Cabbarov üçün Ehud Barak örnəyi

Bizə indi-indi gəlir çıxır, amma İsraildə 60 ildir ki, bu cürdür. Eyni adamın müxtəlif nazir postlarını tutmasını deyirəm. Məsələn, İsrailin baş naziri olmuş Ariel Şaron buna qədər xarici işlər naziri də olub. Ondan əvvəl isə cənab Şaron enerji və su ehtiyatları naziri vəzifəsini tutub. Bir ara yenidənqurma və inşaat naziri (yeri gəlmişkən, bu, çox qəşəng nazirlikdir, bizdə də olsa yaxşı olar) işləyib. Ondan əvvəl bu adam sənaye, ticarət və əmək naziri vəzifəsində çalışıb. Lap əvvəllər isə o, İsrailin müdafiə naziri də olub, ad qoyub. Bir sözlə, Ariel Şaron 5 müxtəlif nazirliyə rəhbərlik edib, axırda da baş nazir olub.
Sabiq prezident Şimon Peres də İsrail yaranan gündən ta ölən gününə qədər müxtəlif postlarda – yüksək dövlət vəzifələrində işləyib. İshaq Rabin də onun kimi.
Ölkənin indiki baş naziri Benyamin Netanyahu maliyyə naziri də olub, rabitə naziri də, tikinti naziri də, din işləri naziri də, diaspora naziri də, ədliyyə naziri də, elm, mədəniyyət və idman naziri də, xarici işlər naziri də… Ayrıca iki dəfə baş nazir olub. Sonradan yəqin prezident də olacaq, ya da metropoliten idarəsinin rəisi…
Məkri-zənən fitnə-felinə məruz qalan və zorlama üstündə türməyə düşən 8-ci prezident Moşe Katsav isə cəmi 3 fərqli nazirliyə rəhbərlik edib – əvvəlcə əmək və əhalinin sosial müdafiəsi naziri olub, sonra nəqliyyat naziri işləyib, daha sonra turizm naziri postunda çalışıb. Çıxandan sonra penitensiar xidmətin rəisi ola bilər.
Ehud Barakın rəhbərlik etdiyi nazirliklərin siyahısı belədir (üstdən aşağı): Müdafiə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Təhsil Nazirliyi, baş nazir, Müdafiə Nazirliyi (birinci dəfə), Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi.
Göründüyü kimi, Ehud müəllim öz nazirlik karyerasına DİN rəhbəri olaraq başlayıb, XİN rəhbəri də olub, arada kənd təsərrüfatı və turizm işinə də baxıb, baş nazir də olub, ayrıca iki dəfə müdafiə naziri postunda oturub.
Onun adaşı, keçmiş baş nazir Olmert isə əvvəlcə Yerusəlimin meri olub, sonra maliyyə, daha sonra isə ticarət və sənaye naziri postlarını tutub.
Bu siyahını uzatmaq və İsraildə nazir postu tutan yüzlərlə adamın adını salmaq olar. Çünki hamısı ayrı-ayrı vaxtlarda ən azı 3 müxtəlif nazirliklərə rəhbərlik ediblər, partiyaları hər dəfə seçkidə qalib gələndə onlar öz köhnə iş yerlərinə qayıtmayıblar, başqa nazirliklərə rəhbərlik etməyə gediblər.
Prinsipcə, bu üsulun yanlış olduğu, özünü doğrultmadığı deyilə bilməz. İsrailin gücü, qüdrəti, tərəqqisi göz önündədi. Bizim Qarabağ boyda bir yerdir, amma nüvə bombası da var.
Dediyim odur ki, keçmiş təhsil naziri Mikayıl Cabbarovun yeni vəzifəyə – vergilər naziri postuna təyin olunması gərək bizə çöçün gəlməsin. Burda yalnız İsraildən misal gətirdim, amma yüksək inkişafı olan digər ölkələrdə də, oxumuş adamların sözü olmasın, analoji presedentlər (öz dilimizdə desək, həbelə şeylər) var.
Sadəcə, camaat bu xüsusda niyə pessimistdir, deyim. Bizə elə gəlir ki, köhnə vəzifəsini yarıtmayan adam yeni vəzifəsini də becərə bilməz. Bu da yanlış düşüncədir. Adamın təcrübəsi artdıqca faydalılığı da artır. Ayrıca Mikayıl müəllim sədaqətli adamdır. Biz onun adını ilk dəfə Barselonaya uçan təyyarədə düşdüyü qalmaqal zamanı eşitmişdik. Fatih Çəkirgə adlı bir yazar yazmışdı ki, guya Cabbarov stüardessaya deyib ki, sən heç bilirsənmi mən kiməm. Amma sonra məlum oldu ki, bu sözü, kimsə başqa adam deyib, sadəcə, cənab Cabbarov da təyyarədəymiş, məsələyə müdaxilə edib, ortalığı sakitləşdirib. Vəssalam.
Ona görə də gəlin pessimist olmayaq, bəzi iqtidarpərəstlərin sözü olmasın, yeni nazirə vaxt verək (guya ki, vaxt verməsək işləyə bilməyəcək).
Əgər artıq bizdə də İsraildəki nazirdəyişmə təcrübəsi tətbiq ediləcəksə, onda başqa gözlənilməz, sürpriz variantlar da mümkündür. Təki Səfər Əbiyev Ehud Barak kimi təzədən gəlib müdafiə naziri olmasın. Elə olsa, şok olarıq və şokdan çıxa bilmərik, hətta komaya girib, qapısını-pəncərəsini bağlayarıq.

