Baydenin Əliyevə bir ayda 2 məktubu- ABŞ-Azərbaycan daha da yaxınlaşır?
ABŞ Prezidenti Cozef Baydenin Bakıda keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktub hər şeydən öncə iki ölkə arasında mövcud olan qarşlıqlı münasibətlərin yüksək səviyyədə olmasının təsdiqidir.
Bunu Bakupost.az -a millət vəkili Hikmət Babaoğlu C.Baydenin Prezident İlham Əliyevə ünvanladığı məktubun mahiyyəti barədə danışarkən bildirib.
Onun sözlərinə görə, bu məktub son günlərdə ABŞ Prezidenti tərəfindən Azərbaycan Prezidentinin ünvanına göndərilən ikinci məktubdur ki, bu da özlüyündə ayrıca əhəmiyyət kəsb edir:
“Çünki iki ölkənin hazırkı mürəkkəb tarixi şəraitdə zəruri əməkdaşlıq çağırışları bütövlükdə region və Avropanın təhlükəsizliyi baxımından xeyli dərəcədə aktualdır. Şübhəsiz ki, bu aktuallıq hələ əsası ötən əsrin əvvəllərində böyük dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası ilə şərtlənir. Ancaq sonrakı mərhələdə “Əsrin müqaviləsi” kimi səciyyələndirilən neft konsorsiumunun Qərbin enerji təhlükəsizliyinə verdiyi töhfələr Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsi ilə daha da strateji əhəmiyyət qazandı. Bütün bu tipli digər regional əməkdaşlıq platformaları isə ABŞ-ın fəal dəstəyi və iştirakçılığı ilə gerçəkliyə çevrildi. Ona görə də hazırda dünyanın mühüm geostrateji mərkəzlərindən biri olan Avropada enerji təhlükəsizliyi tarixin heç bir dönəmində olmadığı qədər təhdidlərə məruz qaldığı bir vaxtda Azərbaycanın həyata keçirdiyi alternativ enerji təhlükəsizliyi kəməri xüsusi əhəmiyyət kəsb edir. ABŞ prezidentinin məktubunda da önə çəkilən əsas məsələlərdən biri elə bununla bağlıdır”.
Millət vəkili deyib ki, iki ölkə hazırda vaxtilə verdikləri uzaqgörən və perspektivli qərarın icra edilməsinin və regional əməkdaşlığa verdiyi mühüm töhfələrin təntənəsini yaşayır:
“Ancaq şübhəsiz ki, ABŞ-Azərbaycan münasibətləri təkcə enerji sektorundakı əməkdaşlıqla məhdudlaşmır. Daha geniş və daha rəngarəng spektri əhatə edir. Buraya qlobal terrorizmə qarşı mübarizədən tutmuş, elm, təhsil, insan hüquq və azadlıqları da daxil olmaqla hərbi-siyasi sahədə əməkdaşlığa qədər olduqca çoxşaxəli istiqamətlər daxildir. Ona görə ABŞ Prezidenti bu mühüm istiqamətlərə də toxunaraq iki ölkənin əməkdaşlığının yüksək səviyyədə olmasını təyin edən siyasəti, yəni Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini alqışladığını bildirir və ABŞ tərəfindən bu siyasətə sadiq qalınacağını ifadə edir. Eyni zamanda Azərbaycanın regionda sabitləşdirici rol oynaması xüsusi vurğulanır, bu kontekstdə Ukraynaya edilən humanitar yardım faktoruna da xüsusi diqqət çəkilir. Şübhəsiz ki, iki ölkə arasında münasibətlərin Bayden tərəfindən yüksək qiymətləndirilməsi Azərbaycan-ABŞ münasibətlərinin olduqca müsbət perspektivlərini təyin edir”.

