Bakıda Yeni il bəzəkləri artıq satışa çıxarılıb: bəs, qiymətlər necədir? – REPORTAJ

Ekspertlər bildirirlər ki, bayram yaxınlaşdıqca, qiymətlər də bahalaşacaq…
Yeni ilin gəlməsinə bir aydan çox vaxt qalsa da, artıq Bakı küçələrində bayramla əlaqəli bəzəklər, yolkalar satışa çıxarılıb. Hər il insanlar xüsusilə də Yeni ilin simvolu hesab olunan yolkaların qiymətindən narazılıqlarını bildirirlər. Doğrudan da bəzi mağazalarda hətta 15 min manata yolkaların satılması barəsində ötən illərdə mətbuatda çoxsaylı məqalələr yazılıb.
Bu il isə vəziyyət bir qədər fərqlidir. Hələ ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin mərkəzində, müxtəlif metro çıxışlarının yanında qurulan bayram çadırlarına (yarmarkalar) rast gəlmədik. Lakin öyrəndik ki, bu il də dekabr ayında yarmarkalar təşkil olunacaq və orada bayramla bağlı bəzək əşyaları daha ucuz qiymətə satılacaq.
Məlumdur ki, Yeni ildə yolka bəzəmək ənənəsi Azərbaycanda da geniş yayılıb. Ona görə də insanlar artıq indidən yolka, bəzək axtarışına çıxıblar.
Artıq bəzi mağazalarda, iri ticarət mərkəzlərində Yeni il üçün hər növ bəzək əşyası tapmaq mümkündür. Qiymətlər isə ötən illərlə müqayisədə normaldır.
Məsələn, “Gənclik Mall”da satılan yolkaların qiyməti 11 manatdan başlayır. Mağazada ən bahalı yolkanın 50 manat olduğunu öyrəndik. 11 manata olan yolka kauçukdan hazırlansa da əslində ölçüsünə görə çox da kiçik deyil.
Yolkanın bəzədilməsi üçün lazım olan bəzəklər isə müxtəlif qiymətədir. Belə ki, mağazada zərlər 30-70 qəpiyə satılır. Yeni il zınqırovu 2 manat 80 qəpiyə, şaxta baba formasında kiçik bəzəklər 2 manat 90 qəpiyə, maskalar 6 manata digər kiçik oyuncaqlar da 3-15 manat arasında dəyişən qiymətlərlə satılır.
Şərq təqviminə görə, 2018-ci il it ilidir. Ona görə də satılan bəzəklərin arasında it fiqurları da üstünlük təşkil edir.
Artıq Yeni il vitrininin qarşısında çoxsaylı alıcılara da rast gəlmək mümkündür. İnsanlar daha çox yolka almağa maraq göstərirlər. Söhbət etdiyimiz alıcılar bildirdilər ki, bayram bəzəklərini indidən almalarının səbəbi, bahalıqdan qorxmalarıdır. Alıcılardan biri ilə söhbətimiz zamanı o, aşağıdakıları bildirdi: “Hər il bayram qabağı bütün məhsullar bahalaşır. Ona görə də məcbur qalıb, indidən alış-verişimizi edirik. Qarşıdan gələn il hansı heyvanın ili olursa, bayram qabağı o heyvanın suvinerlərinin hamısı bahalaşır. Hətta elə yer olur ki, üç qat qiymətə satır. Yadımdadır ki, 2011-ci ildə dovşan ilində xırda dovşan suvinerlərinin qiyməti sürətlə bahalaşmışdı. İstəyən öz ağlından bir qiymət qoyub, satırdı. Deyim ki, heç Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan yarmarkalarda da qiymətlər heç də ucuz deyil. Orada da zərin qiyməti 60-70 qəpik olur, iri ticarət mərkəzlərində də. Hətta yarmarkalarda satılan yolkalar daha bahadır, nəyinki, digər mağazalardakılar. Ona görə də elə salamatı indidən alıb, evə qoymaqdır”.
İri ticarət mərkəzlərində işləyən satıcılar isə bildirdilər ki, onlarda heç bir qiymət artımı gözlənilmir: “Hazırda qiymətlər necədirsə, bayram ərəfəsində də elə olacaq. Təbii ki, burada iqtisadi faktorlar, manatın məzənnəsi və digər bu kimi məsələlər də əsasdır. Ancaq konkret bayramdır deyə baha sataq söhbəti bizə xas deyil”.

