Bukmeker kontorunda mərc predmeti olası məsələ

Bu, yeni trend deyil, sovet vaxtından belədir: ölkənin ən böyük siyasi hadisəsi nazir dəyişikliyidir.  Bir rayonun rəhbərinin dəyişdirilməsi də həmin gün, eləcə də sonrakı bir həftədə həmin rayonun əhalisi üçün ən vacib məsələdir.

Mütləq hamı bu mövzuda danışacaq, dəyişikliyi müzakirə edəcək, vəzifədən götürülənə dair rəy bildirəcək, yeni gələnə aid bilgiləri toplayacaq, tirajlayacaq.

Dünənə qədər heç kəsin tanımadığı, hansısa nazirin müavini olan şəxs yüksək vəzifəyə təyinat aldığı andan etibarən ölkənin ən tirajlı adamına çevrilə bilir.

Gedəni söymək, gələni öymək də milli kadr siyasətimizin özəllikləri sırasında baş yerdədir.

Vəzifədən götürülənin söyülməməsi, “nazirliyi batırdı, getdi”, “bunun yerinə gələn zülm çəkməyə gəlir” deyilməməsi yalnız o halda ola bilər ki, “gedən” adam daha yüksək vəzifəyə təyin edilsin.

O halda artıq çoxları “batırdı, getdi” ritorikasından imtina edəcək, “əminik ki, burda qazandığı təcrübə yeni postunda ona faydalı olacaq” kimi sözlər deyəcəklər.

Bu da milli riyakarlığın özəllikləri sırasına daxildir.

Keçmiş təhsil naziri Mikayıl Cabbarovla bağlı həmin təmayülü müşahidə edirik. Cabbarovun tərk etdiyi nazirliyin işçiləri onun arxasınca “batırdı, getdi” rubrikasından ittihamlar səsləndirmirlər. Əgər Mikayıl müəllim “vurulsaydı”, onda görərdik, nələr danışılır.

Hazırda isə o, daha mühüm nazir postuna gətirilib, öyülməsi, mədh olunması təbiidir.

Dəyişən nazirlərin rəhbərlik etdiyi strukturda çalışan minlərlə adamla yanaşı, geniş ictimaiyyət də bu kimi məsələlərə ciddi maraq göstərir, geniş müzakirələr aparır.

Cabbarov artıq ölkədə xeyli dərəcədə tanındığından, iş prinsipi, xasiyyəti çoxlarına bəlli olduğundan onunla bağlı gözləntilər böyük deyil. Hamı əmindir ki, o, Təhsil Nazirliyində çalışdığı kimi işləyəcək – nə artıq, nə əskik.

Əvəzində təhsil naziri kürsüsünün boş saxlanması xalq yaradıcılığının çiçəklənməsinə yol açıb. O gündən bəri çoxları yeni nazirin kim olacağını proqnozlaşdırmağa çalışır.

Xarici ölkələrdə olsaydı, bukmeker kontorları şanslı namizədlərin adlarını kupona yazıb mərc-filan təşkil edər, proqnozu düz çıxana böyük pul uduşu vəd edərdilər.

Yəni məsələ o qədər yoğunlayıb və populyarlaşıb.

İnsafən, çoxları təhsil sferasında yaxşı tanınan, müəyyən fəaliyyətləri və xidmətləri olan adamların adlarını çəkir, nazir vəzifəsinə layiq bilirlər.

Bir tendensiya da var ki, bəziləri özlərinə sərf edən namizədi qabağa verməklə məşğuldur. Bu xüsusda yerlibazlıq, dostbazlıq edənlər də var.

Hər kəs də bilir ki, bu təkliflərin, iddiaların heç bir təqlinedici rolu, təsiri yoxdur, sonda yekun qərarı dövlət başçısı verəcək və o, yəqin ki, artıq nazir axtarışında deyil, öz namizədini çoxdan müəyyənləşdirib, sadəcə, zamanı gələndə qərarını açıqlayacaq.

Ancaq nazir təyinatlarına qarşı bu qədər həssas münasibət göstərir ki, ölkəmizdə çox şeydə anormallıq olduğu kimi, kadr siyasətinə yanaşmada da var.

Əslində hansı struktura kimin rəhbərlik edəcəyinin ölkə əhalisinə, vergi ödəyənlərə dəxli olmamalıdır. O mənada ki, nazir postuna kim təyin edilir, edilsin, adam işinin peşəkarı, siyasət adamı olmalıdır, diletant olmamalıdır.

Belə olandan sonra yeni nazirin şəxsiyyəti, harada doğulması, hansı klana mənsub olması, qohumlar, dostlar dairəsi heç kəs üçün önəmli səciyyə daşımaya bilər.

Ancaq bizdə cəmiyyətin mühüm bir kəsimi bu kimi məsələlərə soyuqqanlı, neytral yanaşa bilmir. Bunun da xüsusi səbəbləri var. Bizdə on minlərlə adam bu dəyişikliklərdən şəxsi planda yararlanmaq imkanının açılıb-açılmayacağını düşünür.

Təbii ki, ümumi mənafe güdənlər də çoxdur. Xüsusilə də təhsil sferasındakı önəmli dəyişikliklər, o cümlədən nazir rotasiyası bu ölkədə az qala hər bir ailəni maraqlandırır. Çünki az qala hər bir şəxsin şagird, tələbə əzizi var və onların təhsili ilə bağlı əndişələr yaşanır.

Bu baxımdan yeni təhsil nazirinin kim olacağının cəmiyyətdə bu sayaq aktiv müzakirəsini ümumi maraqlar kontekstində izah edək, getsin.

Xalid Kazımlı

Yazarlar

Nəşr edilib: 2017/12/08 15:13

Baxış: 195


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06