Bakıda daha hansı yerlərdə sürüşmə ola bilər? – SİYAHI
Məlum olduğu kimi, bir müddət əvvəl Bakının Bayıl yamacında sürüşmə müşahidə olunub.
Ərazidə araşdırma aparmış mütəxəssislər bildirmişdilər ki, hadisəyə səbəb həmin dağ yamacının altında iki yeraltı çayın axması olub.
Minval.info xəbər verir ki, hər il mövsümlə əlaqədar yağıntıların olması, torpağın ağırlaşması, ərazilərə kanalizasiya sularının axıdılması nəticəsində Bakıda qədim sürüşmə zonalarında aktivlik yaranır.
Ötən il ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov mediaya açıqlamasında Bakıdakı fəal sürüşmə ərazilərinin adlarını açıqlamışdı.
O, bildirmişdi ki, Xətai rayonundakı Zığ sürüşmə sahəsində, Abşeron rayonunun “Nübar” qəsəbəsində (“At yalı” adlanan yaşayış massivi), Masazır qəsəbəsindəki “Duz gölü”nün ətrafında, “Zəli gölü” adlanan ərazidə sürüşmə sahələri aktivləşib.
Sürüşmə ərazilərində yayış yerini olması, binaların, evlərin tikilməsi qadağandır. Amma nədənsə bu qanuna bəzi hallarda əməl edilmir. Göllər qurudulur, üzərində yaşayış binaları, fərdi evlər inşa olunur. Bir müddət sonra isə orada sürüşmə sahələri aktivləşir. Dövlət də vətəndaşları bu durumdan xilas etmək üçün çalışır.
Sakinlər köçürülür, kompensasiya ödənilir, evlər sökülür və s. Bu da dövlət büdcəsinə yetərincə zərbə vurur. Beləliklə ortaya belə mənzərə çıxır – Kimlərsə bu torpaqları satıb, bina tikib pul qazanır, çətin durumda isə dövlət vətəndaşlara əl uzadır.
Ümumiyyətlə isə Bakı şəhərində ənənəvi sürüşmə əraziləri bunlardır:
Zığ qəsəbəsində – Xanlar küçəsi ilə Hətəm Allahverdiyev və Həzi Aslanov küçələri;
Əhmədli qəsəbəsində – Gəncə prospekti ilə Nəsrəddin Tusi küçələri arasında olan sahə, Əliağa Şıxlinski küçələri;
Masazır qəsəbəsində – Nazim Əsədov küçəsi ilə Qır gölü arasında olan sahə;
Badamdar qəsəbəsində – 20-ci sahəyə gedən avtomobil yolunun 4-5-ci km-liyi, Oqtay Daşdəmirov küçəsi;
Qaraçuxur qəsəbəsi – İlqar Mustafayev küçəsi;
Əhmədli-Günəşli ərazisi – Abbas Fətəliyev və Səməd bəy Mehmandarov küçələrinə gedən yolun sol tərəfi;
Park sürüşmə sahəsi – Şəhidlər xiyabanı ilə Mehdi Hüseyn küçəsinə gedən yolun solu (yamac hissə);
Teleqüllə ətrafı – Teleqüllənin şimal-qərb hissəsi;
Nəriman Nərimanov heykəli ilə Yunis Dağlı küçəsinin arasındakı ərazi;
“Gülüstan” sarayının ətraf hissəsi və Əbədi məşəl kompleksinin cənub hissəsi.
Leyla Əfqan
Minval.İnfo

