Berlində “hayl Hitler” qışqıran azərbaycanlının vaqiəsi

Bizim almanlarla nə alıb-vermədiyimiz var, düzü, bilmirəm.  Söhbət şücaətli AzTV-mizin Almaniyaya qarşı apardığı rəşadətli informasiya savaşından getmir, başqa mətləblər var.

Vaxt olub ki, almanlar öz ölkələrindən bizim elimizə pənah gətirib, burada məskənlər salıblar. Məsələn, Göygöldə, Şəmkirdə, Gədəbəydə, Füzulidə alman yurdları olub. Bizim kənddən 5 km aralıdakı “Daşlı yer” deyilən vadidə alman məskənləri olub. Zatən, o yerə ona görə “Daşlı yer” deyiblər ki, orda almanların yaşadığı evlərin uçulub-sökülmüş daşları qalmışdı. Bizim camaat ora “Lemsə yurdu” da deyirdi. “Lemsə”, yəni “nemes”…

Düzdür, II dünya müharibəsində almanlarla müharibədə çoxlu həmvətənimiz həlak olub, o üzdən araya düşmənçilik düşüb. Amma birincisi, bu almanların ruslara qarşı apardığı müharibəydi, ikincisi o hadisənin üstündən 75 il keçib, üzü bəri hücum edən əsgərlərdən çox azı salamatdır. İndiki almanlarla o vaxtkı almanların arasında fərq isə çoxdur.

Amma nə işdirsə, hələ də yanımızda alman adı çəkiləndə yadımıza birinci Hitler düşür. Bu, 1941-dən 91-ə qədər aparılan sovet təbliğatının, “nemesli filmlər”in nəticəsidir.

Hazırda bir çoxumuz yanlış olaraq elə bilirik ki, daha dövran dəyişib, almanların yanında Hitleri pisləməsək, hətta tərifləsək, yaxşıdır. Nə qədər olmasa da, məşhur həmyerliləridir, sevərlər. Bax, bu düşüncə bu yaxınlarda bir vətəndaşımzın həyatını qaraldıb.

Hadisə belədir. Bakıda normal qazancı, evi-eşiyi, maşını olan ortayaşlı bir şəxs (lap qoy adı olsun Samir) beyninə qoyur ki, gedib Almaniyada yaşasın.

Onu da qeyd edim ki, adam müxalifətçi olmayıb, ömründə bir dəfə mitinqə, nümayişə, piketə getməyib, gedənlərə də “necə işiniz-gücünüz yoxdur ey, bir işin qulpundan yapışın, 3-5 manat pul qazanın” deyənlərdən olub.

Sadəcə, iş elə gətirib ki, şərti adını Samir qoyduğumuz adam düz-qoş eləyib gedib Almaniyaya, tanış-biliş vasitəsilə, özünü dondan-dona salaraq bu ölkədə oturum izni alıb. İşi düzələndən sonra Bakıya qayıdan Samir evini, maşınını, olan-olmazını satıb, sovub, qohum-əqrəbasıyla, dost-tanışıyla görüşüb halallaşıb və üz qoyub Almaniyaya. Adam Berilində hava limanındakı pasport nəzarəti məntəqəsindən keçib Almaniya ərazisinə qədəm basan kimi necə riqqətə gəlibsə, özünü artıq cənnətə düşmüş hesab edib, kefi kök şəkildə bərkdən səslənib: “Əlvida, Bakı! Hayl Hitler!”

Təbii ki, ətrafda hava limanının vəzifəli şəxsləri, gömrükçülər, polislər də olub və bir qaraşın adamın dilindən ən azı “fa” notunda səslənən ifadəni eşidib, şoka düşüblər. Səlahiyyətli şəxslər dərhal Samir bəyi cələkləyib içəri otağa aparıblar, deyiblər, özünü nə hesab edirsən, sən kimsən-filan. Bu da öz hekayətini danışıb. Amma ictimai yerdə faşizm təbliğatı aparan azərbaycanlının cavabı almanları qane etməyib. Adamın hərəkətini protokollaşdırıblar, işə miqrasiya xidməti, polis idarəsi, təhlükəsizlik strukturu-filan da qarışıb və sonda onun barəsində deportasiya qərarı çıxarılıb. Samir müəllimi təyyarəyə otuzdurb göndəriblər günəşli Azərbaycana. Hadisənin burdan beləsindən məlumatım yoxdur.

Əlbəttə, həmvətənimiz bir az savadlı adam olsaydı, bilərdi ki, Almaniyada Hitlerə rəğbət bildirmək yolverilməzdir. O ölkədə onu sevmirlər (faşist düşüncəli başıpozuqlar istisnadır). Çünki bu adamın günahı üzündən Almaniya nə qədər ərazi itirib, 9-10 milyon alman kişisi həlak olub, bir o qədər, bəlkə də daha çox alman qadını zorlanıb, qüdrətli dövlət bir neçə yerə parçalanıb və 30-40 ilə zorla özünə gəlib. İndi şərqdən birisi gəlib “alman düşməni”nə “hayl” deyir.

Ümumiyyətlə, müasir almanlar “Hitler, faşist” söhbətini çox ağrılı qarşılayırlar. O vaxt nüfuzlu deputatlarımızdan biri də alman həmkarları ilə görüşəndə müxalifət liderləri haqqında “bunnar alman faşistlərindən də qəddardırlar” demişdi və bu söz almanların xətrinə dəymişdi. Gərək sözümüzün dalını-qabağını bilək.

Xülasə, əgər Samir bəyin Şengen vizası varsa (güman ki, var), o, buralarda bənd almaz, mütləq Fransaya, Hollandiyaya, Belçikaya, İsveçə, Norveçə gedəcək. Gərək kimsə ona başa salsın ki, dilini qarnına qoysun, birdən o ölkələrin aeroportunda cuşa gəlib “Allahu-əkbər” deyər, vallahi, dərhal yerə yıxıb sürüyərlər.

Yazarlar

Nəşr edilib: 2017/12/29 15:39

Baxış: 224


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06