Bəxti gətirən Yuqoslaviya

“Oba yiyəsiz qalanda donuz təpəyə çıxar”
(Azərbaycan ata sözü)
Son günlər Beynəlxalq İnsan Haqları Məhkəməsinin keçmiş Yuqoslaviyada hərbi cinayətlər üzrə hökmləri diqqət mərkəzində oldu. Serb generalı Ratko Mladiç ömürlük həbs cəzası aldı, başqa bir xorvat general isə 20 illik həbs hökmünə dözməyib zəhər içdi. Bunlar insanda ədalətin haçansa qələbə çalacağına az da olsa ümid yaradır. Ermənistan silahlı qüvvələrinin Qarabağda törətdiyi vəhşiliklərin də cəzasız qalmayacağını fikirləşirsən. Hərçənd, ermənilərin elə özləri özlərinə elədiyini başqası eləyə bilməz. Günahsız insanların qanı hesabına, Rusiyanın maşası olmaq sayəsində qazanılan qələbə onsuz da ermənilərin burnundan gəlir, neçə illərdir bir-birini qırırlar. Elə bugünlərdə bir Qarabağ döyüşləri veteranına 6 il həbs cəzası kəsdilər. Təbii, azərbaycanlıları öldürdüyü üçün yox, başqa suçu da varmış.
Qayıdaq Yuqoslaviya hadisələrinin yekununa. Yaxşı məlumdur ki, orda serblərin və xorvatların müsəlman bosniyalılara qarşı, eyni zamanda öz aralarında amansız, vəhşi qırğınlarına NATO son qoymuşdu. Bütün 90-lar boyunca davam edən etnik Balkan münaqişələrini NATO bombardmanları qısa müddətdə, 1999-cu ilin cəmi 3 ayı ərzində bitirdi. Yoxsa kim bilir orda dava nə qədər çəkəcəkdi. İndi Haaqa məhkəməsi qarşısında dayanan cəllad generallar isə bəlkə hərəsi bir dövlətciyin yiyəsiydi.
O dövrü indiki vaxtla müqayisə eləməyin mənası çoxdur. Təsəvvür edin ki, Rusiyada o vaxtlar Yeltsin yox, Putin hakimiyyətdə olaydı. Neft pullarından damara vurmuş rus generaliteti də şişmiş vəziyyətdə olaydı. Yuqoslaviya böhranına o zamanlar ruslar iqtisadi çətinliklər üzündən çox girişə bilmədilər. Bölgənin bir növ xoşbəxtliyi də buna bağlıdır. Çünki rusların qarışdığı böhranlar permanent (davamlı, qalıcı) özəlliyə malikdir. Rus imperiyası yüz illərdir öz hökmranlığını “parçala, hökm sür” siyasəti əsasında aparır. Bütün başqa imperiyalar kimi. Rusların ayağı dəyən yerdə illərlə ot bitmir. Daha doğrusu qırmızı otlar bitir – qanla suvarılmış…
Hazırda bunun tipik örnəyi Suriyadır. Ruslar farslarla birləşib Suriya diktatoru Bəşər Əsədin hakimiyyətini qorudular. Ancaq nəyin bahasına? Bütün Suriyanı xarabazara döndərdilər. Vətəndaş savaşı milyonlarla suriyalını dünya üzünə dərbədər saldı, Suriyanın gələcəyi necə olacaq kimsə bilmir, ancaq bunlar Putin və İran rejimlərinin çox vecinədirmi? Əsas məqsəd suriyalılar deyildi ki. Əsas məqsəd Əsədi qorumaq idi. Bölgədə öz oyuncaq rejimini saxlamaq idi. Bunlara da nail olunmuş kimi görünürlər. Təbrik eləmək olar. Rusiya, İran və Türkiyənin Suriyanın gələcəyi haqda danışıqlarını ironik təbəssümlə izləyirik. Yuqoslaviya camaatına isə bir daha “Bəxtiniz əməllicə gətiribmiş, gedin qurban kəsin” deyirik.
Bizim bəxtimiz isə 90-larda gətirmədi. O qarışıq dövrdə içəridə aparılan hakimiyyət davasının qurbanı olduq və fürsət əldən getdi. Ümumiyyətlə, bizim yaxın tariximiz biabırçı faktlarla doludur, adam qaldırıb baxmağa da utanır. Misal üçün, 70 il biz paytaxtımızda və regionumuzda erməni cəlladı Stepan Şaumyanın adına 2 rayon qoymuşuq. Şaumyanın adı hər yerdə qabağına çıxırdı. Doğrudanmı 7 milyonluq bir millətin içində kimsə tapılmayıb ki, desin: “Siz neyləyirsiniz adə? Axı bu Şaumyan köpəyoğlu 1918-ci ilin 31 martında azərbaycanlıların soyqırımına birbaşa rəhbərlik eləmişdi! Heç olmazsa insaf edin, başqa erməniyə heykəl qoyun, adını yaşadın. Bu ki açıq-aşkar bizi ələ salmaqdır”. Ələ salıblar. Bəli. Bunun başqa adı yoxdur.
İndi də o şaumyansevərlər, ruspərəstlər, daşnaksütyun partiyasının fəalları müxtəlif kürsülərimizdə oturub bizə baxıb gülürlər. “Fəryad” kinosunda Məlik Dadaşovun yaratdığı erməni komandir obrazının əsirə verdiyi göz dağı kimi: “Bu gün Xocalını aldıq… Artıq Kəlbəcər də bizimdir… Şuşa da bizimdir… Ağdam da bizimdir…”
Məncə onlar bizi ələ salmaqda haqlıdırlar. Bax epiqraf verdiyim el misalına.

