Bakıda avtobus sürücüsü “bir sürü küçük” deməsinə görə belə “cəzalandırıldı” – Gözlənilməz addım
Bakı sakini paytaxtda fəaliyyət göstərən marşrut avtobusunda nümunəvi addım atıb.
Minval.info xəbər verir ki, dünəndən sosial şəbəkələrdə Bakı sakini Azər Rəşidoğlunun ictimai nəqliyyatdakı hərəkəti təqdir olunur.
Belə ki, avtobusda bir qadın üç azyaşlı uşaqla 20 qəpik verib dayanacaqda düşüb. Sürücü onunla mübahisə etməyə başlayıb. Qadın fikir verməyib və yoluna davam edib. Sürücü əsəbləşərək onun arxasınca “buna bax e, bir sürü küçüyü ilə doluşub avtobusa, 20 qəpik verib düşür”, — deyib.
Lakin Azər bəy hadisənin hansı saylı marşrut xəttində baş verdiyini qeyd etməyib.
“Avtobusun düz ortasında idim. Yavaş-yavaş sürücüyə tərəf yaxınlaşdım. Dedim, dayı can, neyləməliydi, uşaqların yarısını başqa avtobusa mindirməliydi? Əksinə, siz sevinin ki, bu avtobusu məhz siz idarə etməklə ona xidmət etmək imkanı qazandız. Necə gözəl peşəniz var, hər gün bu sayaq insnalara xidmət edirsiz. Mən sizə qibtə edirəm. Kişi mənə tərs-tərs baxıb söyləyib ki, camaata görə deyir, uşaqlarının hərəsini bir oturacda əyləşdirib, camaatın haqqına girir” – Azər bəy qeyd edib.
Rəşidoğlu sərnişinlərə tərəf dönərək ucadan “Ay camaat, xanım uşaqları ilə sizi narahat edirdi?” soruşub və hamı xorla “yox”, — deyib.
Sərnişinlərin bu reaksiyasında sonra sürücü pərt olub. Azər bəy dayanacaqda avtobusdan enərkən ona tərəf 5 manat uzadıb. Sürücü üstünü qaytarmaq istəyib, amma Rəşidoğlu onun əlini geri qaytarıb.
“Dedim ki, ağsaqqal, hər dəfə elə uşaqlı xanımlar 20 qəpik verəndə bu 5 manat yadınıza düşsün. Mən sizin narazılığınızı və bayaqkı söyüşünüzü satın alıb gedirəm. Kişinin matı-qutu qurudu, heyrətdən bilmədi neyləsin. Dolu avtobusdan isə bir neçə nəfər mənə əl edirdi…” – A.Rəşidoğlu əlavə edib.
Samir Mirzə / Minval.info

