Böyük sürətlə aşağıya doğru düşən liftdə necə sağ qalmaq olar
Liftlər insanlar üçün modern dövrün ən yararlı ixtiralarından biridir.
Şəhərlərdə məskunlaşma səviyyəsi artdıqca hündür mərtəbəli binaların sayı artır, əlbəttə bu binalarda da liftlər quraşdırılır. Ancaq hər bir insan ixtirası kimi liftlərdə də problemlər, qəzalar görülə bilir. Bakıda olan yaşayış binalarında liftlərə nəzarət yoxdur. Heç bir qurum bu məsələyə ciddi yanaşmır. Buna görə də, bir neçə gün öncə Xətai rayonunda bədbəxt hadisə baş verdi və 3 nəfər bina sakini ciddi xəsarət aldı.
Minval.İnfo bu səbəbdən sürətlə aşağı düşən liftdən necə sağ çıxmaq olar sualına cavab tapmağa çalışacaq.
Təsəvvür edək ki, 10 mərtəbəli bir binadan aşağı doğru liftlə düşürsünüz. Bu vəziyyətdən necə qurtulmaq yollarını düşünüb nəsə qərara alana kimi artıq iş-işdən keçmiş ola bilər. Çünki həmin liftin yerə çırpılması 5 saniyədən də qısa çəkəcək.
Yerə çatmamışdan öncə tullanmağa çalışmayın
Bir çoxumuz belə bir situasiyada, yerə çırpılma anında yuxarı doğru tullanmağı düzgün bir addım kimi düşünər. Beləliklə də ilk zərbədən qaçınmış olarsınız. Lakin bu ən çox edilən səhvlərdən biridir. Çünki yerə çırpılarkən tullanmaq zərbənin şiddətini insan üçün daha da artırar. Bundan əlavə yerə doğru düşən liftdə çəkisizlik şəraitində insan yuxarı doğru istər-istəməz qalxar.
Çantalarınızdan istifadə edin
Belə bir situasiyada çantalarınızın yanında olması sizi xilas edə bilər. Necə? Liftlə aşağı düşərkən zərbə gücünü azaltmaq üçün çantadan istifadə etmək olar. Çantanızı yerə qoyun və onun üzərinə çıxın. Əgər çantanız yekədirsə onun üstündə uzanın. Bu sizin zərbənin şiddətindən qaçınmağa kömək edər.
Düz dayanmayın
Düz dayanıb öz talehinizin həll olunmasını gözləyirsinizsə, yalan yerə gözləməyin. Çünki belə olanda ölüm və ya ölümcül xəsarət qaçınılmazdır. Masaçüset Univesitetinin professoru Dr.Elliot H.Frenkin fikrincə liftlə yerə çırpılma anında insan bədəni böyük yükə məruz qalır. Ağırlıq qüvvəsinin təsiri ilə insan ayaqları bu yükə tab gətirə bilməz. Bu halda dizlərinizi bükərək dayanmaq bu qüvvəni azaldar. Belə ki, hesablamalara görə lift çırpılarkən düz dayanan halda zərbənin gücü 6 milyon nyuton olar. Lakin dizlər 50 sm bükülü olanda bu qüvvə 120 min nyutona qədər düşər.
Yerə uzanmaq da çıxış yoludur
Bu variant bir qədər mübahisləlidir. Çünki bəzi alimlər lift düşərkən insanın uzanılı halda olmasının zərbə gücünün bədəndə bərabər paylanmasına səbəb olduğuna inanır. Ancaq liftlər yerə çırpılarkən liftin döşəməsinin böyük deformasiyalara uğrayacağını nəzərə alarsaq bu variant çox təhlükəli ola bilər. Daha çox yeni texnologiyalı liftlərdə bu variant faydalıdır. Çünki bu tip liftlərdə ən aşağı qatda zərbənin gücünü zəiflətmək üçün xüsusi cihazlar quraşdırılmış olur ki, bu da öz nöbəsində deformasiyaları azaldır.
Tamerlan




