Bir-birinizə toxunanda cərəyan vurur? – Bundan qurtulmaq üçün oxuyun
Qapının cəftəsinə toxunursunuz, elektrik cərəyanı vurur, avtomobildən enirsiniz cərəyan vurur, kimləsə salamlaşırsınız yenə eyni hadisə baş verir. Bu, bir çoxumuzun başına gəlir, daimi yaşandıqda isə narahatlıq yaratmağa başlayır.
Minval.İnfo xəbər verir ki, əşyalarla təmas zamanı cərəyan vurmasının səbəbi və səhhətimizə təsiri çoxlarını düşündürür. Bunu səbəbi bədənimizdəki statik elektrikdir.
Statik elektrik nədir?
İnsan insana və yaxud hər hansı bir əşyaya toxunan zaman yaranan elektrik statik elektrik adlanır. Statik elektrik, insan bədəninin səthində yığılan elektrik yüküdür. İnsan bunu öz bədənində hər zaman hiss edə bilər, lakin, bədənindəki elektrik yükü torpağa ötürülməzsə, bu zaman insan üzərində gərginlik artır və keçirici əşya ilə təmasda olduqda elektrik bədəndən çıxır. Yun, sintetik, rezin kimi materiallar da yüksək keçiriciliyə malik olduğu üçün cərəyan vurma halları çoxalır. Bədəndəki statik elektrik yun, sintetik, rezin kimi yüksək keçiriciliyi olan materiallara və ya hər hansı bir insana toxunduqda enerji qarşı tərəfə keçir. Bununla da, bədəndəki durğun elektrik çölə atılmış olur. Bizim şahid olduğumuz cərəyan vurma hissi də məhz bu zaman yaşanır.
Terapevt Sona Zeynalova minval.info-ya açıqlamasında statik enerjinin durğun enerji olduğu üçün insan orqanizminə fəsadlar yaratmadığını bildirib: “Bunun insana ziyanı yoxdur. Orqanlarımıza heç bir təsir göstərmir”.
Psixoloq Aysel İsgəndərlinin sözlərinə görə isə, bu enerji insana, əsasən, qorxduğu üçün psixoloji cəhətdən zərər verə bilər: “Necə ki, uşaq əlini qaynar qəhvədana vuranda zərərli olduğunu anlayıb, bir də yaxın durmursa, insan da maşının qapısını açanda cərəyan hiss etdikdə bir daha toxunmaq istəmir, bu sadəcə refleksdir, cərəyanın insana birbaşa təsiri deyil. Amma yenə də, nəzərə almalıyıq ki, bu onun gündəlik həyatını məhdudlaşdırır və bu qorxuların üstünə getmək lazımdır. Su ilə təmasda olduqdan sonra, əyninizdə yun, rezin, sintetik materiallar olmadan maşın qapısının cəftəsinə toxunun, bu zaman elektriklənmə hiss etməyəcəksiniz və yavaş-yavaş bu qorxularınız unudulacaq”.
Qeyd edək ki, statik elektrik gərginlikdən qurtulmağın ən yaxşı yolu torpaqda və hər hansı beton üzərində tez-tez yalın ayaqla gəzmək və su ilə təmasda olmaqdır. Xüsusilə dənizə girmək, duş qəbul etmək bu enerjini insan bədənindən çıxarır. Altı rezin ayaqqabılardan və sintetik paltarlardan uzaq durmaq mümkün qədər uzaq durmaq lazımdır.
Dəniz Kərimzadə
Minval.İnfo

