Baş pediartdan həyəcan TƏBİLİ: “Uşaqlar “COVID-19” testi verməlidir, müalicə isə…”

Gürcüstanda altı yaşlı uşaq koronavirusun qurbanı olub.
Bu barədə İ.Tsisişvili adına Tiflis uşaq xəstəxanasının rəhbəri Mayya Çxeidze məlumat verib. Onun sözlərinə görə, azyaşlı serebral iflic, epilepsiya kimi xəstəliklərdən əziyyət çəkib. Koronavirus isə onu septik şoka salıb. Uşaq xəstəxanaya çatdırılan kimi süni nəfəs cihazına qoşulsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, bu, Gürcüstanda COVID-19 diaqnozu ilə artıq üçüncü uşaq ölümüdür.
Azərbaycanda da son günlər uşaqlar arasında ishal və qusma ilə müşayiət olunan xəstəlik geniş yayılıb. Uşaq xəstaxanalarına axın artıb. Pediatrlar deyirlər ki, uşaqlar test olunmadığına görə onlarda koronavirus, yoxsa mövsümü xəstəlik olduğu bilinmir və uşaqlar koronavirus müalicəsi almır. Virusa yoluxan uşaqlar üçün xüsusi müalicə tətbiq edilə bilərmi?
Minval.info xəbər verir ki, mövzu ilə bağlı Cebhe.info– ya baş pediatr Erkin Rəhimli danışıb. O, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da bəzi dönəmlərdə uşaqlarda xəstəliklərin artdığını deyib:
“Xüsusən də yay aylarında ishal və qusma şikayətləri son vaxtlar artıb. Amma bunun yenə də koronavirusa bağlı olub- olmamadığını öyrənmək üçün ən gözəl yol test verməkdir”.
Baş həkim bildirib ki, uşaqları testə cəlb etmədən uşaqlarda olan xəstəliyin nə olduğunu bilmək olmur: “Nəticə etibarilə, bu dönəmdə qarın ağrısı ilə müşahidə olunan adenovirus, rota dediyimiz viruslar da meydana çıxır. Bunlar çox görünən viruslardır. Əgər valideynlər uşaqlarında hansı xəstəliyin olmasını öyrənmək istəyirlərsə, xüsusi analiz verilməlidirlər. Həmin viruslara nəcisdə baxılır. Əgər uşağın koronavirusa yoluxması ilə bağlı şübhə, kimləsə kontaktı varsa, burundan yaxma götürülməklə onda virusun olub- olmaması yoxlanılmalıdır. Bunu məsləhət edirik. Çünki xəstəliyin yayılmasının qarşısını almaq üçün həmin insanları təcrid etmək lazımdır. Yoxsa müalicədə elə də ciddi fərqlər yoxdur”.
Baş pediatr qeyd edib ki, koronavirusa yoluxan uşağın ağırlaşma halı olmadığı müddətcə xəstəliyin spesifik müalicəsi yoxdur: “Çünki uşaqların 80 faizi xəstəliyi uğurlu, ya simptomsuz, ya da çox yüngül keçirirlər. Sadəcə, bəlli qismdə ağırlaşmalar ola bilər. Bu olan zaman təbii ki, fərqli dərmanlar təyin edilməlidir. Amma normalda xəstəliyin müalicəsində fərqli taktika yoxdur”.

