Bu qadın xaricdə dincəlmək istəyənlərə 500 min “atıb” – VİDEO
Yay istirahətini xaricdə keçirmək istəyənlər diqqətli olsun. Çünki turizm sektorunda fırıldaqçılar peyda olub.
Minval.info xəbər verir ki, onlarla şəxs xaricə istirahətə göndərilmək adı ilə aldadılaraq pulları mənimsənilib. Şikayətçilər iddia edirlər ki, Günel Şıxıyeva adlı vətəndaş insanları aldadaraq onlara ucuz aviabilet və sərfəli turpaket vəd edib. Lakin pulları aldıqdan sonra müxtəlif bəhanələrlə onları aldadıb.
Məlumata görə, Günel Şıxıyeva ali təhsillidir. Ailəli olub boşanan Günel Şıxıyevanın bir azyaşlı uşağı var. Bu iş üzrə zərərçəkmişlərin sayı 8 nəfərdir. Belə ki, Günel Şıxıyeva onlardan xarici ölkələrə, xüsusən də Sinqapura turizm səfəri təşkil etmək adı ilə pul alıb. Aldığı pulun qarşılığında hətta müştərilərə təyyarə biletləri də satan Günel Şıxıyevanın əməlləri elə hava limanında üzə çıxırmış. Günel Şıxıyevadan turizm paketini alan müştəri hava limanına çatan zaman təyyarə biletinin saxta olduğunu öyrənirmiş.
Şikayətçilər deyir ki, “turizmçi” hazırda öz işinin başındadır və qurbanlarının sayı günü-gündən artır. Minval.info-nun əldə etdiyi məlumata görə, Günel Şıxıyeva barəsində şikayətlər həddən artıq çoxdur. Hazırda G.Şıxıyevanın işi Bakı Ağır Cinayətlər Məhkəməsində aparılır və o, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.
Onun qurbanları arasında tanınmış şəxslər, professorlar, “Start travel” və bu kimi müxtəlif şirkət rəhbərləri var. Zərərçəkmişlər iddia edirlər ki, Günel Şıxıyeva barəsində edilən çoxsaylı şikayətlərdən sonra uşaq dünyaya gətirməyi planlaşdırıb: “Özü bizə deyirdi ki, gedin hara istəyirsinizs şikayət edin. Onsuz da həbs edilməyəcəyini söyləyirdi. Bu hadisələr 2016-cı ildən başlayıb. Günel dedi ki, bir uşaq dünyaya gətirəcəm, uşağım olsa, məni tutmayacaqlar. Elə də oldu. İndi onun 1 yaşında uşağı var və azadlıqdadır”.
Əldə etdiyimiz məlumata görə, Günel Şıxıyevanın atasının adı Oqtaydır və o vaxtı ilə prokurorluqda çalışıb. Hətta zərərçəkmişlərdən biri ilə görüşüb, ona vəd də verib. G.Şıxıyevanın qurbanı olan “Start travel” turizm şirkətinin təsisçisi və direktoru məhkəmədə ifadə verərkən bildirib ki, G.Şıxıyeva rəhbərlik etdiyi şirkətə gələrək onlarla əməkdaşlıq təklif edib: “Onun müştəri bazası da var idi. Əvvəlcə işləyərkən heç bir problem yox idi. Şirkətə müştərilər də cəlb edirdi. Əvvəlcə nağd işləyirdik. Sonra biletləri sifariş verdikdən sonra ödənişləri etməyə başladı. Bu problemlər isə həmin ərəfədə yay aylarında, müştərilərin çox olduğu ərəfədə baş verdi. Ödənişləri etmədi, mən dəfələrlə ona zəng edib səbəbini soruşdum. Müxtəlif bəhanələr gətirdi. Mən onu axtarmağa başladım. Evlərinə getdim. Atası Oqtay müəllimlə görüşdüm. Keçmiş prokurorluq əməkdaşıdır. O, mənim və zərərçəkmiş Kəmalə xanımın pulunu verəcəyini dedi. Əvvəlcə 5 min dollar ödədi. Dedi ki, obyekti var, oradan aldığı pulla borcları ödəyəcək. Amma sonradan ödəmədi. Bu məqsədli şəkildə qurulmuş işlərdir. Bu xanım indi də dayanmır. İstintaq zamanı onun xeyli əməli üzə çıxdı. Günel indi də eyni əməllərə davam edir. Burdan çıxıb yenə də həmin işləri görəcək”.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Minval.info


