Azyaşlıya siqaret satışının məsuliyyətini satıcı daşıyır – ŞƏRH
Bizdə 2017-ci ilin dekabr ayından “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun mövcuddur və tütün məmulatlarının istifadəsinə məhdudiyyətlər, digər məsələlər həmin qanunla tənzimlənir.
Təbii ki, 18 yaşına çatmamış şəxslərə siqaret və digər tütün məhsullarının satılması qanunla qadağandır. Amma siqaret almaq üçün şəxsiyyət vəsiqəsini vətəndaşın öz üzərində gəzdirməsi vacib deyil. Burada, sadəcə, məsuliyyət tütün məhsullarını satan satıcının üzərinə qoyulur.
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bəzi ölkələrdə, konkret olaraq Rusiyada qanunvericiliklə siqaret və digər tütün məhsullarının satışı zamanı müştərilərdən, istehlakçılardan şəxsiyyət vəsiqələrinin tələb edilməsinin nəzərdə tutulmasına, o cümlədən, siqaret qutularının üzərində tütün məhsullarının insan orqanizminə zərərinin daha kəskin şəkildə ifadə olunmasına və onların gələcəkdə Azərbaycanın müvafiq qanunlarında əks olunması ehtimalına münasibətini bildirərkən deyib.

