Bakı küçələrinin həll olunmayan problemi – yol problemi öz həllini tapmır (FOTO/VİDEO)
Yağış yağan zaman gizlədilmiş “çay”larımızın ortaya çıxması artıq heç bir Bakı sakinini təəccübləndirmir. Çünki Bakıda yolların, kanalizasiya sistemlərinin böyük hissəsi bərbad haldadır.
Yaşayış var, kommunallar ödənilir, amma xidmət yoxdur. Yağış yağır, küçələr su içində… Bu problemi Bakının demək olar ki, hər yerində görmək olur. Etiraz edilir, 2-3 gün danışlır, su quruyur, “çay” növbəti yağışa qədər gizlənir…
Bu dəfəki yazımız da oxşar problem barəsindədir. Söhbət Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mirzə Abdin küçəsindən gedir. Küçənin bərbad vəziyyətdə olması sakinləri ciddi şəkildə narahat edir.
Yol kənarında su ötürücülərinin olmaması səbəbindən yağış suları yolun üst qatını yuyaraq geniş çalalar əmələ gətirir və bu da qəsəbə sakinlərinin şəhər mərkəzinə, şagirdlərin isə əsasən, payız-qış aylarında məktəbə getməsinə, xəstə olanda qəsəbəyə çağırılan təcili yardım maşınlarının gəlməsinə, həmçinin fövqəladə hallarda çətinliklər yaradır. Yağmurlu havada məhəllə və evləri su basır, insanlar gəzməkdə çətinlik çəkir, maşınlar isə hərəkət edə bilmir.
Vəziyyətdən çıxmaq üçün qəsəbə sakinləri imkan daxilində vəsait toplayıb yolları düzəldirsələr də, bu, problemin kökdən həll etmir.
Yağış-qar yağan kimi, yenə çalalar və palçıq səbəbindən asfalt dağılır və hərəkət etmək mümkün olmur. Bundan əlavə dağılmış yollardan nəqliyyat ilə istifadə edən sakinlərin avtomobilləri də sıradan çıxır.
Sakinlər illərdir problemli vəziyyətdə olan yollarının nə zaman təmir olunacağı günü gözləyirlər. Onlar deyir ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etmələrinə baxmayaraq, bu məsələnin həllinə nail ola bilməyiblər.
Anar Əhməd, Ləman Rüfətqızı
Minval.info


