Biləcəridə təbiətin möcüzəsi

Gördüyünüz fotoları müxbirimiz Biləcəri qəsəbəsində, Yəhya Hüseynov küçəsində, Dəmiryolu Vağzalının yaxınlığında çəkmişdir. Kanalizasiya lyukundan çıxan ağac hər kəsi heyrətə gətirir.
Qabaqlar burada metal qapaq olması ehtimalı vardır, görünür o qapağı ya AXC-Müsavat hakimiyyətinin tərəfdarları, ya da Corc Sorosun əlaltıları oğurlayıb satmışdır. Hər halda iki aya yaxındır lyukun içindən çıxan möcüzəvi bitki yerli əhaliyə və şəhərimizin qonaqlarına sevinc bəxş edir. Fikir versəniz, öncə ağacın yarpaqları vardı, lakin havalar soyuyub qış girəndən ağac sement kisəsi gətirməyə başlamışdır! Doğrudan da böyük möcüzədir. Torpağımızın altı-üstü qızıldır, nə əksən bitir, əkməsən də bitir. Yerli zəhmətkeşlər kanalizasiya lyukuna müvafiq qapaq qoymağa çalışan Bakı Şəhər İqra Hakimiyyətinin, bələdiyyənin, Binəqədi icra hakimiyyətindən Xaləddin müəllimin, yol idarəsindən Yoləddin müəllimin, narkotiklərlə mübarizə şöbəsindən Haləddin müəllimin və sairə dövlət yetkililərinin qarşısını kəsib imkan verməyibdir. Millət deyir ki, əgər sement kisəsi gətiribsə, bəlkə sabah ağacın budaqlarından ət salxımları, yağlı meyvələr, antrikotlar, çay, qənd, buğda və sairə zəruri, gündəlik ərzaq məhsulları da sallanacaqdır?
Beş metr aralıda 297 saylı orta məktəb yerləşir. Onun şagirdləri həvəslə açıq lyuka yıxılıb dərsdən qaçırlar. Neçə uşaq yoxa çıxmışdır. Zarafat edirəm, əksinə, bu ağac müəllimlərin, pedaqoji heyətin işinə çox yarayır. Onlar “Həyat bilgisi”, “Biologiya”, “Zoologiya”, “Azərbaycan tarixi”, “Rəsm”, “Musiqi” kimi dərsləri keçərkən bu ağacdan əyani vəsait olaraq yararlanırlar. Dədə Qorqud demişkən, qaba ağacımız qurumasın!
İndi söz əlaqədar təşkilatlarındır.
Ağacın dərdini və şəklini qurğuya aldı: Z.Hacı.




