Bizim namizəd – sizin namizəd
9 fevral seçkiləri ilə bağlı ajiotaj yavaş-yavaş pik həddinə yaxınlaşır. Ortalıq da deyəsən bir az toz-dumana bürünüb. Seçki gününə hələ xeyli var, amma xüsusən də paytaxtda siyasi ehtiraslar güclənməkdə, hətta qarşılıqlı ittiham abı-havası sezilməkdədir.
Təbiidir. Ancaq seçki mədəniyyəti deyilən bir anlayış da var. Namizədlik üçün 450 imza toplaya bilməyən, 10 adamın tanımadığı, el-obasında, hətta məhəlləsində belə hörmət yiyəsi olmayan, Google axtarış sisteminin belə, tapa bilmədiyi, həyatda bərkdən-boşdan çıxmayan birisi gərək anlasın ki, deputatlıq onluq deyil. Özünə indiyədək gün ağlaya bilməyən biri, baxırsan ki, minlərlə seçicini ağ günə çıxarmaq istəyir.
Eləcə də illərdir parlamentdə başqasının halal yerini yağır eləmiş, heç bir müsbət işi, cəmiyyətə faydası ilə yadda qalmamış şəxslərin təzədən deputat olmaq eşqinə düşməsi sadəcə, ayıb. Görünür, bəziləri hələ də köhnə stereotiplərə ümid edir. Kimi indi öz gücünə, bilik və bacarığına, potensialına güvənərək seçkiyə gedir, kimi həmişəki kimi puluna-varına görə, kimi də “yuxarılar”a arxayın olaraq gedir. Şairin məşhur sözünü bir azca dəyişsək, belə yazmaq olar: kimisi seçkiyə elə gedir, kimisi belə gedir, kimisi də elə-belə gedir…
Ancaq hər kəs hamıdan yaxşı bilir ki, nəyə qadirdir və xalqın gözündə hansı dəyərdədir. Keçdiyi həyat yolu, qazandığı bilik və təcrübə, cəmiyyətdəki mövqeyi deputat adı daşımaq üçün kifayətdirmi? Xalqın müəyyən kəsimini parlamentdə təmsil etməyi haqq çatır, ya yox? “Hər kəsin dəyəri onun elmi, biliyi qədərdir” (Həzrəti Əli). Yox, əgər özünə güvənirsənsə, onda bu meydan, bu şeytan. Ancaq mübarizəni kişi kimi apar, qurşaqdan aşağı zərbələr vurma, mentaliteti, milli-mənəvi dəyərlərimizi, cəmiyyətin yazılmamış qanunlarını tapdalama!..
Deputatlığa layiqli namizədlərdən biri isə şübhəsiz, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğludur. Artıq o, 35 saylı Xətai 3-cü seçki dairəsindən iddiasını ortaya qoyub. Gələn ilkin rəylər, cəmiyyətdən verilən reaksiyalar göstərir ki, bu, doğru qərar, düzgün seçimdir.
Əminik, Rauf Arifoğlu ümummilli problemlərdə, Dağlıq Qarabağ məsələsində məhz xalqın nəbzini tutub da mövqe sərgiləyəcək millət vəkillərindən olacaq. Onun milli məsələlərdə güzəştsiz mövqeyi bizdən ötrü çoxdan daşlaşmış reallıqdır. Baş redaktorumuz olduğu üçün yazmırıq, gerçək bunu deyir ki, ona səs verənlər yanılmayacaq. Buna şəkkimiz yox.

Rauf Arifoğlu həm də xarakter etibarilə daim novatorluğa can atan, enerji dolu, gündəm yaratmağı bacaran şəxsdir. İdeya generatorudur. Onun parlamentdə olması yalnız işin xeyrinə olar, Milli Məclisin fəaliyyətinə yalnız sanbal, çeviklik, canlanma və məhsuldarlıq qatardı. Onu yaxşı tanıdığımız üçün, potensialına, diapazonuna bələd olduğumuz üçün, on illərdir yol gəldiyimiz üçün bunu əminliklə deyirik. Ona da əmik ki, Rauf Arifoğlu təkcə bir dairənin deyil, hamının namizədi olacaq. Odur ki, əziz seçici, inandığını seç, seçdiyinə inan! Rauf Arifoğlu sizi peşman eləməz. Heç olmasa, bir dəfə sınaya bilərsiniz…
Onu da unutmayaq ki, Azərbaycan öz tarixində yetərincə kritik bir dönəmdən keçir. Faktiki şəkildə ölkənin, onun idarəçilik sisteminin “təzədən formatlaşdırılması” prosesi başlayıb. Bu, mübaliğə deyil. Həqiqətən də qarşıdakı illər məmləkətimiz üçün, Qarabağımız üçün, bütövlükdə işğal altındakı torpaqlarımız üçün taleyüklü ola bilər.
Bu qəbildən bir çox qərarları, ola bilsin, həm də elə Ermənistanla sülh anlaşmasını məhz yeni Milli Məclis ratifikasiya etməli, əsas məsuliyyəti öz üzərinə götürməli olacaq. Azərbaycanın maraqları, ətrafımızda gedən mürəkkəb proseslər diktə edir ki, artıq başqa keyfiyyətdə, işlək və Prezident Administrasiyasının əlavəsi kimi deyil, hakimiyyətin müstəqil qanadı kimi fəaliyyətdə olacaq bir parlament formalaşsın.
Milli Məclisə təsadüfi adamların, yalnız ailəsini, qohum-əqrəbasını fikirləşən, ümummilli məsələlərdə susqun və ya bitərəf qalanların düşməsi yolverilməzdir. Parlament şəxsi biznes-planlar qurmaq üçün məkan deyil. Budəfəki Məclis gerçəkdən də xeyli dərəcədə xalqın Məclisi olmalıdır ki, üzərinə düşən tarixi məsuliyyəti doğru-dürüst dərk edərək, öz arxasında xalqı, elektoratı hiss edərək Azərbaycanın xeyrinə qərarlar verə bilsin.
Bundan ötrü təkcə vətənpərvər olmaq kifayət eləmir. Eyni zamanda, yüksək intellekt, peşəkarlıq, bilik və savad, intuisiya və siyasi fəhm, nəhayət, zəngin məlumat bazasına malik olmaq bacarığı tələb olunur. Rauf Arifoğunun bu keyfiyyətləri də daşıdığına heç kimin şübhəsi yoxdur. O, hətta ona səs verməyənlərin də sözünü, dərdini deyəcək, onların da deputatı ola biləcək xarakterin yiyəsi.
Sizə uzadılan əli sıxmağa dəyər.
Zahid Səfəroğlu


