Bakıda hazırlıq kursunun rəzilliyi- FOTO
Bakı küçələrində divarlara, ictimai nəqliyyata vurulan elanlardakı yanlışlıqlara tez-tez rast gəlirik. Bu, əksər vaxtlarda lağ-lağaya çevrilir və üzərindən keçilir. Lakin bu dəfəki elanı qulaq ardına vurmaq olmaz.
Minval.info xəbər verir ki, paytaxt küçələrinin birindəki elan diqqət çəkib. Həmin elan təhsillə bağlı olduğundan oradakı səhvlər müzakirələrə səbəb olub.
İbtidai sinif şagirdləri əlavə hazırlıq üçün kurslara dəvət olunur. Dərslərin ali təhsilli müəllimlər tərəfindən tədris olunduğu qeyd olunur. Lakin elanda buraxılan sadə səhvlər bu kursa üz tutanların hansı səviyyədə hazırlanacağından xəbər verir.
Belə ki, yazıda ibtidai sözünün “iptidai” kimi yazılması, “Azərbaycan dili”nin defislə – “Azərbaycan-dili” kimi qeyd olunması gülüşdən çox, narahatlıq doğurub. Çünki hazırlıq kursu bu cür reklam olunursa, veriləcək təhsilindən danışmağa belə dəyməz. Ola bilər, düşünülsün ki, elanın belə hazırlanması kompüterdə işləyənin savadsızlığından irəli gəlsin. Lakin xırda məsələyə bu cür diqqətsizlik də kursdakı təşkilatçılığın hansı vəziyyətdə olmasının göstəricisidir.
Sani / Minval.info



