziyarət ediblər.
Qeyd edək ki, “Zəfər” Şəhid Ailələrinə Dəstək İB və “Azərlotereya” ASC-nin birgə həyata keçirdiyi “Əmanətə Sədaqət” layihəsi çərçivəsində ali təhsil müəssisələrində təhsil alan şəhid övladları üçün hər il ənənəvi yay düşərgəsi təşkil olunur. Düşərgənin məqsədi vətən uğrunda canından keçmiş şəhidlərin övladlarının intellektual və emosional inkişafına dəstək olmaq, eləcə də onların yay tətilini daha da maraqlı və səmərəli keçirməsinə şərait yaratmaqdır.
“Azərlotereya” ASC və “Zəfər” Şəhid Ailələrinə Dəstək İB-nin əməkdaşlığı nəticəsində artıq 3 ildir ki, həyata keçirilən sosial layihə ümumilikdə 104 nəfəri əhatə edir. Layihə çərçivəsində Türkiyənin dövlət ali təhsil müəssisələrində təhsil alan şəhid övladlarının təhsil haqqı və yaşayış xərcləri, həmçinin Azərbaycanda ali təhsil alan şəhid övladlarının yaşayış xərcləri qarşılanır.
“Azərlotereya” ASC-nin təqaüd proqramı növbəti illərdə də Azərbaycan və Türkiyənin dövlət universitetlərində ali təhsil almaq istəyən şəhid övladlarına şamil olunacaq.