Bakıda tüstüləyə-tüstüləyə gedən marşrut avtobusu – VİDEO
Bakıda fəaliyyət göstərən sərnişindaşıma şirkətlərinin bərbad durumu hər günü daha da çox ortaya çıxır.
Minval.İnfo xəbər verir ki, bu şirkətlərdən birinə məxsus olan 94 saylı marşrut avtobusu vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir.
Belə ki, Saleh Nəsirov adlı sosial şəbəkə istifadəçisi dövlət nömrə nişanı 99-XT-628 olan 94 saylı marşrut avtobusunun tüstüləyə-tüstüləyə vətəndaşlara xidmət göstərməsini telefonunun kamerası ilə qeydə alıb.
Avtobusun sürücüsü bu şəkildə nəqliyyat vasitəsini idarə edib və hətta sərnişinlərə xidmət göstərib. Təbii ki, insani keyfiyyətlərə də sahib olmayan şəxslər bu tüstünün ətrafa nə qədər zərər verdiyini düşünmürlər.
Məsələ ilə bağlı danışan Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib ki, paytaxtın marşrut şəbəkəsində mövcud avtobusların 50%-i texniki baxımdan yarasızdır:
“BNA avtpbus bazasının yenilənməsi ilə bağlı daşıyıcılar qarşısında tələb qoyub. Bu tələbə uyğun olaraq 2017-ci ildə 1000 ədədə yaxın avtobus əsaslı təmir edilib. Bununla yanaşı bir neçə marşrut xətti üzrə yeni nəqliyyat vasitələri alınaraq Bakıya gətirilib. Avtobus bazasının yenilənməsi işləri bu gün də davam etməkdədir. Bir məqamı unutmayaq ki, BNA sərnişindaşıma ilə məşğul olmur, avtobuslar da BNA-ya aid deyil. Bunlar hamısı daşıyıcıyalar aid məsələlərdir.
Biz bu sahəyə nəzarət edən dövlət qurumu olaraq bütün zəruri tədbirləri görürük ki, daşıyıcılar qısa vaxtda avtobuslarını yeniləsin. Təbii müəyyən bir zaman kəsiyindən sonra bu tələbə əməl etməyən daşıyıcılar marşrut şəbəkəsindən kənarlaşdırılacaq. Konkret olaraq bu avtobuslar bağlı isə artıq məsələ nəzarətə götürülüb. Daşıyıcının verdiyi məlumata görə, Tərlan Qəniyev adlı sürücünün idarə etdiyi avtobus xətdə olarkən texniki nasazlıq yaranıb. Avtobus dərhal istehsalat bazasına qaytarılıb. Zəruri texniki işlər görüldükdən sonra nəqliyyat vasitəsi yenidən xətdə buraxılıb”.
“Avtobus xətdə olarkən texniki nasazlıq yaranıb və dərhal istehsalat bazasına qaytarılıb” – bu cümlə heç də inandırıcı gəlmədi. Çünki əldə etdiyimiz məlumata görə, bəhs edilən marşrut avtobusu gün ərzində bu şəkildə xidmət göstərib. İkinci bir məsələ də, avtobusların texniki baxışdan keçməməsidir. Vaxtında təmir edilməməsi, nəzarətin olmaması və s. Çünki belə daşıyıcı şirkətlər üçün əsas məqsəd puldur.
Həmin görüntüləri sizlərə təqdim edirik:
Sani
Minval.İnfo

