Bakıda ailənin dörd üzvü yağdan zəhərləndi
Bakıda bir ailənin dörd üzvü vaxtı keçmiş yağdan zəhərlənib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Biləcəri rayon 5-ci Şimal küçəsində yerləşən fərdi yaşayış sahəsində baş verib.
Səhiyyə Nazirliyindən bildirilib ki, Təcili Yardıma saat 22:27-də çağırış daxil olub. Ünvana gələn Təcili Tibbi Yardım briqadasının həkimləri evdən 11 və 16 yaşlı qızları, onların 37 yaşlı anasını və 59 yaşlı nənəsini götürüblər. Azyaşlılar 2 saylı uşaq xəstəxanasına, ana ilə nənə isə Kliniki Tibbi Mərkəzə çatdırılıblar.
Həkimlərlə söhbət zamanı xəstəxanaya çatdırılanlar istifadə müddəti bitmiş yağ yediklərini bildiriblər. Hal-hazırda müalicələri davam edir.
Səhər saat 09:07 üçün 2 saylı uşaq xəstəxanasından aldığımız məlumata görə, qızlara lazımı tibbi yardım göstərilib, həyatları üçün təhlükə yoxdur. Müalicələri bitdikdən sonra yaxın günlərdə evə yazılacaqlar. Kliniki Tibbi Mərkəzdə olan ana ilə nənə isə ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıblar.

