Bakıda faiz borcuna görə tanışını döyən qadın – “Dedi ki, pul köhnədi”
Bakıda pul borcu olduğu tanışını döyərək xəsarət yetirən qadına hökm oxunub.
“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, hadisə bu ilin mart ayında baş verib. Belə ki, gecə saatlarında ortaq tanışlarının evində görüşən iki qadın arasında faizlə verilmiş pul üstündə dava düşüb. Bu zaman Sədaqət Məmmədova (soyad şərtidir) borclu olduğu Zəkiyyə Sultanovanı (soyad şərtidir) vuraraq xəsarət yetirib.
Hadisə ilə bağlı başlanılan cinayət işinə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində baxılıb.
Məhkəmədə ifadə verən Sədaqət Məmmədova deyib ki, o Zəkiyyəyə xəsarət yetirməyib:
“Ona bir qədər borcum var idi. Hadisə baş verən gün Sevdagildə idim. Zəkiyyəyə zəng edib dedim ki, borcunu gəlib verəcəm. O isə dedi ki, özü Sevdagilə gəlir. Gəldi və mən ona pulu verdim. O isə pulun köhnə olduğunu və dəyişməyimi dedi. Bu səbəbdən aramızda mübahisə düşdü. O mənim valideynlərimi söydü. Mən də onun sinəsinə bir dəfə vurdum. Ona xəsarət yetirməmişəm”.
Hadisə zamanı xəsarət alan Zəkiyyə Sultanova ifadəsində deyib ki, Sədaqətdən pulunu istədiyi üçün onu söyüb, daha sonra isə vurub:
“Onunla çoxdan tanışlığımız var. Mən Sevdagilə gəlib ondan pulumu istəyəndə o mənim yaxınlarımı söyüb, təhqir etdi. Daha sonra isə saçımdan dartaraq üzümə, sinəmə və başıma zərbələr vurdu. Mənə xəsarət yetirdi. Ondan şikayətçiyəm”.
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Sədaqət Məmmədova CM-nin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimələnib.

