Bakı avtobusunda sərnişinin “kreativliyi” onu öldürə bilərdi – Qurum müraciət etdi (FOTO)
Son zamanlarda ictimai nəqliyyat vasitələri ilə bağlı müxtəlif məsələlər medianın gündəminə düşür.
Minval.info xəbər verir ki, bu, daha çox avtobuslarda sərnişinlə sürücünün sözünün bir-birinin “boğazından keçməməsi” ilə bağlı olsa da, nəqliyyat vasitələrinin təmizliyi, nizam-intizam qaydaları, sərnişinlər arasında söz-söhbətlə əlaqədar məsələlər də sosial şəbəkələrdə insanlar tərəfindən birmənalı qarşılanmır. Dünən Bakıdakı avtobusların birində çəkilmiş görüntü sosial mediada fikir müxtəlifliyinə səbəb olub.
Belə ki, sərnişinlərdən biri kənardan aldığı oturacağı avtobusda təknəfərlik nəzərdə tutulmuş sıraya qoyaraq əyləşib. Nəzərə alsaq ki, bu, həm sərnişinin özü, həm də digər sərnişinlərin həyatı üçün təhlükəli məqamdır. Digər məsələ belə bir hala sürücünün necə yol verməsidir.
Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayevdən məsələ ilə bağlı münasibət öyrənməyə çalışdıq.
O, “Avtobusda sərnişinlər üçün lazım olan qədər oturacaqlar qoyulub. Hansısa sərnişinin kənardan heç bir texniki təhlükəsizlik qaydalarını nəzərə almadan oturacaq gətirib orada əyləşməsi qəbul olunmaz haldır. Bu zaman sürücünün tam hüququ var ki, həmin sərnişinə öz iradını bildirsin. Çünki sürücü yolda hər hansısa manevr, sərt dönmə əməliyyatı edə bilər. Və bu da o şəkildə oturan sərnişinin və digər sərnişinlərin həyatı üçün təhlükədir” – deyə bildirib.
M.Ağayev bildirib ki, ümumiyyətlə, bu cür əşyaların sərnişin avtobuslarında daşınması ilə bağlı da xüsusi qaydalar mövcuddur:
“Onlar elə qablaşdırılmalıdır ki, avtobusdakı digər sərnişinlərin narazılığına səbəb olmamamlıdır”.
Mais Ağayev həmçinin qeyd edib ki, əgər bu görüntü şəkil yox, video olsaydı, o zaman sərnişinin avtobus hərəkətdə olduğu zaman bu formada oturub-oturmamasını dəqiqləşdirə bilərdik. Yalnız bu halda sürücü ilə bağlı hər hansısa bir məsələ qaldırmaq olardı.
Lakin qurum sözçüsü avtobusun aid olduğu daşıyıcı şirkətə məsələ ilə bağlı xəbər verildiyini, bununla bağlı sürücüyə ciddi irad tutulmasa da, yenidən sürücülərə bu haqda təlimat veriləcəyi bildirilib.
Qeyd edək ki, bu hal avtobuslarda bir neçə dəfə yaşanıb.
Məleykə Ağasoy
Minval.info


