Bu şəxslərin pensiyalarında dəyişiklik olacaq!- Yeni hesablanma qaydası
“Əmək pensiyaları haqqında” Qanuna təklif edilən son vacib dəyişikliklərdən biri də ailə üzvlərinin birinin dünyasının dəyişməsinə görə pensiyaların hesablanması qaydası ilə bağlıdır.
Bakupost.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, ailə üzvlərindən biri, ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş yoldaşı və övladları istisna olmaqla, öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud ailə başçısını itirməyə görə müavinət istisna olmaqla sosial müavinəti aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır.
Bu isə həmin şəxslərin əmək pensiyalarının yenidən hesablanması yolu ilə artmasına səbəb olacaq. Eyni zamanda, vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınacaq: “Bu dəyişikliyin mahiyyəti bundan ibarətdir ki, mövcud qanunvericiliyə əsasən, yaşa, yaxud əlilliyə görə pensiya alan şəxs ailə başçısını itirdikdə və ailə başçısını itirməyə görə də pensiya hüququ yarandıqda öz pensiyasını seçirsə, ona hesablanan pensiya məbləği digər ailə üzvləri arasında bölüşdürülmür. Təklif edilən dəyişikliklərə əsasən, ailə başçısını itirməyə görə pensiya hüququ olan şəxs digər növ əmək pensiyasını və ya sosial müavinəti seçdikdə, ona hesablanan pensiya məbləği digər ailə üzvləri arasında bölüşdürüləcək və bu da onların gəlirlərinin artmasına səbəb olacaq”.

