Zığ sakinləri təngə gəlib – Bakı Nəqliyyat Agentliyindən şikayət – FOTOLAR
Bakının Zığ qəsəbəsinin sakinləri Suraxanı rayonunun və şəhərin mərkəzinə birbaşa marşrut xəttinin olmamasından şikayətçidirlər.
Bu barədə Minval.info-nun redaksiyasına gələn qəsəbə sakinləri məlumat verib. Onlar qeyd ediblər ki, həmin ünvanda yaşayan hər kəsin şikayəti bu məsələ ilə bağlıdır. Sakinlər dövlət idarələrinə, tələbələr oxuduğu universitetlərə getməkdə çətinlik çəkirlər. Belə ki, onlar Suraxanı rayonunun və şəhərin mərkəzinə qədər bir neçə marşrut xətti dəyişməyə məcbur olurlar. Bu, həm zaman baxımından, həm də maddi cəhətdən sakinlərə təsir göstərir.
Qəsəbədə yaşayan Ağası Əzizli minval.info-ya bildirib ki, dəfələrlə Bakı Nəqliyyat Agentliyinə müraciət edilib. Lakin dəyişən heç nə yoxdur, problem olduğu kimi qalıb. O həmçinin müxtəlif dövlət qurumlarına üz tutduqlarını qeyd edib. Bununla yanaşı, ötən il davamlı olaraq BNA ilə sakinlər arasında məktublaşma olub, aldıqları cavablar isə eynidir. Hər dəfə eyni şey deyilib, “Hazırda həmin ərazi üzrə marşrut xəttinin istifadəyə verilməsi üçün lazım olan sayda nəqliyyat vasitəsi yoxdur”.
Lakin minval.info-ya “BakuBus” MMC-yə məxsus qarajda dayanan avtobusların fotosunu əldə edib. Hansı ki, bu avtobuslar hazırda heç bir xətt üzrə fəaliyyət göstərmirlər. Bununla yanaşı, sakinlərə tövsiyə edilib ki, bir neçə marşrut xəttindən istifadə etməklə rayon mərkəzinə getsinlər. Əslində isə onlar müvafiq qurumlara məhz bununla əlaqədar müraciət edib.
Müvafiq qurumlar tərəfindən, eyni zamanda BNA məsələyə rəsmi cavab verib. Lakin problemin nə zaman həll olacağı qeyd edilməyib.
Samir Mirzə
Foto: Fərid Özay
Minval.info








